Ombudsman yanında “Biznes və insan hüquqları” üzrə İşçi Qrupun 16-cı toplantısı keçirilib Siyasət

Ombudsman yanında “Biznes və insan hüquqları” üzrə İşçi Qrupun 16-cı toplantısı keçirilib

Ombudsman yanında "Biznes və insan hüquqları" üzrə İşçi Qrupun növbəti 16-cı toplantısı keçirilib. "Tikintidə təhlükəsizlik məsələləri biznes və insan hüquqları kontekstində" mövzusuna həsr olunmuş tədbirdə Ombudsman Elmira Süleymanova, onun Aparatının əməkdaşları, aidiyyəti dövlət qurumlarının nümayəndələri, İnsan Hüquqları üzrə Müvəkkil yanında fəaliyyət göstərən Ekspertlər Şurasının üzvləri və digər QHT təmsilçiləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Ombudsman bildirib ki, 25-dən çox dövlət qurumu və vətəndaş cəmiyyəti üzvlərinin təmsil olunduğu işçi qrupun fəaliyyəti nəticəsində çoxsaylı təkliflər hazırlanaraq aidiyyəti qurumlara təqdim olunub, nəticələrinin monitorinqi aparılmış, birgə təkliflər ümumiləşdirilərək müvafiq dövlət qurumlarına, ictimaiyyətin diqqətinə çatdırılmış, onlardan bəziləri normativ-hüquqi aktlara edilən dəyişikliklərdə, yeni dövlət proqramlarında nəzərə alınıb.
Ombudsman tədbirin mövzusunun müvafiq sahədə aktual məsələlərə, o cümlədən tikintidə təhlükəsizlik norma və qaydaları, əməyin təhlükəsizliyi və ümumilikdə Azərbaycan Respublikası Konstitusiyasının 31-ci (Təhlükəsiz yaşamaq hüququ) və 35-ci (Əmək hüququ) maddələrində təsbit olunmuş hüquqların təmini ilə bağlı mühüm məsələlərə həsr olunduğunu bildirib. O, eyni zamanda bu hüquqların təmin edilməsinin mülkiyyət hüququ, mənzil toxunulmazlığı hüququ, sağlam və təhlükəsiz şəraitdə işləmək hüququ, sağlam ətraf mühitdə yaşamaq və digər konstitusion hüquq və azadlıqların təminatına zəmin yaratdığını vurğulayıb.
Diqqətə çatdırılıb ki, ölkəmizdə digər sahələrlə yanaşı, tikinti sahəsinin də sürətlə inkişaf etdiyi bir şəraitdə tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində dövlət səviyyəsində bir sıra məqsədyönlü tədbirlər həyata keçirilir, qanunvericilik bazası təkmilləşdirilir. Belə ki, Azərbaycan Respublikasının "Şəhərsalma və tikinti məcəlləsi" qəbul olunub, ölkə Prezidentinin müvafiq sərəncamları ilə Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, habelə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi kimi əhəmiyyətli qurumlar təsis olunub və uğurla fəaliyyət göstərirlər.
Ombudsman çıxışında Azərbaycan Prezidentinin 2012-ci il 29 dekabr tarixli, 800 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasında işlənib hazırlanması nəzərdə tutulmuş təhlükəsiz və sağlam əmək şəraitinin təmin edilməsi sahəsində işin gücləndirilməsi, əməyin mühafizəsi və əmək şəraitinin yaxşılaşdırılması üzrə Dövlət Proqramının qəbul edilməsi prosesinin sürətləndirilməsnin zəruriliyini qeyd edib.
Müvəkkil tikinti sahəsinə aid fəaliyyətin bütün mərhələlərində təhlükəsizlik problemlərinin effektiv həlli üçün ilk növbədə bu sahəyə yeni yanaşmanın tələb edildiyini, bu baxımdan birgə müzakirələrin, təcrübə və fikir mübadiləsinin əhəmiyyətli olduğunu, qaldırılan məsələlərin birgə səylərlə səmərəli həlli yollarını araşdırıb tövsiyələrin verilməsinin vacibliyini vurğulayıb.