ABŞ-İran müharibəsi: İran səlahiyyətliləri Rusiyaya qaçır? Gündəm

ABŞ-İran müharibəsi: İran səlahiyyətliləri Rusiyaya qaçır?

Artıq 2 aydan çoxdur davam edən ABŞ-İran münaqişənin bitməsi ilə bağlı hər iki tərəf bir-birinə təkliflər versə də bu, qəbul edilmədi. Həmçinin baş tutan danışıqlar da uğursuzluqla nəticələndi. Belə olduğu halda isə gərginlik eyni vəziyyətdə qalır.

Son günlər bir iddia da irəli sürülür ki, İrandakı bəzi şəxslər, məmurlar Rusiyaya qaçmaq niyyətindədirlər. Qeyd edilir ki, məmurların əksəriyyəti öz kapitallarını xaricə çıxarıblar.

Bu qaçış planları ilə bağlı iddialar nə dərəcədə real ola bilər?

“Xalq Cəbhəsi” bu istiqamətdə politoloqların fikirlərini öyrənib.

“Hadisələrin inkişaf istiqamətləri bunun əksini göstərir”

Politoloq Elçin Xalidbəyli qeyd edib ki, İranın ali rəhbərliyini təmsil edən şəxslərin qaçma ehtimalı hələlik o qədər də inandırıcı görünmür: “Çünki indiki mərhələdə proseslər daha çox nə hərb, nə sülh prinsipi üzrə davam edir. Tam məğlubiyyət təhlükəsi real olduğu təqdirdə böyük ehtimalla belə bir proses bəlkə də başlaya bilər. Ancaq hələlik hadisələrin inkişaf istiqamətləri bunun əksini göstərir. Çünki ABŞ-dən verilən məlumata görə, İran Hörmüz boğazının blokadasına hələ uzun müddət davam gətirmək imkanındadır. Eyni zamanda, özünün raket ehtiyatlarının da 60-70 faizini qorumaq imkanlarına malikdir. Bu, amerikalıların gəldiyi qənaətdir”.

E.Xalidbəyli diqqətə çatdırıb ki, indiki mərhələdə əsas mübahisə mövzusu ilk növbədə İranın zənginləşdirilmiş uran ehtiyatının bu ölkədən çıxarılması məsələsidir və bir də nüvə proqramının tamamilə ləğvi ilə bağlı mübahisələrdir: “Yəni bu iki məsələ üzərində kəskin ziddiyyətlər mövcuddur və danışıqlar da davam edir. Böyük ehtimalla bu barədə iddiaları yayan siyasi dairələr daha çox manipulyasiya etmək niyyəti ilə bunu edirlər. Yəni tamamilə istisna olunacaq bir variant da deyil. Ancaq indiki mərhələdə o qədər də inandırıcı görünmür”.

Trampdan sərt reaksiya

Siyasi şərhçi Şəhla Cəlilzadə bildirib ki, İran ABŞ-nin “sıfır uran zənginləşdirilməsi” və nüvə təsislərinin ləğv edilməsi tələbini rədd etdi: “Sivil məqsədlərlə uran zənginləşdirilməsinin İran xalqının suveren hüququ olduğu yüksək tonla bəyan olundu. O cümlədən, ABŞ-yə təqdim olunan sonuncu 14 maddəlik sülh planı bu məsələdə İranın qəti mövqeyini ifadə etməklə yanaşı İranın Hörmüz boğazı üzərində suverenliyini, təzminat tələbini irəli sürür. Həmçinin İran rəsmiləri burada zənginləşdirilmiş uranın ABŞ-yə təhvil verilməsinə dair heç bir razılaşma olmadığını bildirirlər. Odur ki, Tramp bu təkliflərə çox sərt reaksiya verərək onları “zibil” adlandırdı. Təbii ki, belə olan halda alternativ ssenarilər - İrana qarşı müharibənin davam etdirilməsi planı işə düşə bilər”.

İranla müharibə yenidən alovlanarsa...

Ş.Cəlilzadənin sözlərinə görə, İranla müharibə yenidən alovlanarsa bu, region üçün əvvəlkindən daha dağıdıcı olacaq: “ABŞ nüvə başlığı daşıyan sualtı qayığını boşuna İrana təhdid olaraq nümayiş etdirmir. Taktiki, yəni kiçik ölçülü qeyri-strateji nüvə silahından istifadənin kritik hallarda mümkün ola biləcəyini biz ən son Rusiyanın 2024-cü ildə öz nüvə doktrinasına əlavə-düzəliş etməsi ilə gördük. Yəni ki, İranla müharibənin kritik mərhələsində ABŞ üçün də bu, mümkündür. Bu təhdidi ciddi dəyərləndirən İran Parlamenti bu gün bəyan etdi ki, yeni hücum olarsa uran zənginləşdirməsini 90%-ə çatdıracaqlar. Lakin İranın xarici dəstək, xüsusilə Çindən dəstəyi olmazsa belə iddialı mövqe sərgiləməsi real deyil”.

“İran Suriya deyil”

Siyasi şərhçi həmçinin deyib ki, Tramp-Tsinpin görüşü bir çox qlobal mövzularda iki qlobal gücün razılaşmasına yol aça biləcəyi kimi, bu məsələdə də balans yaradılmasında həlledici ola bilər: “İranla müharibə aktivləşərsə dini rejim hakimiyyəti qoyub qaçmazdan öncə bütün güclərini istifadə edəcəklər. İran Suriya deyil, İranın strateji resursları daha çox, mövqeyi daha güclüdür. Beynəlxalq dəstəyə (Rusiya, İran və s.) sahib Əsəd belə hakimiyyəti yalnız 13 illik mübarizədən sonra təhvil vermişdi. Beləliklə, İranla müharibənin yeni mərhələsi region üçün nüvə təhdidinin gedərək artması fonunda baş verə bilər”.

Röya İsrafilova