Zahid Oruc: “Sökülən evlərə görə kompensasiya qaydaları dəqiqləşdirilməlidir” Gündəm

Zahid Oruc: “Sökülən evlərə görə kompensasiya qaydaları dəqiqləşdirilməlidir”

“Sökülən ev və obyektlərə görə kompensasiyanın hesablanması, əvəzində verilən sahənin ölçüsünün müəyyənləşdirilməsi və mülkiyyətçilərin hüquqlarının qorunması üçün vahid qaydaların tətbiqi vacibdir.”

Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Deputat bildirib ki, Mülki Məcəlləyə və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsi dövlət əhəmiyyətli yollar, tunellər, metro xətləri, magistral neft və qaz kəmərləri, elektrik şəbəkələri, kanalizasiya qurğuları, dəmir yolu və tramvay xətləri kimi infrastruktur layihələrini əhatə edir.

Onun sözlərinə görə, dövlət ehtiyacları üçün torpaqların alınması ilə yanaşı, özəl investorların yaşayış və digər tikinti layihələri həyata keçirməsi zamanı da vahid qaydaların tətbiqinə ehtiyac var: “Mülkiyyətin özgəninkiləşdirilməsi ilə bağlı qanunvericilikdəki boşluqlar və qeyri-müəyyənliklər əsassız yüksək kompensasiya tələblərinə, mülkiyyətçilərin hüquqlarının pozulmasına və tikinti proseslərinin uzanmasına səbəb olur. Bakı şəhərinin Baş Planında 2040-cı ilədək mənzil və tikinti fondunun əsaslı yenilənməsi nəzərdə tutulur. Lakin kompensasiya məbləğləri və əvəzləşdirmə qaydalarındakı boşluqlar bu prosesdə maneələr yaradır. Söküntüyə məruz qalan mülkiyyətçilərə kompensasiyanın hesablanması üçün vahid və ictimaiyyətə açıq meyarlar müəyyənləşdirilməlidir. Bazar qiymətləri, ərazilər üzrə fərqli tariflər, inflyasiya və tikinti xərclərindəki dəyişikliklər qiymətləndirmə zamanı nəzərə alınmalıdır”.

Deputat sökülən ev və obyektlərin əvəzinə verilən sahənin ölçüsünün dəqiq qaydalarla tənzimlənməsinin vacibliyini qeyd edib: “Əvəzində sahənin 20 faiz artıq verilməsi, otaq sayının eyni saxlanılması və ya əvvəlki ümumi sahəyə bərabər müəyyənləşdirilməsi kimi fərqli yanaşmalar mübahisələrə yol açır”.

Zahid Oruc faktiki sahənin ölçülməsi, balkonların, zirzəmilərin, yardımçı otaqların və sonradan artırılmış hissələrin qiymətləndirilməsi məsələsinə də toxunub.

O bildirib ki, hüquqları dövlət qeydiyyatına alınmamış tikililər hüquqi statuslarına uyğun olaraq fərqli kateqoriyalar üzrə qiymətləndirilməlidir.

Deputat tikinti layihələrinin yarımçıq qalması riskinə qarşı bank zəmanəti, sığorta və digər maliyyə mexanizmlərinin tətbiqinin, eləcə də söküntü və köçürülmə müddətlərinin əvvəlcədən müəyyənləşdirilməsinin əhəmiyyətini vurğulayıb.

O, əmlakın bazar dəyəri ilə yanaşı, köçürülmə xərclərinin, biznesə dəyən zərərin və məcburi köçürülmənin yaratdığı digər itkilərin də nəzərə alınmalı olduğunu bildirib.

Zahid Oruc yeni hüquqi tənzimləmə qaydalarının hazırlanmasında aidiyyəti dövlət qurumlarının, Ombudsman Aparatının, məhkəmə və qiymətləndirmə mütəxəssislərinin, tikinti assosiasiyalarının, Mediasiya Şurasının və sakinlərin nümayəndələrinin iştirakını vacib hesab edib.

Deputat qanun layihəsinin nəqliyyat infrastrukturunun inkişafına müsbət təsir edəcəyinə inandığını bildirib.

Günel Elxan