Tramp avropalıları və Zelenskini Moskva ilə "razılaşma əldə etməyə" çağırıb Dünya

Tramp avropalıları və Zelenskini Moskva ilə "razılaşma əldə etməyə" çağırıb

ABŞ Prezidenti Donald Tramp Avropa ölkələrinin rəhbərliyini Rusiya ilə sövdələşməyə getməyə və Kiyevə silah tədarükü üçün istifadə olunan vəsaitləri öz ehtiyaclarına yönəltməyə çağırır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "The Washington Post" (WP) qəzeti mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, Tramp Berlində iclas keçirən "İstəklilər koalisiyası"nın iştirakçıları ilə telefon danışığı zamanı "onları Ukraynaya ötürülən vəsaitləri öz ehtiyaclarına yönəldə bilmələri üçün Kreml ilə razılaşma əldə etməyə səsləyib". WP-nin həmsöhbətlərinin sözlərinə görə, Tramp Avropa liderlərinin diqqətini Ukraynaya milyardlarla dollar xərclədiklərinə və həmin pulları "öz gözəl ölkələrinə xərcləyə biləcəklərinə" çəkib.

Bununla yanaşı, ABŞ Prezidentinin xüsusi elçisi və kürəkəni Cared Kuşner daha əvvəl Berlin görüşünün yekunlarına dair mətbuat konfransında Trampın Ukrayna və Avropaya sülh nizamlanması planını zorla qəbul etdirmək niyyətində olmadığını bəyan edib. "Təkrar etmək istəyirəm ki, Prezident Tramp Avropanın dəstəyi ilə razılaşma əldə etmək istəyir. O, birtərəfli qaydada nəyisə diqtə etməyə çalışmır. Bunu Avropa və Ukrayna ilə birlikdə etmək istəyir. Üzərində işlədiyimiz istənilən razılaşma Ukrayna və Avropa ilə sıx məsləhətləşmələrlə müşayiət olunacaq", – deyə Kuşner bildirib. Xüsusi elçinin sözlərinə görə, Tramp bu mövqeyi avropalılara və Kiyevə çatdırmağı ondan xahiş edib.

Xatırladaq ki, daha əvvəl "Politico" qəzeti mənbələrə istinadən Trampın söhbət zamanı "İstəklilər koalisiyası" iştirakçıları tərəfindən Ukraynaya milyardlarla dollar dəyərində əlavə yardımın göstərilməsinə şübhə ilə yanaşdığını yazmışdı.

Məryəm Quliyeva