“Azərbaycan və İsrail çoxtərəfli və strateji münasibətlər qurublar” Siyasət

“Azərbaycan və İsrail çoxtərəfli və strateji münasibətlər qurublar”

"Azərbaycan kimi İsrail də qonşularla davamlı münaqişəyə baxmayaraq, iqtisadiyyatını gücləndirməyə, vahid cəmiyyət və sabit hakimiyyət sistemini qurmağa müvəffəq olub".
Bunu İsrailin Azərbaycandakı səfiri Dan Stav ölkəsinin Müstəqillik Gününə həsr olunmuş mətbuat konfransında deyib. O bildirib ki, İsrail və Azərbaycan strateji əməkdaşdırlar: "Azərbaycan öz müstəqilliyini elan edəndən sonra İsrail onun müstəqilliyini tanıyan dördüncü ölkə olub. İki ölkə müdafiə və energetika sahəsində əməkdaşlığa əsaslanan çoxtərəfli və strateji münasibətlər qurublar. İndi özəl sektorun iki əsas sahəsində ölkələrimizin münasibətləri daha da artır, onlardan biri də kənd təsərrüfatıdır. Eyni zamanda Azərbaycanda fəaliyyət göstərən İsrail şirkətlərinin sayı artmaqda davam edir. Bu il Azərbaycana gələn israilli turistlərin sayının üç dəfə artaraq 50 mini ötəcəyi gözlənilir. Əminəm ki, onların hamısı Azərbaycanın İsraildəki xoşməramlı səfirlərinə çeviriləcəklər".
Səfir qeyd edib ki, ikitərəfli münasibətlərin xüsusi tərkib hissəsi yəhudi icmalarının Azərbaycanda qədim vaxtlardan mövcud olmalarıdı. "İsrailin müstəqilliyinin 70-ci ildönümü 70 il ərzində ölkənin əldə etdiklərinə qürurla baxmaq üçün imkandır. Mənim üçün bu günü Bakıda qeyd etməyin xüsusi mənası var. Çünki bu il həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyidir", - Dan Stav vurğulayıb.