Ermənistana daha bir xəbərdarlıq Siyasət

Ermənistana daha bir xəbərdarlıq

İlham Əliyev: "Danışıqlar nəticə verməsə, bizim başqa yolumuz qalmayacaq"

"Azərbaycana qarşı ikili standartlar siyasətinin aparılması qəbuledilməzdir". APA-nın məlumatına görə, bunu Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 96-cı ildönümü münasibətilə Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları və Dövlət Sərhəd Xidmətinin hissələrinin birgə əməliyyat-taktiki təlimlərini izlədikdən sonra hərbçilər qarşısında çıxışı zamanı Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyev deyib.
Ali Baş Komandan torpaqların hələ də işğal altında olduğunu qeyd edərək, Azərbaycan xalqının bu işğaldan əziyyət çəkdiyini vurğulayıb: "Uzun illərdir münaqişə öz həllini tapmır. Beynəlxalq təşkilatların qərar və qətnamələri icra edilmir. Bizə qarşı ikili standartlar siyasəti aparılır".
"Əfsuslar olsun ki, bu məsələ ilə məşğul olan vasitəçilər, ATƏT-in Minsk qrupu münaqişənin sülh yolu ilə həllindən daha çox qarşılıqlı etimad tədbirlərinin gücləndirilməsi ilə məşğuldur. Qarşılıqlı etimad tədbirlərinin içərisində birinci tədbir erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan çıxarılmasıdır və danışıqlar mahiyyət üzrə aparılmalıdır. Əfsuslar olsun ki, vasitəçilər danışıqlarda ədalətin bərpa edilməsinə deyil, daha çox müharibənin olmaması ilə bağlı səy göstərirlər. Belə olan halda Azərbaycan ordu quruculuğuna daha da böyük diqqət göstərir, göstərəcək və danışıqlar nəticə verməsə, bizim başqa yolumuz qalmayacaq", deyə prezident İlham Əliyev qeyd edib.