
“Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə “Böyük Qayıdış” proqramı çərçivəsində həyata keçirilən siyasət dövlətin uzunmüddətli inkişaf strategiyasının mühüm tərkib hissəsidir”.
Bu fikirləri Millət vəkili Mehriban Vəliyeva “xalqcebhesi.az”a açıqlaması zamanı söyləyib.
Onun sözlərinə görə, növbəti mərhələdə qarşıya qoyulan əsas məqsəd təkcə keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışını təmin etmək deyil, eyni zamanda həmin ərazilərdə dayanıqlı məskunlaşma modelini formalaşdırmaq, iqtisadi dirçəlişi sürətləndirmək və təhlükəsizlik mühitini tam təmin etməkdir: “Bu istiqamətdə dövlət siyasətinin əsas prioritetlərindən biri müasir və dayanıqlı yaşayış infrastrukturunun qurulmasıdır. Prezident İlham Əliyev rəhbərliyi ilə azad olunmuş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları tətbiq olunur, ekoloji cəhətdən təmiz enerji mənbələrinə əsaslanan yaşayış məntəqələri salınır. “Artıq Zəngilanın Ağalı kəndi, Laçın, Füzuli və digər bölgələrdə həyata keçirilən layihələr bu modelin uğurla icra olunduğunu göstərir”, – deyə o vurğulayıb”.
M.Vəliyeva bildirib ki, yeni tikilən yaşayış kompleksləri, məktəblər, xəstəxanalar, inzibati binalar və sosial obyektlər sakinlərin rahat və təhlükəsiz həyatını təmin etməyə yönəlib: “Məskunlaşmanın əsas şərtlərindən biri də məşğulluğun təmin olunmasıdır və bu baxımdan iqtisadi aktivliyin artırılması xüsusi əhəmiyyət daşıyır. “Azad olunmuş ərazilər artıq ölkənin yeni iqtisadi inkişaf mərkəzlərinə çevrilir. Burada sənaye parkları və məhəllələri yaradılır, kənd təsərrüfatı, turizm, logistika və yaşıl enerji sahələrinə investisiyalar cəlb olunur”.
O qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında sahibkarlığın inkişafı üçün əlverişli biznes mühiti formalaşdırılıb, vergi və gömrük güzəştləri tətbiq olunur: “Bu addımlar həm yerli əhalinin məşğulluğunu artırır, həm də regionun iqtisadi cəlbediciliyini gücləndirir. Təhlükəsizlik məsələsi “Böyük Qayıdış” proqramının ən mühüm komponentlərindən biridir. İşğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı mina təmizləmə işləri aparılır, müasir təhlükəsizlik infrastrukturu qurulur və sabitlik təmin edilir. Eyni zamanda, müasir nəqliyyat və kommunikasiya xətləri – avtomobil yolları, dəmir yolları və beynəlxalq hava limanları regionun əlçatanlığını artırır. Sosial rifahın yüksəldilməsi də dövlət siyasətinin ayrılmaz hissəsidir. Qayıdan əhali üçün sosial müdafiə tədbirləri gücləndirilir, təhsil və səhiyyə xidmətlərinin keyfiyyəti artırılır. Dövlət tərəfindən təqdim olunan güzəştlər və dəstək mexanizmləri insanların yeni həyat şəraitinə uyğunlaşmasını asanlaşdırır.“Böyük Qayıdış” proqramının növbəti mərhələsi kompleks və çoxşaxəli yanaşmaya əsaslanır. “Əsas məqsəd azad olunmuş əraziləri Azərbaycanın ən inkişaf etmiş, təhlükəsiz və müasir regionlarından birinə çevirməkdir. Prezident İlham Əliyevin siyasi iradəsi və ardıcıl siyasəti nəticəsində Qarabağ və Şərqi Zəngəzur sürətlə dirçəlir və ölkənin ümumi inkişafında aparıcı mövqelərdən birini tutmağa doğru irəliləyir”.
Günel Elxan