Rusiya əleyhinə sənəd qəbul olundu Siyasət

Rusiya əleyhinə sənəd qəbul olundu

Azay Quliyev: "Bəzi ölkələr qondarma referendum yolu ilə digər ölkələrin ərazisinin işğalını rəsmiləşdirməyə çalışır"

ATƏT Parlament Assambleyasının Bakıda keçirilən 23-cü sessiyası dünən işini davam etdirib. Ötən gün təşkilatın Siyasi məsələlər və təhlükəsizlik komitəsinin qətnamə layihəsi üzrə müzakirələr keçirilib.
Qətnamə layihəsinə 49 yazılı və xeyli sayda şifahi təkliflər irəli sürülüb. Qətnamə layihəsinə təklif edilən və Rusiyanın etiraz etdiyi 14-cü düzəliş komitənin iclasında səsə qoyularaq qəbul edilib.
Komitə sədri İsabel Santosun rəhbərliyi ilə keçirilən iclasda Rusiya nümayəndə heyəti qətnamə layihəsinə Ukrayna barədə düzəliş təklif edib. Rusiyanın təklif etdiyi 27-ci düzəliş belədir: "Ukraynada son hadisələr zamanı, xüsusilə də 2 may 2014-cü il tarixində Odessada insanların kütləvi, faciəli ölümü ilə bağlı beynəlxalq hüquq təşkilatlarının iştirakı ilə obyektiv, hərtərəfli və açıq istintaq aparılsın".
Qeyd edək ki, iclasda düzəliş müzakirəyə çıxarılmazdan əvvəl çıxış edən Rusiyanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü, Rusiya Dövlət Dumasında MDB, Avrasiya inteqrasiya və həmvətənlərlə əlaqə məsələləri üzrə komitənin sədri Leonid Slutski də bildirmişdi ki, Ukrayna Prezidenti Pyotr Poroşenko tərəfindən atəşkəs elan olunmasına baxmayaraq, məhz Ukrayna ordusu hərbi əməliyyatları davam etdirir, Rusiyanın Rostov vilayətinə mərmilər düşüb, bir neçə nəfər ciddi xəsarət alıb. 14-cü düzəlişə qarşı çıxan L.Slutski bildirmişdi ki, ATƏT PA-nın Siyasi məsələlər və təhlükəsizlik komitəsi tərəfindən qəbul ediləcək qətnamə konstruktiv ruhda olmalıdır.
Təklifin müzakirəsi zamanı ABŞ nümayəndə heyəti düzəlişə sərt etiraz edib. Çıxış edən ABŞ-ın ATƏT PA-da nümayəndə heyətinin sədr müavini, konqresmen Benjamin Kardin bunun qəti əleyhinə olduqlarını bildirib: "Bütün bunlar Rusiyanın təxribatıdır. Hamıya məlumdur ki, oradakı hadisələr Rusiyanın təhriki ilə baş verib. Biz bu düzəlişi qəbul etsək, Rusiyaya yeni imkanlar tanımış olacağıq ki, Ukraynada yeni əməliyyatlar keçirsin".
ABŞ və bir sıra avropalı deputatların etirazına baxmayaraq, səsvermə zamanı bitərəflər istisna olmaqla, 25 lehinə, 23 əleyhinə olmaqla düzəliş qəbul edilib. Səsvermədə Ukrayna da lehinə səs verib və belə araşdırmasının aparılmasının tərəfdarı olduğunu bildirib. Azərbaycan isə bitərəf qalıb.
Düzəlişdə Rusiyanın hərbi fəaliyyəti səbəbindən təhlükəsizlik məsələləri üzrə yaranan narahatlığın aradan qaldırılmasının vacibliyi qeyd edilir. Eyni zamanda, Rusiyanın dialoq və əməkdaşlıqdan imtina etdiyi üçün təəssüf ifadə olunur.
Ukraynanın ATƏT PA-dakı heyətinin rəhbəri Oleq Zarubinski
bildirib ki, Ukrayna Rusiya ilə danışıqlarda maraqlıdır, ona görə də Rusiyanın təklif etdiyi beynəlxalq qrupun yaradılmasına Kiyev də tərəfdardır.
O qeyd edib ki, Ukrayna heç vaxt işğalçı dövlət olmayıb, başqalarına müharibə elan etməyib və torpağına göz dikməyib: "Biz sülhsevər dövlətik. Bütün bunlara baxmayaraq əgər Rusiyanın hər hansı təklifi sülhə xidmət edirsə, bunu birmənalı dəstəkləyirik".
Ukraynalı rəsmi Avropa ilə imzalanan assosiativ sazişə də toxunaraq deyib ki, Ukrayna Rusiya ilə münasibətlərə də xələl gəlməməli, iqtisadi zərbə alınmamalıdır: "Bu saziş bütün hallarda Ukrayna iqtisadiyyatına təsirini göstərəcək, biz bunu bilirik, amma bu siyasi qərardır və xalqın iradəsidir".
Nümayəndə heyətinin sədr müavini Mikola Katerunçuk isə bildirib ki, bu gün Ukraynanın döyüşlər gedən hissələrində insan hüquqları ciddi şəkildə pozulur: "Ukraynanın siyasi, iqtisadi, sosial fəaliyyətində Krım da predmet olaraq qalacaq. Biz ərazi bütövlüyümüz bərpasından geri çəkilməyəcəyik. Krım Ukrayna ərazisidir".
Siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini, büro üzvü Azay Quliyev jurnalistlərə açıqlamasında deyib ki, düzəliş olduğu kimi qəbul edilib. Qətnamə layihəsinin əsasən silah və sursata ümumi nəzarətlə bağlı olduğunu deyən A.Quliyev bildirib ki, ATƏT-in bu istiqamətdə bir sıra sənədləri, o cümlədən Vyana sənədi var.
Onun sözlərinə görə, bu sənədlər əsasən bu istiqamətdə bu gün mövcud olan çərçivəni tənzimləyir: "Ancaq bu gün müzakirəyə çıxarılan qətnamə layihəsində hazırkı situasiyaya uyğun əlavələr var. Mən xüsusən Ukraynadakı vəziyyəti nəzərdə tuturam. Ona görə də bu, çox önəmli layihədir. Bu, bütövlükdə Helsinki prinsiplərinin ATƏT regionunda tətbiqi üçün yeni stimul verəcək".
Qətnamə layihəsində Dağlıq Qarabağ münaqişəsinin əksini tapıb-tapmamasına münasibət bildirən A. Quliyev deyib ki, bu ilin aprel ayında Kopenhagendə ATƏT PA-nın Bürosunun iclasında qətnamə layihəsinə 2 mühüm maddə salınmasını təklif edib.
Onun sözlərinə görə, bu maddələrdən biri konfliktlərin həllinin yalnız ölkələrin ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı çərçivəsində həlli ilə bağlı olub: "Bu müddəa artıq bu gün müzakirə edilən qətnamə layihəsində var. Digər tərəfdən, bu gün bəzi ölkələr qondarma referendum yolu ilə digər ölkələrin ərazisinin işğalını rəsmiləşdirməyə çalışır. Təəssüf ki, bu gün Ukraynada eyni halla rastlaşmışıq. Hesab edirik ki, konkret çərçivə müəyyənləşməlidir. Ona görə də ikinci təklifimiz onunla bağlı olub ki, bu gün bir çox ölkələr qondarma referendum yolu ilə digər ölkələrin ərazisinin işğalını rəsmləşdirməyə çalışır. Hesab edirik ki, bu məsələnin konkret bir çərçivəsi müəyyən edilməlidir. Təklifimiz ondan ibarət olub ki, bu gün referendum yalnız həmin ölkələrin qanunlarına və konstitusiyasına və beynəlxalq hüquq normalarına uyğun şəkildə keçirilməlidir. Bu, o deməkdir ki, mərkəzi hakimiyyətin razılığı olmadan hər hansı bir ölkədə referendum keçirilə bilməz".
A.Quliyev qeyd edib ki, ilk dəfədir bu məsələ ATƏT PA-nın qətnamə layihəsinə daxil edilib: "Ümid edirəm ki, ATƏT-in Bakı deklarasiyasında bu məsələ öz əksini tapacaq".
Qeyd edək ki, iyunun 28-də sessiyanın açılış mərasimində çıxışı zamanı ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrə Prezidenti və xarici işlər naziri Didye Burkhalter də
keçmiş SSRİ məkanındakı münaqişələrdən danışmışdı. ATƏT sədri bildirmişdi ki, münaqişələrin həllində ATƏT-in rolu artmalıdır. D.Burkhalterin sözlərinə görə, əsas səylər Ukrayna böhranının aradan qaldırılmasına yönəlib: "Sərhədlərin bölünməzliyi, təhlükəsizlik, insan hüquqları ATƏT üçün prioritetdir. ATƏT Ukrayna böhranında bir tərəf deyil, əsas tərəfləri bir araya gətirir ki, müzakirə aparsınlar. Hazırda qütbləşmə var, ATƏT isə Avropa təhlükəsizliyində bir körpüdür".
D.Burkhalter hazırkı dövrün ATƏT üçün çox həssas olduğunu da vurğulayıb: "Ukraynada gərginliyin azaldılmasında ATƏT-in rolu artacaq. İştirakçı dövlətlər birgə fəaliyyət göstərməlidir. Çünki dövlətlərin mövqeyində fərqlər var. Hər halda inam və etibarın az olması nəticəsində belə böhran yaranıb. Səylərimizi davam etdirməliyik ki, Ukrayna böhranı həll olunsun".
TURQUT