
“Bu gün dünyanın geosiyasi mənzərəsi getdikcə daha gərgin və qeyri-sabit xarakter alır. Müxtəlif regionlarda alovlanan münaqişələr, uzunmüddətli müharibələr artıq beynəlxalq təhlükəsizlik sisteminin əsas təhdidinə çevrilib. Hazırda planetin müxtəlif nöqtələrində davam edən silahlı qarşıdurmalar göstərir ki, siyasi iradə, strateji baxış və milli güc amili olmadan sabitlik və ədalət əldə etmək mümkün deyil”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamaasında Milli Məclisin deputatı Elnarə Akimova söyləyib.
E.Akimova bildirib ki, xüsusilə Rusiya–Ukrayna müharibəsi artıq illərdir ki, davam edir və hələ də sonu görünmür: “Bu müharibə minlərlə insanın həyatına son qoyub, şəhərləri xarabalığa çevirib, iqtisadiyyatları sarsıdıb. Ən önəmlisi isə, bu qarşıdurma göstərdi ki, müasir müharibələrdə qələbə anlayışı belə çox zaman nisbi xarakter daşıyır – tərəflər tükənir, lakin nəticə qeyri-müəyyən qalır. Belə bir mürəkkəb beynəlxalq fon qarşısında Azərbaycanın əldə etdiyi nəticə isə tamamilə fərqli və nadir bir nümunə kimi seçilir. 44 gün ərzində əldə olunan qələbə təkcə hərbi uğur deyil, həm də siyasi, diplomatik və strateji zəfərin vəhdəti idi. Bu qələbə göstərdi ki, düzgün qurulmuş dövlət siyasəti, milli birlik və qətiyyətli liderlik olduqda, ən mürəkkəb problemlər belə qısa müddətdə həll oluna bilər”.
O vurğulayıb ki, bu uğurun mərkəzində isə heç şübhəsiz ki, möhtərəm Prezidentimiz cənab Ali Baş Komandan İlham Əliyev dayanır: “Onun liderliyi, qətiyyəti və prinsipiallığı Azərbaycanın taleyüklü anlarında həlledici rol oynadı. Prezident İlham Əliyev uzun illər ərzində həm döyüş meydanına, həm də diplomatik masaya paralel şəkildə hazırlaşan bir strateq kimi çıxış etdi. O, hər addımı zərgər dəqiqliyi ilə ölçüb-biçərək həm hərbi əməliyyatların gedişini, həm də beynəlxalq münasibətlər sistemində Azərbaycanın mövqeyini məharətlə formalaşdırdı. 44 günlük Vətən müharibəsi zamanı bu strateji baxış açıq şəkildə özünü göstərdi. Ordunun modernləşdirilməsi, texnoloji üstünlüyün təmin olunması, informasiya müharibəsində aktiv mövqe illərlə aparılan məqsədyönlü siyasətin nəticəsi idi. Azərbaycan əsgərinin qəhrəmanlığı və rəşadəti isə bu siyasətin canlı təcəssümünə çevrildi”.
Deputatın sözlərinə görə, 2023-cü ildə həyata keçirilən antiterror əməliyyatı isə bu strategiyanın məntiqi davamı kimi tarixə düşdü: “Qısa müddət ərzində suverenliyin tam bərpası Azərbaycanın dövlət olaraq nə qədər sistemli və ardıcıl hərəkət etdiyini bir daha sübut etdi. Bu, təkcə hərbi gücün deyil, həm də siyasi uzaqgörənliyin və prinsipial mövqenin nəticəsi idi. Prezident İlham Əliyevin tezisləri bu qələbənin fəlsəfi əsasını təşkil edir: milli maraqlar hər şeydən üstündür; suverenlik danışıqlar mövzusu deyil; ədalət gec də olsa bərpa olunmalıdır. Bu yanaşma həm daxili siyasətdə, həm də beynəlxalq arenada Azərbaycanın davranış modelini müəyyənləşdirdi. O, dəfələrlə vurğulayırdı ki, Azərbaycan heç vaxt ərazi bütövlüyündən imtina etməyəcək və bu prinsip sonda reallığa çevrildi. Bu gün dünyada davam edən münaqişələr fonunda Azərbaycan nümunəsi göstərir ki, qətiyyətli liderlik, strateji düşüncə və milli həmrəylik olduqda mütləq qələbə mümkündür. Bu qələbə təkcə hərbi sahədə deyil, həm də siyasi iradənin, düzgün hesablanmış addımların və dəyişməz prinsipial mövqenin təntənəsidir”.
Röya İsrafilova