“Bu məlumatların yayılması regionda həssas olan siyasi balansı təsir altına salır” Siyasət

“Bu məlumatların yayılması regionda həssas olan siyasi balansı təsir altına salır”

“Son günlər informasiya məkanında yayılan video ilə bağlı müzakirələr genişlənib və materialda Avropa strukturlarına mümkün təsir kanalları, lobbi fəaliyyəti və siyasi qərarlara dolayı müdaxilə iddiaları ön plana çıxır”.

Bunu xalqcebhesi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva bildirib.

Politoloq deyib ki, iddialarda BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin sabiq prokuroru kimi təqdim olunan Luis Moreno Ocampo və onun oğlu tərəfindən səsləndirildiyi deyilən fikirlər, xüsusilə Avropa institutları daxilində təsir imkanları və regional məsələlərə yön vermək cəhdləri ilə bağlı müzakirələri daha da intensivləşdirib: “Bununla yanaşı, Ermənistanın daxili siyasi gündəminə dair səsləndirilən ehtimallar, o cümlədən hakimiyyət dəyişikliyi ssenarilərinin müzakirə olunması iddiası mövzunu yalnız beynəlxalq deyil, daxili siyasi sabitlik baxımından da aktuallaşdırır. Hərçənd bu məlumatların rəsmi təsdiqi yoxdur, onların yayılması belə regionda həssas olan siyasi balansı təsir altına salır”.

Z.Qarayeva əlavə edib ki, belə bir informasiya fonu Cənubi Qafqazda davam edən normallaşma prosesinə əlavə risklər yaradır: “Çünki tərəflər arasında onsuz da zəif olan etimad mühiti daha da sarsıla bilər. Əgər beynəlxalq institutlar vasitəsilə dolayı təsir cəhdləri ilə bağlı şübhələr dərinləşərsə, bu, danışıqların obyektivliyinə kölgə sala və siyasi prosesləri daha çox geosiyasi rəqabət müstəvisinə keçirə bilər”.

Onun sözlərinə görə, digər tərəfdən, bu cür iddialar Avropa İttifaqının institusional nüfuzu üçün də sınaqdır və qərarvermə mexanizmlərinin şəffaflığı ilə bağlı suallar yaradır: “Bu şəraitdə Avropa qurumlarının yalnız mövqe bildirməsi kifayət etmir, eyni zamanda, daxili nəzarət mexanizmlərinin gücləndirilməsi, lobbi fəaliyyətlərinin açıq tənzimlənməsi və ictimai hesabatlılığın artırılması zərurətə çevrilir”.

Röya İsrafilova