“Paşinyan ağıllı və savadlı rəhbər deyil” Siyasət

“Paşinyan ağıllı və savadlı rəhbər deyil”

Mübariz Əhmədoğlu: "Bütün maneə və baryerləri aradan qaldırmaqla danışıqlar prosesinə start verməlidir"

"Nikol Paşinyan baş nazir təyin olunan kimi Azərbaycanın işğal olunmuş ərazisi olan Dağlıq Qarabağa səfər etdi. Dağlıq Qarabağın müstəqil, 3-cü tərəf kimi danışıqlarda iştirak edəcəyini bəyan etdi. Bu istiqamətdə çox səy göstərsə də, ən ciddi əks zərbəni Aİ-nin təhlükəsizlik və xarici siyasət məsələləri üzrə ali komissarı Moqerinidən aldı". Bu sözləri politoloq Mübariz Əhmədoğlu deyib. Politoloq bildirib ki, Brüsseldə Paşinyanla görüşdən dərhal sonra Moqerini danışıqların heç bir şərt qoyulmadan və səmimi davamına çağırış etdi: "Bəllidir ki, Paşinyan Moqeriniyə "üçtərəfli nağılını" danışmışdı və adekvat cavab aldı. Yerevanda ilk mətbuat konfransında Paşinyan Dağlıq Qarabağın tənzimlənməsinin son mərhələsində danışıqlara qatılacağını əsas götürərək, Azərbaycan Prezidenti ilə danışıqlara hazır olduğunu bəyan etdi. Əvvəla Paşinyanın cəmi iki ay ərzində prinsipial mövqeyindən geri çəkilməsi diqqəti cəlb edir. Beynəlxalq ictimaiyyətin təzyiqləri Paşinyana təsir edir. İkincisi, Paşinyan Dağlıq Qarabağ tənzimlənməsində özünün əsas mövqeyinə qayıda bilər. Məhz Dağlıq Qarabağ tənzimlənməsinə Sərkisyandan fərqli yanaşması Paşinyanın mitinqlərini kütləvi etmişdi. "Üçtərəfli nağıl" Paşinyanın Dağlıq Qarabağ tənzimlənməsində danışıqlardan yayınmaq üçün yaratdığı yeganə maneə deyil. O, oğlunu Dağlıq Qarabağa hərbi xidmətə göndərdi. Dağlıq Qarabağ ermənilərinin yaydığı məlumata görə Xankəndində Paşinyanın oğlu üçün kirayə qalmağa mənzil axtarılır".
M. Əhmədoğlu qeyd edib ki, N.Paşinyanın oğlunun Ermənistan vətəndaşı olaraq de-yure Azərbaycan ərazisində rəsmi Bakıdan icazəsiz istənilən fəaliyyətlə məşğul olması beynəlxalq hüquqa ziddir. Hərbi xidmətlə məşğul olması isə beynəlxalq hüquq normalarını tapdalamaq deməkdir: "Paşinyan son mətbuat konfransında beynəlxalq münasibətlər sisteminə etinasız olduğunu açıq şəkildə bəyan etdi. Ermənistandan fərqli olaraq Azərbaycan rəhbərliyi beynəlxalq hüquqa laqeyd qala bilməz. Ona görə Paşinyan oğlunun de-yure Azərbaycan ərazisində uzun müddətli qalmasını rəsmi Bakı ilə razılaşdırmalıdır. Bu razılaşma olmayacaqsa, Paşinyanın İlham Əliyevlə danışıqlar aparmağa hazır olması barədə dedikləri növbəti yalandan başqa bir şey deyil".
Politoloq onu da vurğulayıb ki, Paşinyanın Dağlıq Qarabağ tənzimlənməsində konstitusiya dəyişikliyi və parlament idarəçiliyinə keçmək adı ilə hazırlanmış Dağlıq Qarabağ danışıqlarında imitasiya resurslarından istifadə edəcəyi də şəksizdir: "Paşinyan ağıllı və savadlı rəhbər deyil. Amma zorun rolunu tez başa düşən rəhbərdir. Bütün maneə və baryerləri aradan qaldırmaqla Dağlıq Qarabağ tənzimlənməsi üzrə danışıqlar prosesinə start verməlidir. Ermənistandakı konstitusiya dəyişikliyinin yaratdığı qeyri-müəyyənliyi Paşinyan özü aradan qaldırmalıdır. Bunun da 2 yolu var. Ya hökumət və parlament Ermənistan prezidentinə səlahiyyət verməli, danışıqları Ermənistan prezidenti aparmalıdır və ya özü Azərbaycanın baş naziri ilə danışıqlara təşəbbüs göstərməlidir. Paşinyan bu iki variant arasında seçim etdiyi dövrdə danışıqlar Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında aparılmalıdır. Dağlıq Qarabağın azərbaycanlı icması danışıqlara hazırdır. Erməni icmasına danışıqlara qoşulmaq üçün əmri Paşinyan verməlidir".