“Azərbaycanda xaos yaratmaq istəyən daxili və xarici qruplar var” Siyasət

“Azərbaycanda xaos yaratmaq istəyən daxili və xarici qruplar var”

Elxan Şahinoğlu: "Onlar məqsədlərinə nail olmayacaqlar"

"Azərbaycanda xaos yaratmaq istəyən daxili və xarici qruplar var. Buna Prezident İlham Əliyev hüquq-mühafizə orqanlarının rəhbərləri ilə keçirilən iclasda da eyham vurub. Həmin qrupların Gəncəni seçməsi təsadüfi deyil. Gəncə Azərbaycanın uzaq və yaxın tarixində xüsusi imza qoymuş şəhərdir. Bunu Azərbaycanın düşmənləri də bilir. Buna görə də təxribat üçün Gəncə seçildi". Bu fikirləri politoloq Elxan Şahinoğlu deyib. Politoloqun sözlərinə görə, Prezident qısa müddətdə iki müşavirə keçirdi: "Prezidentin iyulun 9-da nazirlərin iştirakı ilə keçirdiyi iclas 2018-ci ilin ilk 6 ayının iqtisadi yekunlarına həsr olunsa da, son hadisələrlə bağlı ciddi mesajlar verildi. Dövlət başçısı Azərbaycanda siyasi sabitliyin davam etdiyini dedi. Prezidentin sözlərindən aydın oldu ki, cəmiyyətdə xaos yaratmaq istəyən qüvvələrə qarşı sərt tədbirlər görüləcək. Prezident cəmiyyəti sakitləşdirməyə çalışır. Əsas tezis budur ki, Prezident ölkəyə nəzarət edir və xaosa, anarxiyaya və inqilaba yol verilməyəcək. Bunu istəyənlər isə həbs olunacaq. İlham Əliyev Brüsseldən Bakıya qayıtdıqdan sonra güc nazirlərinin iştirakı ilə daha bir toplantı keçirdi. Bunun da məqsədi eyni idi - ölkədə xaos yaratmaq istəyən daxili və xarici qruplar məqsədlərinə nail olmayacaqlar".
Millət vəkili Elman Nəsirov isə bildirib ki, Prezident İlham Əliyevin respublikanın hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirdiyi iclasda səsləndirdiyi fikirlər iyulun 3-də və iyulun 10-da Gəncə şəhərində baş vermiş qanlı cinayətlərin əsl mahiyyətini dərk etmək baxımından böyük məna və əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, dövlət başçısi ciddi analitik təhlilə əsalanan çıxışında baş vermiş terror aktlarının hədəf və məqsədlərini, xarakter və realizə mexanizmlərini, səbəb və motivlərini açıb göstərib, onun icraçıları və təşkilatçılarının uzağagedən məkrli planlarının iflasını şərtləndirən amillərə diqqəti cəlb edib və bununla da baş vermiş qanlı çinayətlər haqqında ictimaiyyətimizə ən dəqiq, dürüst, dolğun və obyektiv məlumat verib: "Preziden İlham Əliyev ilk növbədə 3 iyul və 10 iyul tarixlərində Gəncədə törədilmiş mütəşəkkil cinayət əməllərini terror aktları kimi qiymətləndirib, hədəfində dövlətçiliyimizin dayandığını vurğulayıb. İkincisi, cinayətkarların güddüyü çirkin məqsədlərə diqqəti cəlb edən cənab Preziden haqlı olaraq vurğulayıb ki, bu cinayətləri törədən terrorçu qruplaşma Azərbaycanda sabitliyi pozmaq istəyir: "Bu cinayətlərin əsas məqsədi bundan ibarətdir. Bu qanlı terror aktları cəmiyyətdə gərginlik yaratmaq və cəmiyyətimizi qorxutmaq məqsədilə törədilib. Üçüncüsü, bu terror aktlarının xarakterinə toxunan cənab Prezident haqlı olaraq qeyd edir ki, "terror aktları dini şüarlar altında həyata keçirilib. Bu, özlüyündə İslam dininə qarşı ən böyük cinayətdir. Çünki İslam sülh, mərhəmət dinidir. Azərbaycan dövləti və Azərbaycan xalqı öz milli, dini dəyərlərini daim qoruyur. Azərbaycan İslam mədəniyyətini dünyada ən çox təbliğ edən ölkələrdən biridir. Bildiyiniz kimi, ötən il Azərbaycanda "İslam Həmrəyliyi İli" elan olunmuşdu, İslam Həmrəyliyi Oyunları keçirilmişdir. Bu il Naxçıvan İslam mədəniyyətinin paytaxtı şəhəridir. Bir neçə il əvvəl Bakı şəhəri bu şərəfli ada layiq görülmüşdü". Burada haşiyə çıxaraq qeyd edək ki, hər hansı şəhərin İslam mədəniyyətinin paytaxtı elan olunması üçün həmin paytaxt ölkə və region səviyyəsində mühüm tarixi keçmişə, islam və bəşər mədəniyyətində elm, incəsənət, ədəbiyyat sahəsində töhfələrə, elmi tədqiqat, arxeoloji təhsil mərkəzlərinə, fərdi və kollektiv şəkildə mədəni tədbirlər təşkil edən mədəniyyət qurumlarına malik olmalıdır. Azərbaycan dövlətinin multikulturalizm siyasəti, İslam həmrəyliyinə verdiyi konkret töhvələr və İSESKO-nun "İslam mədəniyyətinin paytaxtı" proqramının tələblərinə tam uyğunluğu Bakı və Naxçıvan şəhərlərinin müvafiq olaraq 2009 və 2018-ci illərdə "İslam mədniyyətinin paytaxtı" elan edilməsini şərtləndirmişdi. Məlumat üçün onu da qeyd edək ki, Səudiyyə Ərəbistanının Məkkə şəhəri ilk İslam mədəniyyəti paytaxtı olub. Məkkədən sonra ərəb dünyasını, Asiya və Afrika regionlarını təmsil edən cəmisi 30 şəhər İslam mədəniyyəti paytaxtı olmaq hüququna malikdir". Elman Nəsirov qeyd edib ki, dövlət başçısı Gəncədə baş verən terror aktlarının əsl səbəb və motivlərinə də aydınlıq gətirib: "Bu gün Azərbaycan dünya miqyasında sürətlə inkişaf edən müasir dövlətdir. Gündən-günə bizim gücümüz artır, gündən-günə bizim potensialımız güclənir - həm siyasi sahədə, diplomatik sahədə, iqtisadi sahədə, hərbi quruculuq sahəsində, döyüş meydanlarında, idman meydançalarında, sosial sahədə. Son 15 il ərzində iqtisadi inkişaf baxımından Azərbaycan qədər sürətlə inkişaf edən ikinci bir ölkə olmayıb. Ona görə, əlbəttə ki, bizim uğurlarımıza kölgə salmaq, siyasətimizə təsir etmək istəyən qüvvələr müxtəlif üsullardan istifadə edirlər." Onlar heç bir halda qəbul edə bilmirlər ki, nədən Prezident İlham Əliyevin rəhbərliyi altında elə də böyük olmayan bir müsəlman ölkəsi olan Azərbaycan İslam dünyasında bir sabitlik adasına çevrilib. Nədən son 15 il ərzində Azərbaycan iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft iqtisadiyyatı 2,8 dəfə, sənaye 2,6 dəfə, kən təsərrüfatı 1,7 dəfə, qeyri- neft ixracı 4,1 dəfə artıb. 15 il əvvəl cəmisi 1,8 milyard dollarlıq valyuta ehtiyatlarına malik olan Azərbaycanın indi təxminən 44 milyard dollarlıq valyuta ehtiyatlarına malik olması, həmin müddət ərzində iqtisadiyyatına 230 milyard dollardan artıq investisiyanın qoyulması və bunun da təqribən yarısının xarici sərmayə olması Azərbaycanı sevməyəm müəyyən xarici dairələr və onalrın əlində alətə çevrilmiş daxili antimilli ünsürlərin "yuxusuna haram qatıb". Bu halda bütün sivil mübarizə imkanlarından məhrum olan bu şər qüvvələr sonlarının başlanğıcını şərtləndirən addıma-terrora əl atırlar". Millət vəkili onu da deyib ki, Prezident İlham Əliyevin çıxışında xaricdə və daxildə olan antiazərbaycan qüvvə və ünsürlərin məğlubiyyətinin labüd olduğu da tutarlı əsaslandırılıb: "Haqlı olaraq dövlət başçısı vurğulayır ki, "Bizim müstəqillik tariximizdə ölkəmizə qarşı bir neçə dəfə təxribatlar törədilmişdir, o cümlədən silahlı təxribatlar, terror aktları, dövlət çevrilişlərinə cəhd. Onların biri də baş tutmadı. Bunun başlıca səbəbi ondan ibarətdir ki, Azərbaycanda xalq-iqtidar birliyi var. Mən dəfələrlə bu barədə öz fikirlərimi bildirmişdim, bir daha demək istəyirəm, xalq-iqtidar birliyi sabitliyimizin əsas şərtidir. Xalq-iqtidar birliyini heç bir qüvvə - nə xarici, nə daxili qüvvə sarsıda bilməz". "Bizə qarşı müxtəlif xarici mərkəzlərdən idarə olunan media qaralama kampaniyası aparılır. Bunun da heç bir səmərəsi olmur. Özünü hüquq müdafiəçisi adlandıran bir neçə qeyri-hökumət təşkilatı Azərbaycana qarşı gecə-gündüz şər-böhtan kampaniyası aparır",-deyən Prezident İlham Əliyev həmin mcinayətkar aləmin təmsilçilrinə ciddi xəbərdarlığını da bildirib: "Bizim siyasətimizə, bizim iradəmizə şər qüvvələr heç cür təsir edə bilmir. Onların son addımları göstərir ki, terrordan başqa əllərində bir şey qalmayıb. Bu da keçməyəcək, necə ki, əvvəlki illərdə keçməyib. Azərbaycan dövləti bu dəfə də öz gücünü göstərib və göstərəcəkdir. Bütün cinayətkarlar məsuliyyətə cəlb olunacaqlar, məhkəmə qarşısında, ədalət qarşısında, xalq qarşısında cavab verəcəklər. Bunu təmin etmək üçün bizim kifayət qədər gücümüz, imkanlarımız var". Bir sözlə, cənab Prezidentin vurğuladığı kimi," Bizim siyasi iradəmizə heç bir qüvvə təsir edə bilməz. Bizi tutduğumuz yoldan heç kim döndərə bilməz. Azərbaycanın müasir tarixi mənim dediklərimi dəfələrlə sübut edib. Kim ki, bizə qarşı çirkin niyyətlərlə hərəkət edib, özü bu hərəkətlərin qurbanı olub. Əvvəllər də belə olub, bu gün də belədir, bundan sonra da belə olacaq". Elman Nəsirov bildirib ki, Azərbaycan xalqı öz rəhbərinə inanır və onun müəyyən etdiyi yol ilə bundan sonra da uca zirvələrə doğru irəliləyəcək: "İnkişafımızın rəhni olan ictimai-siyasi sabitliyi göz bəbəyi kimi qoruyacaq və bu amal naminə öz Prezidenti ətrafında daha sıx və monolit birlik nümayiş etdirəcək".