
Cənubi Qafqaz bu gün qlobal güclərin maraqlarının toqquşduğu həssas bir coğrafiya olmaqla yanaşı, həm də böyük iqtisadi və logistik imkanların mərkəzinə çevrilməkdədir. 44 günlük Vətən müharibəsindən sonra yaranmış yeni reallıqlar bölgədə davamlı sülhün və əməkdaşlığın təmin olunması üçün regional formatların aktuallığını artırıb. Bu kontekstdə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən "3+3" platforması (Azərbaycan, Türkiyə, Rusiya, İran, Gürcüstan və Ermənistan) bölgənin gələcək təhlükəsizlik arxitekturası üçün ən real və perspektivli model hesab olunur.
Politoloqların fikrincə, bu mexanizm region dövlətlərinin problemləri kənar müdaxilə olmadan, birbaşa dialoq yolu ilə həll etməsinə imkan yaradan yeganə strateji platformadır.
“3+3” modelinin əhəmiyyəti”
Mövzuyla bağlı “Xalq Cəbhəsi”nə açıqlama verən politoloq Azad Məsiyev deyib ki, “3+3” platforması regionda sabitliyin və əməkdaşlığın təmin olunması baxımından mühüm təşəbbüsdür.
Politoloq bildirib ki, “3+3” ideyası Azərbaycan Prezidenti tərəfindən irəli sürülmüş və regionun gələcəyinə hesablanmış təşəbbüsdür: “Bu ideya Cənubi Qafqazda sülhün, əmin-amanlığın və inkişafın təmin olunması məqsədilə irəli sürülüb. Region dövlətlərinin və qonşu ölkələrin qarşılıqlı əməkdaşlığı olmadan davamlı sabitliyə nail olmaq mümkün deyil. Mövcud problemlərin regional formatda həlli daha məqsədəuyğun hesab olunur.Əgər bölgədə hansısa problem mövcuddursa, onun məhz region dövlətlərinin iştirakı ilə həlli daha optimal variantdır. Çünki kənar qüvvələrin bölgəyə müdaxiləsi Cənubi Qafqazda sabitliyin pozulmasına gətirib çıxara bilər”.
Politoloq vurğulayıb ki, Cənubi Qafqaz qlobal güclərin maraqlarının toqquşduğu həssas bölgələrdən biridir: “Qərb dünyası Cənubi Qafqazı öz təsir dairəsinə salmağa və region dövlətlərindən müəyyən geosiyasi məqsədlər üçün istifadə etməyə çalışır. Gürcüstanın Baş nazirinin Avropa İttifaqının təzyiqləri ilə bağlı açıqlamaları da bunu təsdiqləyir. Belə yanaşmalar regionun təhlükəsizliyi üçün ciddi risk yarada bilər. “3+3” formatı regionun təhlükəsizliyi və tərəqqisi baxımından mühüm platformadır. Hesab edirəm ki, gec-tez region dövlətləri bu platforma çərçivəsində daha sıx əməkdaşlığa üstünlük verəcəklər və mövcud problemlərin həlli də məhz bu format daxilində mümkün olacaq”.
Ermənistan revanşizmdən imtina etsə…
Politoloq Elman Telmanoğlu diqqətə çatdırıb ki, “3+3” mexanizmi Cənubi Qafqazda uzunmüddətli sülh və iqtisadi əməkdaşlıq üçün real platforma hesab oluna bilər.
Politoloq qeyd edib ki, bu format region ölkələrinin problemləri kənar müdaxilə olmadan, birbaşa dialoq yolu ilə həll etməsinə imkan yaradır: “3+3 mexanizminin əsas üstünlüyü region dövlətlərinin ortaq maraqlar əsasında əməkdaşlıq etməsi və mövcud problemlərin regional çərçivədə həllinə şərait yaratmasıdır.
Platforma iqtisadi əməkdaşlığın genişlənməsi baxımından da mühüm əhəmiyyət daşıyır.
Bu format nəqliyyat xətlərinin açılması, ticarətin genişlənməsi, enerji və logistika layihələrinin inkişafı üçün yeni imkanlar yaradır. Xüsusilə regional kommunikasiyaların bərpası iqtisadi inteqrasiyanı gücləndirə və qarşılıqlı asılılığı artıraraq siyasi gərginliyi azalda bilər”.
Politoloqun sözlərinə görə, platformanın uğuru region ölkələrinin siyasi iradəsindən asılıdır: “Ermənistanın revanşist siyasətdən imtina etməsi və regional əməkdaşlığa real maraq göstərməsi bu prosesdə əsas amillərdən biridir. Əgər region dövlətləri qarşılıqlı etimad və əməkdaşlıq mühitini gücləndirə bilsələr, bu format uzunmüddətli sabitlik üçün ciddi nəticələr verə bilər.“3+3” təşəbbüsü regionun gələcəyi baxımından ən perspektivli platformalardan biridir.Bütün çətinliklərə baxmayaraq, bu mexanizm Cənubi Qafqazda əməkdaşlıq, təhlükəsizlik və iqtisadi inkişaf üçün ən real və perspektivli təşəbbüslərdən biri hesab oluna bilər”.
“Strateji platforma”
Politoloq Şakir Ağayev söyləyib ki, “3+3” formatı region dövlətlərinin maraqlarına xidmət edən mühüm əməkdaşlıq platformasıdır: “3+3” formatı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təsadüfi şəkildə irəli sürülməyib. Azərbaycan artıq uzun illərdir regionla bağlı müxtəlif ikitərəfli və çoxtərəfli əməkdaşlıq formatlarında iştirak edir. Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Rusiya-Türkiyə, Azərbaycan-İran kimi formatlar bunun nümunəsidir. Yəni Azərbaycan region dövlətləri ilə əməkdaşlıq təcrübəsinə malikdir və “3+3” platforması da bu siyasətin davamıdır”.
Ş.Ağayev qeyd edib ki, Cənubi Qafqaz daim regiondankənar güclərin maraq dairəsində olub: “Biz yaxşı bilirik ki, regiondan kənar dövlətlər Cənubi Qafqazda öz maraqlarını təmin etməyə çalışırlar və bu məqsədlə Ermənistandan müəyyən alət kimi istifadə edirlər. Məhz buna görə Azərbaycan Prezidenti region problemlərinin region dövlətləri tərəfindən həll olunması təşəbbüsü ilə çıxış etmişdi. Türkiyə və Rusiya da bu təşəbbüsü dəstəkləyib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya tərəfi bu formatı müdafiə edib. Hazırda Gürcüstan bu platformada iştirak etməsə də, ümumilikdə format regionun gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır”.
Politoloq vurğulayıb ki, “3+3” platformasının əsas məqsədi regionda sabitliyin və iqtisadi əməkdaşlığın gücləndirilməsidir:
“Region dövlətlərinin marağında olan əsas məsələ bölgədə davamlı sülhün və iqtisadi əməkdaşlığın təmin edilməsidir. Bu əməkdaşlıq region xalqlarına xidmət etməlidir, regiondankənar qüvvələrin maraqlarına yox. İqtisadi maraqların inkişafı nəticə etibarilə siyasi sabitliyə gətirib çıxarır və bu baxımdan “3+3” formatı real və perspektivli təşəbbüsdür”.
Günel Elxan