Xələfov siyasi məsləhətləşmələr məqsədilə Almaniyada səfərdədir Siyasət

Xələfov siyasi məsləhətləşmələr məqsədilə Almaniyada səfərdədir

Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov ikitərəfli siyasi məsləhətləşmələrin davamı olaraq Almaniya XİN-in Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi tapşırıqlar üzrə səfiri Andreas Peşkenin (Andreas Peschke) rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
XİN-in mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Almaniya XİN nümayəndəsi iki ölkə arasında təmasların artmasının ikitərəfli münasibətlərin inkişafı üçün yaxşı göstərici olduğunu, bu tendensiyanın alman tərəfini məmnun etdiyini dilə gətirib.
X. Xələfov isə iki ölkə arasında yüksək səviyyəli siyasi dialoqun münasibətlərimizin inkişafına xüsusi töhfə verdiyini vurğulayıb. Görüş zamanı əməkdaşlığın mövcud vəziyyətindən məmnunluq ifadə edilib və perspektivlər barəsində geniş fikir mübadiləsi aparılıb, ikitərəfli yüksək səviyyəli səfərlərin həyata keçirilməsinin vacibliyi qeyd edilib.
Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib, bu münaqişənin regional təhlükəsizlik və sabitlik üçün təhdid olduğu vurğulanıb. Nazir müavini sözügedən münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin həyata keçirilməsinin zəruriliyini qeyd edib. Görüş çərçivəsində həmçinin, beynəlxalq təşkilatlar, xüsusilə BMT və Avropa Şurasıçərçivəsində həyata keçirilən çoxtərəfli əməkdaşlıq, qarşılıqlı maraq kəsb edən digər regional və beynəlxalq məsələlər müzakirə edilib.
İkitərəfli siyasi məsləhətləşmələrdə AR-in AFR-dəki fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov iştirak edib.