“Avropa Sərkisyana dəstək verməyəcək” Siyasət

“Avropa Sərkisyana dəstək verməyəcək”

Mübariz Əhmədoğlu: " Çünki Avropanı da dəfələrlə aldadıb, onu şantaj edib"

Ermənistan prezidenti Serj Sərkisyanın Münhen Təhlükəsizlik Konfransında iştirakı sürpriz və ya sensasiya kimi dəyərləndirilməlidir. Çünki belə tədbirlərdə iştirak etmək Ermənistanın maraqlarına uyğun deyil. Bu təkcə maliyyə imkanlarının azlığı ilə əlaqəli deyil. Belə tədbirlərdə çox kəskin suallar verilə bilər. O kontekstdən S.Sərkisyan Münhen konfransına gedərək panel iclaslarına qatılması xüsusi hal kimi dəyərləndirilməlidir. Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Bu xüsusi halın səbəbləri diqqət çəkir:
ı. Ehtimal ki, baş nazir K.Karapetyanın 9 illik fasilədən sonra Ermənistanın yüksək çinli rəsmisi statusunda Davos forumunda iştirakı S.Sərkisyanı "qıcıqlandırıb". O, daxili auditoriyaya nümayiş etdirmək istəyir ki, mən də beynəlxalq konfranslarda iştirak edə bilirəm.
ıı. Azərbaycan Prezidenti İ.Əliyevin Münhen Təhlükəsizlik konfransında iştirak etməməsi Ermənistan prezidentı S.Sərkisyanı bu il bu tədbirdə iştiraka şirnikəşdirib.
ııı. Azərbaycan Prezidenti İ.Əliyevin Yerevanın Azərbaycana məxsusluğu ilə bağlı növbəti bəyanatı Ermənistan rəhbərliyinə çox ciddi təsir edib. Buna görə o Münhen Təhlükəsizlik Konfransına üz tutub. 2016-cı il aprel döyüşlərindən sonra S.Sərkisyan Almaniyaya "qaçmışdı". O zaman verdiyi bəyanatlar da yaddan çıxmayıb. İndi də S.Sərkisyan real vəziyyətə yaxın bəyanatlar verdi: "Avropa reaksiya verməsə, İ.Əliyevin İrəvanın Azərbaycana məxsusluğu ilə bağlı bəyanatı ciddi fəsadlar yarada bilər". Prezident İ.Əliyev dəfələrlə İrəvanın Azərbaycana məxsusluğu barədə bəyanatlar verib. Görünür, Ermənistan və Azərbaycan qoşunlarının konfiqurasiyasında baş verənlərlə eyni vaxta düşdüyü üçün S.Sərkisyan məhz indi həyəcan təbili çalır. Eyni zamanda S.Sərkisyan məhz Avropadan dəstək istəyir. Rusiyanın bu məsələdə ona dəstək verməyəcəyini düşünür. RF XİN rəsmisi M.Zaxarovanın müvafiq bəyanatı Azərbaycan tərəfdən tənqidə layiq olsa da Ermənistanı qane edən mövqe deyil. Ehtimal ki, Avropa da S.Sərkisyana dəstək verməyəcək. Çünki Avropanı da dəfələrlə aldadıb, onu şantaj edib. Fransa XİN-in bəyanatı bunu sübut etdi; Fransanın bəyanatı da Ermənistanın arzuladığı deyil.
Belə olan təqdirdə S.Sərkisyan Dağlıq Qarabağ tənzimlənməsinin mümkün qədər tez baş verməsi tezisini aktuallaşdırır. Amma burada hər şey S.Sərkisyanın özündən asılıdır. Azərbaycanda Prezident seçkiləri kampaniyasının başa çatmasını gözləməyə ehtiyac yoxdur. Qoşunlarını Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın bütün işğal olunmuş ərazilərindən çıxarmalıdır.