
Cənubi Qafqazın geosiyasi mənzərəsi İkinci Qarabağ müharibəsindən sonra köklü şəkildə dəyişsə də, Ermənistanın xarici siyasətindəki "himayədar axtarışı" ənənəsi öz aktuallığını qoruyub saxlayır. Onilliklər boyu Rusiyanın bölgədəki əsas strateji tərəfdaşı və hərbi bazası rolunda çıxış edən İrəvan, hazırda Moskva ilə münasibətlərindəki dərin çatları Qərbin, xüsusilə də Fransanın hərbi-siyasi dəstəyi ilə doldurmağa çalışır. Lakin bu "geosiyasi yerdəyişmə" Ermənistanın həqiqi müstəqilliyini təmin etmək yerinə, onun yeni bir asılılıq formasına – Fransanın neokolonial maraqlarının poliqonuna çevrilməsi riskini gündəmə gətirir.
Milli Məclisin deputatları Naqif Həmzəyev və Azər Allahverənov mövzu ilə bağlı "Xalq Cəbhəsi"nə verdikləri açıqlamalarda Ermənistanın dövlətçilik tarixini və hazırkı siyasi kursunu sərt tənqid atəşinə tutublar. Millət vəkilləri Ermənistanın tarix boyu böyük güclərin əlində bir alət kimi istifadə edildiyini, bu ölkənin "forpost" statusundan çıxa bilmədiyini və Parisin regiondakı fəallığının sülhə deyil, yeni gərginliklərə xidmət etdiyini vurğulayırlar. Ermənistanın Rusiya orbitindən qaçaraq Fransanın təsir dairəsinə girməsi mahiyyətcə nəyi dəyişir? İrəvanın bu təhlükəli oyunu regionun təhlükəsizliyinə hansı təhdidləri vəd edir?
Deputatların Ermənistanın "yeni havadar" strategiyası və Fransanın Cənubi Qafqazdakı gizli ambisiyaları ilə bağlı ətraflı təhlillərini təqdim edirik:
“Ermənistan Rusiyadan Fransaya yönəlir”
Milli Məclisin deputatı Naqif Həmzəyev “Xalq Cəbhəsi”nə açıqlaması zamanı deyib ki, Ermənistanın tarix boyu böyük güclərin təsiri altında formalaşması bu ölkənin real müstəqil siyasət yürütməsini sual altına qoyur.
Deputatın sözlərinə görə, Ermənistan müxtəlif dövrlərdə böyük dövlətlərin geosiyasi maraqları naminə istifadə olunub: “Tarixə nəzər saldıqda görürük ki, ermənilər həm Osmanlı imperiyasının parçalanması prosesində, həm də sonrakı mərhələlərdə böyük güclərin alətinə çevriliblər. Xüsusilə Sovet dövründə və müstəqillikdən sonra Ermənistanın siyasi, iqtisadi və hərbi sistemi əsasən Rusiyanın nəzarəti altında fəaliyyət göstərib. Ermənistan formal olaraq müstəqil dövlət olsa da, strateji qərarlarını tam sərbəst şəkildə qəbul edə bilməyib”.
Naqif Həmzəyev bildirib ki, İkinci Qarabağ müharibəsindən sonra Ermənistan-Rusiya münasibətlərində yaranan gərginlik İrəvanı yeni havadar axtarışına çıxardı: “Rusiya Ermənistanı əvvəlki kimi müdafiə edə bilmədi və ya etmək istəmədi. Bu isə Ermənistanın Fransa ilə münasibətlərini sürətlə yaxınlaşdırdı. Xüsusilə 2022-ci ildən sonra Fransa Ermənistana silah tədarükü, hərbi təlimlər və müdafiə sahəsində ciddi dəstək göstərməyə başladı. Bu gün Ermənistan faktiki olaraq Fransanın hərbi-siyasi orbitinə daxil olur”.
Deputat qeyd edib ki, Fransanın regionda fəallaşması təsadüfi deyil: “Fransanın Cənubi Qafqazda nə tarixi mövcudluğu, nə coğrafi yaxınlığı, nə də ciddi iqtisadi maraqları var. Buna baxmayaraq, Parisin regionda aktivləşməsi Ermənistan üzərindən geosiyasi təsir imkanları qazanmaq məqsədi daşıyır. Fransa Ermənistanı öz regional nüfuz alətinə çevirməyə çalışır. Bu yanaşma müasir dövrün neokolonial siyasət modelinə uyğun gəlir.
Kiçik dövlətlərin böyük güclərdən asılı vəziyyətə salınması yeni dövrün neokolonial siyasətidir. Ermənistan uzun illər Rusiyanın təsiri altında olub, indi isə eyni asılılığın Fransa istiqamətində formalaşdığını görürük. Ermənistan havadar dəyişsə də, mahiyyət dəyişmir”.
Ermənistanın “forpost” siyasəti
Deputat Azər Allahverənov qeyd edib ki, tarixi proseslər göstərir ki, Ermənistan uzun illər müxtəlif güc mərkəzlərinin regiondakı maraqlarını təmin edən bir forpost funksiyası daşıyıb: “Bu dövlətin formalaşması da müəyyən geosiyasi layihələrin tərkib hissəsi kimi baş verib. XX əsrin əvvəllərində Cənubi Qafqazda yaradılan Ermənistan dövləti böyük güclərin bölgədə siyasi balans yaratmaq və türk dünyasının coğrafi bağlantılarını zəiflətmək məqsədinə xidmət edən layihələrdən biri idi. Sovet İttifaqının dağılmasından sonra Ermənistan formal müstəqillik qazansa da, digər postsovet ölkələrindən fərqli olaraq uzun müddət müstəqil xarici siyasət yürüdə bilməyib. Rusiya rəsmilərinin dəfələrlə Ermənistanı Moskvanın Cənubi Qafqazdakı forpostu adlandırması təsadüfi deyildi. İrəvan uzun illər təhlükəsizlik, iqtisadiyyat və siyasi qərarlar baxımından tam şəkildə Rusiyadan asılı vəziyyətdə qalıb”.
Millət vəkilinin sözlərinə görə, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın yaratdığı yeni siyasi reallıq Ermənistan üçün də yeni imkanlar formalaşdırdı: “Azərbaycan öz ərazi bütövlüyünü təmin etdikdən sonra regionda yeni əməkdaşlıq və inteqrasiya imkanları yarandı. Bu vəziyyət Ermənistana daha müstəqil və balanslı siyasət yürütmək üçün şans verdi. Lakin Ermənistan daxilində dövlətçilik ənənələrinin zəifliyi və siyasi idarəetmədə strateji baxışın yetərincə formalaşmaması bu imkanlardan tam istifadə edilməsinə mane oldu”.
Azər Allahverənov qeyd edib ki, hazırda Ermənistan əvvəlki kimi Rusiyanın təsirindən tam çıxmasa da, paralel olaraq Fransanın regiondakı maraqlarının alətinə çevrilmək təhlükəsi ilə üz-üzədir: “Bu gün Ermənistanın siyasətində yenə də xarici təsirlər üstünlük təşkil edir. Rusiya faktorundan tam uzaqlaşa bilməyən İrəvan eyni zamanda Fransanın Cənubi Qafqaz siyasətində istifadə etdiyi platformaya çevrilməkdədir. Bu isə Ermənistanın hələ də tam suveren dövlət siyasəti formalaşdıra bilmədiyini göstərir”.
Günel Elxan