“Azərbaycan Avrasiya İttifaqına qoşulmaq niyyətində deyil” Siyasət

“Azərbaycan Avrasiya İttifaqına qoşulmaq niyyətində deyil”

Novruz Məmmədov: "Beynəlxalq birliyin qətiyyətli, konkret, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun gələn mövqeyi yoxdur"

"Azərbaycanın hələlik Avrasiya İttifaqına qoşulmaq niyyəti yoxdur. Biz hələlik bu barədə düşünmürük". Bu barədə Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, PA-nın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov jurnalistlərə açıqlamasında deyib.
Ermənistanın Avrasiya İttifaqına qoşulmasına gəlincə, PA rəsmisi Azərbaycanın bununla bağlı heç bir narahatlığının olmadığını açıqlayıb: "Bununla bağlı narahatlığımız üçün heç bir əsas yoxdur. Azərbaycan prezidenti İlham Əliyev bununla bağlı mövqeyini bildirib. Bu mövqe Qazaxıstan prezidenti Nursultan Nazarbayev tərəfindən həmin iclasda ortaya qoyulub. Ermənistan da o tələblərə uyğun olaraq hansı quruma üzv olur-olsun, özünün suveren hüququdur. O, BMT-yə, Ümumdünya Ticarət Təşkilatına üzv olduğu şərtlərlə istənilən təşkilata qoşula bilər. Başqa söhbət ola bilməz! Bu, bizim tələbimizdir və o da yerinə yetiriləcək".
N.Məmmədov bir sıra KİV-də guya Ermənistanın yenidən Azərbaycan ərazilərinə, xüsusən də Naxçıvana hücum edəcəyi ilə bağlı yayılan xəbərləri şayiə adlandıraraq onlara münasibət bildirməyə lüzum görmədiyini deyib: "Bunlar hamısı şayiələrdir. Mən isə şayiələrə mövqe bildirmək istəmirəm. Belə şayiələri elə Ermənistan tərəfindən müxtəlif dairələr özləri qəsdən yayırlar ki, biz də ona mövqe, münasibət bildirək və bunu ictimaiyyətin beyninə yeritmək üçün çalışsınlar. Ona görə də mən hətta media nümayəndələrindən xahiş edərdim ki, belə məsələlərdə həssas olsunlar. Bilsinlər ki, haradan təxribat xarakterli fikirlər, mövqelər gələ bilər".
PA rəsmisi təəssüflə qeyd edib ki, dünyanın bütün beynəlxalq təşkilatlarının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxması ilə bağlı tələbləri ortaya qoyulsa da, bununla bağlı hələlik beynəlxalq birliyin qətiyyətli, konkret, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun gələn mövqeyi yoxdur. Onun fikrincə, bu, dünyada beynəlxalq münasibətlərdə hökm sürən ədalətsizliyin bariz nümunəsidir: "Bu gün təəssüflər olsun ki, beynəlxalq münasibətlərdə çatışmayan mühüm bir şey varsa, o da ədalətdir. Həm dövlətlərarası, həm beynəlxalq münasibətlərdə sözdə, bəyanatlarda, kitablarda, çıxışlarda ədalət haqqında danışılır, amma real proseslərdə bu, yoxdur. Bunu ən böyük nümayiş etdirən faktorlardan biri budur ki, bizim ərazilərimiz - Dağlıq Qarabağ və ətrafında olan 7 rayon artıq 20 ildən artıqdır ki, Ermənistan silahlı qüvvələrinin işğalı altındadır".
PA rəsmisi beynəlxalq dairələri Azərbaycanın 1 milyondan artıq qaçqın və məcburi köçkününün insan hüquqlarının pozulmasına baxmayaraq, bu barədə susmaqda ittiham edib: "Mən demirəm Azərbaycanda hər şey ideal formadadır. Müəyyən məsələlər ola bilər. Hər hansı insanla bağlı, adicə küçədə baş verən hadisə ilə bağlı bir şey olanda müxtəlif tərəflərdən hay-küy qaldırırlar ki, bu adamın hüquqları pozulub. Əgər bu tərəflər, bu dairələr doğrudan da, insan hüquqlarından danışmaq istəyirlərsə, ona hörmət etdiklərini bildirmək istəyirlərsə, onda Azərbaycanın 1 milyondan artıq, 20 ildən çox bir müddətdə bütün fundamental hüquqlardan məhrum olmuş köçkün və qaçqınları haqqında sözünü desinlər. Təəssüflər olsun ki, bunu da demirlər. Bax, bu, dünyanın bir daha ədalət anlayışına yanaşmasının mahiyyətini ortaya qoyur".
Qeyd edək ki, PA rəsmisi "Səs" qəzetində 15 İyun - Milli Qurtuluş Günü münasibətilə keçirilən "dəyirmi masa"da çıxışında beynəlxalq birliyin ikili siyasətini sərt tənqid edib: "Bu gün Azərbaycanda müşahidə edilən sabitlik və inkişafın bir mənfi tərəfi də var. Dünya çox ədalətsiz və qəddardır. Bu sabitlik və inkişaf bir çox ölkələrin qısqanclığına, paxıllığına səbəb olur. Azərbaycanı gözləri götürmür. Bununla bağlı müxtəlif addımlar atırlar. Harda bir söz-söhbət oldusa, onu mütləq şişirdib ictimaiyyətin mövqeyini mənfi istiqamətdə formalaşdırmaq istəyirlər".
Xüsusilə müsəlman ölkələrində baş verən proseslərə diqqət yetirməyə çağıran PA rəsmisi Qərb dövlətlərini müsbət nümunə göstərə bilməməkdə ittiham edib: "Xüsusilə fikir verin ki, müsəlman ölkələrində, onlarla ölkələrdə nə baş verdiyi bilinmir. Açırsan televiziyanı, mətbuatı, görürsən ki, haradasa iki-üç partlayış olub, 20, 30, 40 nəfər həlak olub. Hər yerdə müharibə gedir, hər yerdə gərginlikdir. Qərb indiyədək elə bir addım atmayıb ki, bizim üçün, başqaları üçün nümunə olsun".
Onun fikrincə, bu gün dünyada beynəlxalq münasibətlərdə ədalət deyilən şey yoxdur: "Bütün dövlətlər yalnız özlərinin maraqlarını təmin etmək üçün bütün vasitələrdən istifadə edirlər. Ədalət sözdə, bəyanatda deyilir, müəyyən çıxışlarda deyirlər. İnsan hüquqları və demokratiyanı siyasiləşdirib bundan istifadə edirlər. Bundan əlavə, bütün başqa üsullardan da istifadə edirlər. Liviya ilə bağlı məsələ qalxanda heç kimdən icazə almadan, heç bir yerdə də qərar qəbul etmədən 2 saatın içində təyyarələr qalxdı və ora hücum etdi. Eləcə də başqa ölkələrdə də buna oxşar hallar olub".
N.Məmmədov tədbirdə Azərbaycan mətbuatına bəzi tövsiyələr də verərək onları dövlət maraqları naminə diqqətli olmağa çağırıb: "Biz nəyi yazırıq? Bunun hansı nəticəsi ola bilər? Bunu ayırd etmədən mətbuata buraxmağımız ola bilsin ki, kiminsə məkrli niyyətinə köməkçi olsun. Hansısa bir ölkədə də ola bilər, Azərbaycanda da ola bilər, kimsə öz "Facebook"unda, "Twitter"ində bir cümlə yazdı. Bu cümləni maraqlı bilib mətbuata buraxmaq və insanların onu oxumasına şərait yaratmazdan öncə düşünmək lazımdır ki, bu addımı atmaq olar, ya olmaz. Belə halları hər gün görürəm. Düşünürəm ki, necə ola bilər ki, mətbuatın nümayəndəsi bu fikri bura salıb?! Düşünmürmü ki, bu, Azərbaycanın xarici siyasəti üçün, Azərbaycanın özü üçün bu ölkədə və yaxud başqa ölkədə hansı mövqeni formalaşdıra bilər? Bu yaxşıdır, yoxsa pisdir? Bax, buna diqqət etmək lazımdır".
TURQUT