
Azərbaycanın Danimarkadakı diasporu - "Danimarka Vətən Cəmiyyəti" 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar bəyanat yayıb. Bəyanat BMT-nin baş katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığına, Avropa Komissiyasına, Avropa Şurasına, Danimarka parlamentinə, Danimarkanın baş nazirinə göndərilib.
Bəyanatda qeyd edilib: "1990-cı il qanlı 20 Yanvar faciəsindən artıq 28 il keçir. Unudulması mümkün olmayan bir qətliam, insanlığa qarşı törədilmiş qatı cinayət hər dəfə ürək ağrısı ilə yad edilir. Yaddaşlara Qara Yanvar gecəsi kimi həkk olunan həmin qanlı tarix təkcə acılarla xatırlanmayan, həm şəhidlərimizin anım günü, həm də Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparan xalqımızın birliyi, fəxr və şərəf günüdür. Bu hadisələr bir daha nümayiş etdirdi ki, xalqımız müstəqilliyinin, pozulmuş hüquqlarının bərpa olunması naminə savaşmaq əzmindədir. 1990-ci il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun hərbi hissələri və ağır zirehli texnikası heç bir xəbərdarlıq etmədən Bakı və Sumqayıt şəhərlərinə, habelə ölkəmizin bir çox digər şəhər və rayonlarına yeridilib. Erməni əsilli zabit və əsgərlər də bu əməliyyatlara cəlb edilib, hərbi gəmilərdən çıxarılan desant qrupları, tanklar və digər hərbi texnikadan istifadə etməklə dinc əhalini gülləbaran edib. Nəticədə beynəlxalq hüquq normaları, keçmiş SSRİ-nin və Azərbaycan SSR-nin konstitusiyalarının müvafiq müddəaları kobudcasına pozulub, öz hüquqlarının və torpaqlarının müdafiəsinə qalxmış çoxmillətli xalqımıza divan tutulub. Bakıya daxil olan silahlı qoşunlar milliyyətindən, yaşından və cinsindən asılı olmayaraq, 147 nəfər silahsız mülki şəxsi o cümlədən yaşlıları, qadınları və uşaqları amansızcasına öldürüb, paytaxtda, şəhər ətrafı qəsəbələrdə və rayonlarda 744 dinc günahsız insan yaralanıb, yüzlərlə adam itkin düşüb, 841 nəfər qanunsuz həbs edilib. Yaralıları çıxaran təcili tibbi yardım maşınlarına və həkimlərə də atəş açılıb, nəticədə tibb işçiləri şəhid olub yaralanıblar. Hətta Yanvarın 20-də fövqəladə vəziyyət elan edildikdən sonra daha 21 nəfər öldürülüb. Hücum zamanı qadağan edilmiş silah və sursatdan istifadə olunub, yaralılar yerindəcə güllələnib, ağır hərbi texnikanın tırtılları altına salınıb. Azərbaycanlılara qarşı nifrət hissi ilə köklənən hərbi canilər həlak olanların dəqiq sayını gizlətmək üçün hətta cəsədləri məhv ediblər. Yuxarıda qeyd olunanları rəhbər tutaraq, 20 Yanvar hadisələrinin beynəlxalq hüquqa əsasən, beynəlxalq cinayətlərin ən ağır növlərindən olan insanlıq əleyhinə cinayət kimi tövsif edilməsi üçün kifayət qədər hüquqi sənədlər mövcuddur. Göstərilənlərə əsasən ümid edirik ki, beynəlxalq qurumlar və dünya ictimaiyyəti Azərbaycanın haqlı tələblərini dəstəkləyəcək, bu qanlı insanlıq əleyhinə cinayət kimi tezliklə beynəlxalq hüquqi qiymətini alacaq və cinayətkarlar cəzasız qalmayacaqlar".