Seçim İrəvanındır Siyasət

Seçim İrəvanındır

Türkiyənin özünü İrəvanın gələcəyində iştirakdan kənarda saxladığını düşünmürəm.
Bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
"Ermənistana bəllidir ki, Azərbaycan və Türkiyə ilə münasibətlərin qurulması, sərhədlərin açılması və İrəvanın regional layihələrə qoşulmasının bir şərti var, o da işğal altındakı Azərbaycan torpaqlarının boşaldılmasıdır. Bu baş verərsə, münasibətlər normallaşar, gəlirlər artar, bölgədə sülh və barış yaranar. Bu mesajlar dəfələrlə Bakıdan və Ankaradan İrəvana göndərilib. O üzdən Türkiyənin özünü İrəvanın gələcəyində iştirakdan kənarda saxladığını düşünmürəm. Seçim indi Ermənistanındır, keçmiş erməni prezidentləri bundan yararlanmadılar, çünki onların özləri də işğalçıdırlar. Yeni hökumət anlayışlı yanaşma yürüdərsə, hər şey fərqli olacaq. Yox, əgər əvvəlki siyasətlərini davam etdirsələr, Türkiyə və Azərbaycanla sərhədlər qapalı qalacaq", - siyasi şərhçi bildirib.
Millət vəkili, politoloq Rasim Musabəyov isə Ankaranın İrəvanla bağlı hazırkı neytral mövqeyini doğru sayıb:
"Ermənistanda hansı dövlətin səfirlikləri, diplomatik əlaqələri var və hansı ölkənin rəhbər strukturları İrəvanla əlaqələr saxlayırlarsa, onlar işğalçıya təsir göstərirlər. Türkiyə Ermənistanla hansı şərtlər altında sərhədləri açacağını və diplomatik əlaqələr qura biləcəyini çoxdan bəyan edib. Hesab edirəm ki, indi Türkiyə haqlı olaraq bu məsələlərdən kənar dayanır və prinsipial olaraq Azərbaycana dəstək verərək Ermənistanla heç bir əlaqələr qurmur".