“Hələlik situasiya Paşinyan üçün ürəkaçan deyil” Siyasət

“Hələlik situasiya Paşinyan üçün ürəkaçan deyil”

"Paşinyan baş nazir olan vaxt ona əngəl olacaq əsas faktor parlament çoxluğunun Sərkisyanın Respublikaçılar Partiyasında olması idi". Bu sözləri açıqlamasında beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev deyib. O bildirib ki, qısa müddətdə 6 deputatın Respublikaçıların fraksiyasını tərk etməsi onların mütləq çoxluq statusunu əllərindən aldı:"Yeni parlament seçkilərinin hələlik keçirilməyəcəyini nəzərə alsaq, bu mühitdə Paşinyan üçün işləmək, qərarlar vermək çətin olacaqdı. 105 deputat yerinə 52 deputatla qalan Respublikaçılar say etibarı ilə yenə də üstün olsalar da, dəstəksiz qərarlarla təsir imkanları artıq yoxdur. İstefa verən deputatlardan heç kim istefalarının real səbəblərini açıqlamasa da, onların bu addımlarını bir neçə səbəblə əsaslandırmaq olar. Birincisi, istefa verənlərin əksəriyyəti geniş biznes şəbəkəsinə malik insanlardan ibarət olduğu üçün bu mühitdə bizneslərini qoruma şanslarının olmamasını anlayanlardır. Sığortalanmaq üçün ilkin olaraq bu addımı atıblar. Növbəti mərhələdə Paşinyanın güclənəcəyi halda hətta onu açıq şəkildə müdafiə də edəcəklər. Eyni zamanda bu istefalara təhdidlər və təzyiqlər də səbəb ola bilər ki, belə durumlarda bu tətbiq olunan üsullardandır. İkincisi isə ola bilsin ki, istefa verənlərin Moskva ilə yaxın əlaqələri var. Onlar Moskva üçün Sərkisyan dönəminin birdəfəlik bağlanması informasiyalarını əldə etdiklərinə görə belə addım atmış ola bilərlər. Eyni zamanda orada qalmağın mənasızlığı və özlərinin təhlükəsizliyi baxımından bu addımı atıblar".
Ekspert vurğulayıb ki, bütün bunlara baxmayaraq, hələlik situasiya Paşinyan üçün ürəkaçan deyil:
"Nəticə olaraq yenə də o, parlamentdə digər partiyaların səslərinə möhtacdır. Ermənistan siyasətinə təsir imkanlarına görə öndə olan Dağlıq Qarabağ məsələsində, oradakı separatçı rejimin özünə tabe etdirilməsində problemlər var. Qarabağda son etirazların siyasi tələblərlə müşahidə olunan mitinqlərə çevrilməsi Paşinyanın gələcək siyasi taleyinin daha çox Qarabağdakı hadisələrlə bağlı olacağını göstərir. Hazırda o, köhnə Qarabağ klanının liderlərini ya öz tərəfinə çəkməklə, ya da neytrallaşdırmaqla orada mövqelərini bərkitmək istəyir. Bu yöndə kimin qələbə çalacağını indi deyə bilməsəm də, hesab edirəm ki, prosesə artıq start verilib".
Qeyd edək ki, erməni oliqarxlar Respublika Partiyasını tərk etməyə başlayıblar. Respublika Partiyasını tərk edən deputatların sayı 6-ya çatıb. Nəticədə partiyanın parlamentdəki deputatlarının sayı 52-yə düşüb.