“Parlamentin xüsusi iclası çağırılsın” Siyasət

“Parlamentin xüsusi iclası çağırılsın”

Qüdrət Həsənquliyev: "Ermənistandakı siyasi qüvvələr daxili istifadə üçün atəşkəsi poza bilərlər"

"Belə bir hal baş verərsə Azərbaycan ordusu və Azərbaycan dövləti torpaqlarımızın işğalına son qoymağa hazır olmalıdır"

Vaxtilə təklif etmişdim ki, "Siyasi partiyalar haqqında" Qanuna dəyişiklik edilsin, hərbi və fövqəladə vəziyyətlər zamanı siyasi partiyaların fəaliyyəti dayandırılsın. Bu təklifimi 1993-cü ildə Gəncədə baş verən qiyam zamanı bəzi siyasi partiyaların davranışları ilə əlaqələndirmişdim.
Bu sözlərti İnzibati Xətalar Məcəlləsinə hərbi vəziyyət rejiminin tələblərinin pozulmasına görə məsuliyyət nəzərdə tutan yeni müvafiq maddənin əlavə olunması ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı çıxış edən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib.
BAXCP sədri təklif olunan layihədən nümunə gətirərək öz fikirlərini əsaslandırıb:
"Bizə təqdim olunan layihənin 16.4-1-ci maddəsində qeyd olunur ki, hərbi və fövqəladə vəziyyətin elan olunmasına səbəb olmuş halların aradan qaldırılmasına və müəyyən edilmiş tədbirlərin həyata keçirilməsinə mane olan siyasi partiyanın fəaliyyəti hərbi və ya fövqəladə vəziyyət başa çatanadək dayandırıla bilər. Düşünürəm ki, hərbi və ya fövqəladə vəziyyətlər zamanı siyasi partiyalar arasında fərq qoyulmamalıdır. Çünki belə vəziyyətlərdə bu və ya digər partiyanın qarşıya qoyulan vəzifənin yerinə yetirilməsinə mane olduğu və yaxud mane olmadığını qiymətləndirmək çətin olur. Bu isə əlavə söz-söhbətlərə səbəb ola bilər.
Təsəvvür edək ki, elə günü sabah Azərbaycan Respublikasının ərazisində hərbi vəziyyət elan olunur və biz Qarabağda öz torpaqlarımızı azad etməyə başlayırıq. Bu zaman hansısa bir partiyanın fəaliyyətinin dayandırılması əlavə müzakirələrə səbəb olacaq. Fəaliyyəti dayandırılan hər hansı bir partiyanın rəhbərliyi iddia edəcək ki, nə üçün bizim partiyanın fəaliyyəti dayandırılır, başqa partiyanın yox. Bu baxımdan hesab edirəm ki, ölkədə hərbi vəziyyət elan olunursa bütün siyasi partiyaların fəaliyyəti dayandırılmalıdır. Zənnimcə, bu barədə ciddi düşünmək lazımdır. Hərbi və fövqəladə vəziyyətlər zamanı bütün partiyaların fəaliyyəti dayandırılarsa, bu daha effektli olar, eyni zamanda əlavə manipulyasiyalara, hansısa siyasi partiyaların sui-istifadəsinə də yer də qalmaz".
BAXCP sədri dəyiçiklikləri dəstəklədiyini bildirib və Milli Məclsin Qarabağla bağlı xüsusi iclasının çağırılması təşəbbüsü ilə çıxış edib: "Hesab edirəm ki, Milli Məclisin xüsusi iclasını çağırmalıyıq. Bilirsiniz ki, torpaqlarımız uzun illərdir ki, işğal altındadır. Hazırda isə Ermənistanda siyasi proseslər həddindən artıq gərginləşib. Hətta Nikol Paşinyan baş nazir seçilsə belə onun Ermənistanda uzun müddət sabitliyi təmin edə biləcəyi ciddi şübhə altındadır. Buna görə də düşünürəm ki, oradakı siyasi qüvvələr daxili istifadə üçün atəşkəsi poza bilərlər. Çalışa bilərlər ki, bundan öz məqsədləri üçün istifadə etsinlər. Belə bir hal baş verərsə Azərbaycan ordusu və Azərbaycan dövləti cəsarətli qərar qəbul etməyə və torpaqlarımızın işğalına son qoymağa hazır olmalıdır.
Xatırlayırsınızsa, 1993-cü ildə, baxmayaraq ki, BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının, o cümlədən Kəlbəcərin işğaldan azad olunmasıyla bağlı qətnaməsi vardı, amma Gəncədə hərbi qiyam başlayanda ermənilər nəinki BMT TŞ-nin qətnaməsinə uyğun olaraq o torpaqları azad etmədilər, əksinə yaranmış vəziyyətdən istifadə edərək Dağlıq Qarabağ ətrafındakı digər Azərbaycan rayonlarını da işğal etdilər. Bəzən hər hansı bir ölkənin iqtidarının, dövlət başçısının tarixin bu və ya digər məqamında qəbul etdiyi ağıllı və cəsarətli qərar o xalqın 100 illik bir dövr üçün gələcəyini müəyyənləşdirir. Buna görə də Milli Məclisin Qarabağla bağlı xüsusi iclasının keçirilməsinə çox böyük ehtiyac var. Hesab edirəm ki, Ermənistandakı hadisələri ciddi şəkildə izləməliyik. Orada baş verən prosesləri diqqətlə izləyən bir şəxs kimi əminəm ki, Ermənistanda çox böyük ehtimalla yaxın zamanlarda vətəndaş qarşıdurması baş verəcək və onlar Dağlıq Qarabağda atəşkəsi poza bilərlər. Hesab edirəm ki, Azərbaycan bu istiqamətdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan dövlətlərlə, o cümlədən Rusiya ilə intensiv danışıqlar aparmalıdır. Azərbaycan ordusu və xalqı səfərbər olmalıdır ki, atəşkəsin pozulacağı təqdirdə biz torpaqlarımızı işğaldan azad edək".
Spiker Oqtay Əsədov isə bildirib ki, Azərbaycan prezidenti və ordusu istənilən təxribata dərhal cavab verməyə hazırdır.