
Qloballaşan dünyanın mədəni və texnoloji transformasiyaları fonunda hər bir xalqın qarşısında duran ən mühüm vəzifə öz milli simasını qoruyaraq müasirliyə inteqrasiya etməkdir. Bu prosesin mərkəzində isə şübhəsiz ki, təhsil dayanır. Bu gün Azərbaycan təhsili sadəcə kurikulumların yenilənməsi və ya rəqəmsallaşma mərhələsini deyil, həm də özünəqayıdış və milli təhsil fəlsəfəsinin yenidən interpretasiyası dövrünü yaşayır. Milli təhsil modelinin uğuru xarici təcrübələrin mexaniki tətbiqində deyil, yerli zəmin üzərində yetişmiş maarifçi ənənələrin müasir dünyanın çağırışları ilə düzgün sintezindədir.
Azərbaycanın zəngin maarifçilik tarixi — Mirzə Fətəli Axundovun tənqidi təfəkkürü, Həsən bəy Zərdabinin "Əkinçi" fəlsəfəsi və Üzeyir Hacıbəylinin milli-mənəvi intibah ideyaları — bu gün bizə təhsilin ən mükəmməl düsturunu təqdim edir. Ekspertlərin də qeyd etdiyi kimi, biz bu irsi "muzey eksponatı" kimi deyil, gündəlik həyatımıza və təhsil proqramlarımıza nüfuz edən "canlı irs" kimi qəbul etməliyik. Milli dəyərlərin müasir elmin dili ilə şərhi, memarlıq abidələrimizin mühəndislik prinsipləri, xalça naxışlarımızın isə alqoritmlər vasitəsilə tədrisi gənclərdə həm milli qürur, həm də analitik zəka formalaşdıran unikal bir yanaşmadır.
Müasir Azərbaycan məktəbi yalnız bilik ötürən bir bina deyil, fərdi şəxsiyyətə çevirən, onu qlobal rəqabətə hazırlayan, eyni zamanda öz köklərinə bağlayan bir institut olmalıdır. Bu vəhdəti təmin etmək üçün təhsildə gamifikasiya, rəqəmsal hekayəçilik və interaktiv metodların tətbiqi qaçılmazdır. Dövlət, cəmiyyət və medianın birgə səyi ilə hazırlanan bu yeni model, təhsilin hər bir smartfona, hər bir evə və ən əsası hər bir vətəndaşın təfəkkürünə daxil olmasını hədəfləyir. Belə bir yanaşma, milli kimliyimizi qlobal dünyanın rəqabət mühitində daha dayanıqlı və nüfuzlu edəcək yeganə çıxış yoludur.
“Milli təhsilin düsturu”
Mövzuyla bağlı təhsil eksperti Elmin Nuri “Xalq Cəbhəsi”nə açıqlamasında söyləyib, Milli təhsil modeli müasir biliklərlə milli dəyərlərin sintezi üzərində qurulmalıdır. Bu yanaşmanın əsaslarını isə bizim maarifçi ziyalılarımız illər əvvəl formalaşdırıblar.
Ekspert bildirib ki, milli dəyərlərlə müasir təhsil modelinin inteqrasiyası məsələsində Azərbaycan maarifçilik məktəbinin zəngin irsi mövcuddur: “Bu düstur Mirzə Fətəli Axundovun yaradıcılığında da var, Cəlil Məmmədquluzadədə də, Həsən bəy Zərdabinin fəaliyyətində də açıq görünür. Xüsusilə Əkinçi qəzetinin səhifələrində məktəb, müəllim və maarifçiliklə bağlı çox mühüm yanaşmalar yer alıb. Eyni fikirləri Üzeyir Hacıbəylinin təhsillə bağlı məqalələrində də görmək mümkündür”.
Elmin Nurinin sözlərinə görə, həmin düsturların müasir dövrün tələblərinə uyğun tətbiqi mühüm nəticələr verə bilər: “Biz o baxışları bugünkü tətbiq mexanizmlərinə uyğunlaşdıra bilsək, çox ciddi nailiyyətlər əldə edərik. Xarici ölkələrin təcrübəsini misal gətirmək mümkündür. Finlandiyanın və digər dövlətlərin təhsil modelləri haqqında danışmaq olar. Amma bizim öz milli maarifçilik məktəbimiz kifayət qədər zəngin və praktik əsaslara malikdir”.
“Milli dəyərlərlə müasir təhsilin vəhdəti”
Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli nəzərə çatdırıb ki, müasir dövrdə təhsil sistemi yalnız bilik ötürən mexanizm kimi deyil, eyni zamanda şəxsiyyət formalaşdıran əsas institut kimi çıxış etməlidir.
Onun sözlərinə görə, milli dəyərlərlə müasir biliklərin sintezi təhsilin qarşısında duran ən vacib çağırışlardan biridir: “Bu yanaşma keçmişin zəngin irsi ilə gələcəyin innovativ düşüncəsini bir araya gətirən körpü rolunu oynayır. Biz milli dəyərləri statik və dəyişməz bir anlayış kimi deyil, ‘canlı irs’ kimi təqdim etməliyik. Yəni bu dəyərlər müasir elmin və texnologiyanın dili ilə şərh olunmalı, gənclərə daha anlaşıqlı və cəlbedici formada çatdırılmalıdır. Bu istiqamətdə tədris metodlarının yenilənməsi xüsusi əhəmiyyət daşıyır. Məsələn, memarlıq tariximizi müasir mühəndislik prinsipləri ilə izah etmək, xalçaçılıq sənətindəki ornamentləri riyazi modellər və alqoritmlərlə əlaqələndirmək gənclərdə həm milli kimlik hissini gücləndirir, həm də analitik düşüncəni inkişaf etdirir. Bu yanaşma nəticəsində milli mənsubiyyət müasir elmin ayrılmaz tərkib hissəsinə çevrilir”.
Ekspert vurğulayıb ki, təhsil proqramlarının effektivliyini artırmaq üçün ənənəvi passiv öyrənmə modelindən imtina edilməlidir: “Bu gün insanlar yalnız dinləyici olmaq istəmir, onlar prosesin aktiv iştirakçısına çevrilmək istəyirlər. Bu baxımdan interaktiv, vizual və rəqəmsal hekayəçilik elementləri ilə zənginləşdirilmiş proqramlar daha böyük təsir gücünə malikdir. Xüsusilə gamifikasiya üsullarının tətbiqi həm uşaqların, həm də böyüklərin öyrənməyə marağını artırır”.
Ə.Həsənli əlavə edib ki, təhsil məzmununun cəmiyyətlə səsləşməsi də vacib şərtlərdəndir: “Proqramlar insanların gündəlik həyatına, real ehtiyaclarına uyğun qurulmalıdır. Milli kimliyimizi müasir etik dəyərlər, ekoloji məsuliyyət və qlobal rəqabət mühiti ilə uzlaşdıran yanaşma daha dayanıqlı nəticələr verir. Əgər gənclər öz milli dəyərlərində müasir dünyanın tələblərinə cavab tapa bilirsə, bu, uğurlu inteqrasiyanın göstəricisidir”.
Sonda o bildirib ki, bu prosesin effektiv təşkili üçün dövlət, media və vətəndaş cəmiyyəti arasında koordinasiyalı əməkdaşlıq vacibdir: “Rəqəmsal platformaların imkanlarından maksimum istifadə olunmalı, hazırlanmış proqramlar hər bir vətəndaşa, hər bir evə və hər bir smartfona çatdırılmalıdır”.
Günel Elxan