Səbaildə “Qərbi Azərbaycanın Memarlıq İrsi” mövzusunda tədbir keçirilib Cəmiyyət

Səbaildə “Qərbi Azərbaycanın Memarlıq İrsi” mövzusunda tədbir keçirilib

Səbail Rayon İcra Hakimiyyətində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Qərbi Azərbaycan həqiqətlərinə həsr olunmuş “Tarixi yaddaşdan gələcəyə: Qərbi Azərbaycanın Memarlıq İrsi” mövzusunda tədbir keçirilmişdir. Tədbirin məqsədi Qərbi Azərbaycanın zəngin memarlıq irsinin təbliği, tarixi yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində maarifləndirmə işinin gücləndirilməsi olmuşdur.

Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Kəmalə Həşimova, RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Qabil Vahidov, RİHBA-nın məsul əməkdaşları, Qərbi Azərbaycan İcmasının Səbail rayonu üzrə nümayəndəsi Əpoş Vəliyev, YAP Səbail Rayon Təşkilatının nümayəndəsi Əfəndi İbrahimli, AR Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Səbail rayonu üzrə sektor müdiri Aqşin Hüseynli, Səbail Rayon Ağsaqqallar Şurasının sədri Baba Bayramlı, İnkişafa və İslahatlara Dəstək İctimai Birliyinin sədri Ramil Əliyev, AR Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin üzvü, polkovnik-leytenant Bəhram Ağakişiyev, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin Səbail rayon şöbəsinin sədr müavini İpək İsmayılova və Səbail Rayon Veteranlar Təşkilatının sədri Adilə Yaqubova iştirak etmişlər.

Çıxışlar zamanı vurğulanmışdır ki, Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası nəticəsində Azərbaycan xalqının tarixi-mədəni irsinin qorunması və təbliği daim prioritet istiqamətlərdən biri olmuşdur. Bu siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə şəhərsalma və memarlıq sahəsində həyata keçirilən genişmiqyaslı layihələr, eləcə də azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri milli irsin qorunmasına və inkişafına xidmət edir.

Tədbir zamanı Qərbi Azərbaycan İcmasının müvafiq əmrinə əsasən Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunda Qərbi Azərbaycan folkloru şöbəsinin aparıcı elmi içşisi, filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev Qərbi Azərbaycan İcmasının Səbail rayonu üzrə nümayəndəsi təyin olunması ilə əlaqədar rayon ictimaiyyətinə təqdim edilmişdir.

Tədbir çərçivəsində Qərbi Azərbaycanın memarlıq nümunələrinin tarixi əhəmiyyəti, onların qorunması zərurəti və bu istiqamətdə ictimai təşəbbüslərin rolu müzakirə olunmuşdur. Qərbi Azərbaycan İcmasının Səbail rayonu üzrə nümayəndəsi Əpoş Vəliyev qeyd etmişdir ki, nümayəndəliyin fəaliyyəti Qərbi Azərbaycan irsinin təbliği, ictimai maarifləndirmə və bu istiqamətdə əlaqələndirmə işlərinin gücləndirilməsinə xidmət edəcəkdir. Sonda tədbir iştirakçıları bu kimi layihələrin davamlı xarakter daşımasının vacibliyini vurğulamış və gələcəkdə daha genişmiqyaslı tədbirlərin keçirilməsinin əhəmiyyətini qeyd etmişlər.