ABŞ-nin "Cygnus" yük gəmisi Beynəlxalq Kosmik Stansiyaya yola düşəcək Dünya

ABŞ-nin "Cygnus" yük gəmisi Beynəlxalq Kosmik Stansiyaya yola düşəcək

"Northrop Grumman" şirkətinin "Cygnus XL" yük kosmik gəmisi noyabrın 29-da Beynəlxalq Kosmik Stansiyaya (BKS) doğru yola düşəcək.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ-nin Aeronavtika və Kosmik Fəzanın Tədqiqi üzrə Milli İdarəsi (NASA) məlumat yayıb.

"SpaceX" şirkətinin "Falcon 9" raketdaşıyıcısı vasitəsilə buraxılış gələn bazar günü ABŞ-nin Şərq sahili vaxtı ilə saat 10:47-də (Bakı vaxtı ilə saat 19:47-də) Florida ştatındakı Kanaveral burnunda yerləşən ABŞ Kosmik Qüvvələri bazasının 40-cı start kompleksindən həyata keçiriləcək.

"Yük gəmisi"nin BKS-ə birləşdirilməsi dekabrın 1-nə planlaşdırılıb. Bu proses stansiyaya yaxınlaşan gəminin BKS-in "Canadarm-2" məsafədən idarə olunan manipulyator qolu ilə tutulması və ardınca Amerikanın "Unity" moduluna birləşdirilməsi yolu ilə icra olunacaq.

"NG-25" missiyası çərçivəsində "Cygnus XL" gəmisi stansiyaya təxminən beş ton yük, o cümlədən ərzaq məhsulları, həmçinin onlarla elmi tədqiqatın aparılması üçün avadanlıq və materiallar çatdırmalıdır.

Məryəm Quliyeva