Azərbaycan İstanbulda keçirilən XXV Türk Dünyası Uşaq Şənliyində təmsil olunub Cəmiyyət

Azərbaycan İstanbulda keçirilən XXV Türk Dünyası Uşaq Şənliyində təmsil olunub

İstanbulda Türk Dünyası Araşdırmalar Vəqfi tərəfindən növbəti, XXV Türk Dünyası Uşaq Şənliyi keçirilib.

Xalqcebhesi.az xəbər verir ki, şənliyə 16 ölkədən ümumilikdə 250-yə yaxın iştirakçı qatılıb. Ölkəmiz tədbirdə Bakı Atatürk Liseyinin şagirdləri tərəfindən təmsil olunub.

Şənlikdə liseyin “Qarabağ” rəqs qrupu tərəfindən “Azərbaycan rəqsi”, XVI Türk Dünyası Səs Müsabiqəsində isə Mirəlmir Abdullayevin ifasında “Yaşa Azərbaycan” mahnısı ifa edilib.

Səs yarışmasının münsiflər heyətində ölkəmizdən Əməkdar artist Turan Manafzadə və Türkiyənin Qazi Universitetinin doktorantı, tarzən Pərviz Musayev yer alıblar.

Şənliyin aparıcısı İstanbul Universitetinin doktorantı, “TRT Türkü” radiosunda yayımlanan “Azərbaycan Rüzgarı” proqramının müəllifi və aparıcısı Səidə Ömər olub.

O, tədbirdə Türk dünyası ədəbiyyatından səsləndirdiyi şeirlərlə qonaqların böyük marağını qazanıb.

Dörd gün davam edən şənliyin sonunda vəqf tərəfindən iştirakçılara hədiyyələr və sertifikatlar təqdim olunub.