Azərbaycan prezidenti Rusiya iqtisadi inkişaf nazirini qəbul edib Siyasət

Azərbaycan prezidenti Rusiya iqtisadi inkişaf nazirini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Oreşkini qəbul edib.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə uğurla inkişaf etdiyi qeyd olunub.
Ötən il, eləcə də bu ilin ilk rübünün nəticələrinə əsasən ticarət dövriyyəsinin artmasını iqtisadi əlaqələrimizin genişlənməsinin yaxşı göstəricisi kimi dəyərləndirən prezident İlham Əliyev bunun ümumilikdə ikitərəfli münasibətlərimizin inkişafının yaxşı göstəricisi olduğunu vurğulayıb. Dövlət başçısı ölkələrimizin birgə səmərəli fəaliyyəti nəticəsində iqtisadi əlaqələrin möhkəmləndiyini, eləcə də ayrı-ayrı müəssisələr arasında əməkdaşlığın gücləndiyini deyib. Prezident İlham Əliyev iqtisadi əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminliyini ifadə edib.
Maksim Oreşkin isə qeyd edib ki, hətta Bakıya son gəlişindən keçən bir neçə ay ərzində iqtisadi əməkdaşlıq istiqamətində irəliyə doğru bir sıra ciddi addımlar atılıb. Maksim Oreşkin azərbaycanlı həmkarları ilə birgə məhsuldar fəaliyyətin həyata keçirildiyini məmnunluqla vurğulayıb.
Maksim Oreşkin deyib Azərbaycanda hökm sürən sabitlik böyük önəm daşıyır
O, bir daha prezident seçkilərində inamlı qələbəsi münasibətilə Rusiya Federasiyasının prezidenti Vladimir Putinin təbriklərini dövlət başçısına çatdırıb. O qeyd edib ki, seçkilərin nəticələri Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi və iqtisadi kursa xalq tərəfindən verilən möhkəm dəstəyin təzahürüdür.
Dövlət başçısı təbriklərə görə minnətdarlığını bildirib.
Söhbət zamanı Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi, investisiya, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.