Anar Quliyev: Bu gündən "Bakı Şəhərsalma Mükafatı” bütün dünya üçün açıqdır Siyasət

Anar Quliyev: Bu gündən "Bakı Şəhərsalma Mükafatı” bütün dünya üçün açıqdır

"Bakı Şəhərsalma Mükafatı" bu gün ayrı-ayrılıqda fəaliyyət göstərən üç elementi birləşdirmək üçün yaradılıb.

Bunu Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində keçirilən “Bakı Şəhərsalma Mükafatı: Qlobal Təsir üçün Mənzil Həllərinin Genişləndirilməsi” adlı tədbirdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13 milli koordinatoru Anar Quliyev deyib.

O qeyd edib ki, bunlar təcrübə, bilik və siyasətdir: “Təcrübə, yəni şəhər rəhbərlərinin və mütəxəssislərin artıq tətbiq etdiyi real həllər, bilik, yəni bu həllərin niyə işlədiyini izah edən elmi və sistemli sənədləşdirmə, siyasət, yəni həmin təcrübələrin hökumətlər, beynəlxalq institutlar və qlobal urban gündəlik tərəfindən tətbiq olunması. Hər mükafat dövrü sadəcə mərasimlə bitməyəcək. Bu proses öyrənmə, potensialın artırılması, həllərin tətbiqinə dəstək vasitəsilə davam edəcək. Bu mükafatın məqsədi həlləri sadəcə nümayiş etdirmək deyil, onları hərəkətə gətirməkdir. Qlobal mükafatın dəyəri onun etibarlılığı ilə ölçülür”.

A.Quliyev bildirib ki, “Bakı Şəhərsalma Mükafatı” müstəqil və beynəlxalq nüfuza malik münsiflər heyəti tərəfindən qiymətləndiriləcək:

“Bu heyət memarlıq, şəhərsalma, mənzil maliyyəsi, iqlim elmi, vətəndaş cəmiyyəti sahələrində tanınmış mütəxəssislərdən ibarət olacaq. Onların tam siyahısı yaxın zamanda açıqlanacaq. Bir neçə dəqiqədən sonra isə, Norman Fosterin videomüraciəti bu mükafatın hansı vizyonu təcəssüm etdirdiyini göstərəcək”.

Anar Quliyev əlavə edib ki, bu gündən "Bakı Şəhərsalma Mükafatı” bütün dünya üçün açıqdır: "Biz “Bakı Şəhərsalma Mükafatı”nı beynəlxalq qonaqları olan milli mükafat kimi görmürük. Biz onu Azərbaycan mənşəli, amma qlobal mükafat kimi görürük. Gələcək mərhələləri bütün regionlar, bütün gəlir səviyyələri üçün açıq olacaq. Əgər on ildən sonra dünyanın istənilən şəhərində insanlar bu mükafatın ortaya çıxardığı və genişləndirdiyi həll sayəsində daha yaxşı yaşayırsa, onda bu mükafat öz missiyasını yerinə yetirmiş olacaq. Azərbaycanın qlobal urban gündəliyə sadiqliyi uzunmüddətli və mahiyyətlidir. Biz COP29-a ev sahibliyi etdik, dayanıqlı və sağlam şəhərlər üçün çoxtərəfli fəaliyyət təşəbbüslərini başlatdıq. Biz hökumətləri, şəhərləri, maliyyə institutlarını, akademik dairələri, praktik mütəxəssisləri, vətəndaş cəmiyyətini bu yolda bizimlə birlikdə olmağa dəvət edirik. Bütün bunlar UN-Habitat olmadan mümkün olmazdı. Azərbaycan hökuməti adından təşkilata, onun rəhbərliyinə, fədakar komandasına dərin təşəkkürümü bildirirəm. “Bakı Şəhərsalma Mükafatı” bu gündən etibarən bütün dünya üçün açıqdır”.

Anar Quliyev: Bu gündən "Bakı Şəhərsalma MükafatıAnar Quliyev: Bu gündən "Bakı Şəhərsalma Mükafatı