
"Azərbaycanda təhsil almış vyetnamlı tələbələr sonradan böyük uğurlar qazanıblar".
APA-nın Vyetnama ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının Fəxri Prezidenti Nqiyem Vu Xai bildirib.
“Mən 1970-ci ilin avqustunda Bakıya gəlmişəm. Həmin vaxt orta məktəbi bitirmişdim və 17 yaşım var idi. Bir il rus dili hazırlıq kursunda təhsil aldım. Daha sonra Bakı Dövlət Universitetinə daxil oldum və beş il burada təhsil aldım. Rus dili ixtisası üzrə diplom aldım. Bakıda təhsil aldığım müddətdə təkcə mənə deyil, bütün vyetnamlı tələbələrə müəllimlərimiz, professorlarımız və tələbə yoldaşlarımız tərəfindən böyük dəstək, yardım və səmimi münasibət göstərilirdi. Həmin vaxt Vyetnamda müharibə çox ağır gedirdi. Azərbaycan xalqı, xüsusilə də əziz şəhərimiz Bakı sakinləri bizi mübarizə aparan Vyetnam xalqının nümayəndələri kimi qəbul edirdilər. Onlar hər il bizimlə həmrəylik nümayiş etdirir, təhsil almağımız və yaşamağımız üçün ən yaxşı şəraiti yaradırdılar. Buna görə də bu günədək həmin çətin günləri xatırlayanda çox duyğulanıram. 1976-cı ildə təhsilimi başa vurduqdan sonra Vyetnama qayıtdım. Universitetdə müəllim kimi çalışmağa başladım. Daha sonra orada doktorluq dissertasiyası müdafiə etmək istədim. Xüsusilə vurğulamaq istəyirəm ki, Azərbaycanda qazandığım bütün bilik və təcrübə Yaponiyada davam etdirdiyim təhsil və sonrakı fəaliyyətimə çox böyük təsir göstərib.
Daha sonra parlament üzvü oldum. 2014-cü ildə Vyetnamın Bakı Məzunları Birliyini yaratdıq və mən həmin birliyin ilk prezidenti seçildim. Növbəti il isə Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasını təsis etdik. Yenidən bu təşkilatın ilk təsisçi prezidenti seçildim.
Biz Azərbaycanın Hanoydakı səfirliyi ilə çox sıx əməkdaşlıq etmişik. İkitərəfli münasibətlərə, o cümlədən iqtisadiyyat, elm, texnologiya, mədəniyyət və xalqlararası əlaqələrə həsr olunmuş çoxsaylı tədbirlər, konfranslar, forumlar və seminarlar təşkil etmişik.
2014-cü ilin may ayında Vyetnamda təhsil almış azərbaycanlı və vyetnamlı məzunların adından Prezident İlham Əliyevin qarşısında çıxış etmək şərəfinə nail oldum. Düşünürəm ki, Prezident İlham Əliyev Azərbaycanda təhsil almış bir neçə yüz keçmiş vyetnamlı tələbənin bir araya gəlməsindən çox təsirlənmişdi. Bundan sonra Prezident İlham Əliyevin tapşırığı ilə, demək olar ki, 50 nəfər keçmiş vyetnamlı tələbənin Bakıya səfəri təşkil olundu. Bu səfər Azərbaycanın Təhsil Nazirliyi tərəfindən təşkil edilmişdi. Həmin vaxt, 2015-ci ilin may ayında Azərbaycan-Vyetnam Dostluq Forumu təşkil etdik. İki il sonra isə Vyetnamda Vyetnam-Azərbaycan Dostluğunun ikinci Forumunu keçirdik.
Onilliklər ərzində Azərbaycanın ali məktəblərində təhsil almış keçmiş vyetnamlı tələbələrin sayı təxminən 5 min nəfərdir. Azərbaycanda təhsil almış vyetnamlı tələbələr sonradan böyük uğurlar qazanıblar. Onlardan biri Vyetnamın Baş nazirinin müavini, digəri isə Vyetnam Milli Assambleyasının sədr müavini olub. Mən də daxil olmaqla, təxminən 15 nəfər parlament üzvü, bir neçə nazir müavini, elmi-tədqiqat müəssisələrinin və universitetlərin rəhbərləri yetişib.
Hətta Bakıdakı qrup yoldaşım, professor Mayk Çanq da Hanoy Milli Universitetinin prezidenti olub. Həmin vaxt mən elm və texnologiya nazirinin müavini vəzifəsində çalışırdım. Bir çox tələbə yoldaşım sonradan böyük uğurlar əldə etdi”, - o, qeyd edib.