“Sülh prosesində Konstitusiya…” Siyasət

“Sülh prosesində Konstitusiya…”

“Ermənistan Konstitusiyası ətrafında aparılan müzakirələr sülh prosesi baxımından həm hüquqi, həm də siyasi baxımdan həlledici əhəmiyyət daşıyır.”

Bunu politoloq Rəşad Bayramov “xalqcebhesi.az”-a açıqlaması zamanı deyib.

Onun sözlərinə görə, Konstitusiyanın preambulasında Müstəqillik Bəyannaməsinə istinadın saxlanılması və həmin sənəddə Azərbaycana qarşı ərazi iddialarının mövcudluğu sülh sazişinin dayanıqlılığına birbaşa təsir göstərən əsas faktorlardandır: “Bu məsələ sadəcə hüquqi texniki detal deyil, əksinə, gələcək sülhün davamlılığını müəyyən edən strateji amildir”.

Nikol Paşinyan-ın bu istiqamətdə səsləndirdiyi fikirlərə də toxunan Rəşad Bayramov qeyd edib ki, Konstitusiyada istinadın qalması münaqişə risklərinin tam aradan qalxmadığı kimi şərh oluna bilər: “Ona görə də bu dəyişikliklər təkcə daxili hüquqi islahat kimi deyil, eyni zamanda regional sülhün təminatı kimi qiymətləndirilməlidir”.

Politoloq vurğulayıb ki, Azərbaycanın irəli sürdüyü mövqe də məhz uzunmüddətli sabitliyin təmin olunmasına yönəlib: “Əgər Konstitusiya səviyyəsində ziddiyyətli müddəalar aradan qaldırılarsa, bu, sülh sazişinin imzalanması üçün real hüquqi zəmin yaradacaq və etimad mühitini gücləndirəcək. Əks halda isə proses daim risk altında qalacaq”.

Günel Elxan