“Konstitusiyanın fəlsəfəsinə uyğun davranmalıyıq” Siyasət

“Konstitusiyanın fəlsəfəsinə uyğun davranmalıyıq”

Qüdrət Həsənquliyev: "Milli Məclis peşəsinə xəyanət edən jurnalistlərin yeri deyil"

"Mən təbii ki, büdcə layihəsinə səs verəcəyəm. Amma bir məsələyə diqqət yetirmək istəyirəm. Büdcə layihəsi komitə iclaslarında müzakirə olunanda məsələ qaldırdım ki, yığılan cərimələrdən və rüsumlardan ayrı-ayrı sahələr üzrə məmurların əməkhaqqlarının artırılması məqsədilə istifadə olunur. Söyləmişdim ki, bu məqsədlə həmin 25 faizin 5 faizi Prezident Adminisrtrasiyasının əməkdaşlarına, 2 faizi isə Nazirlər Kabinetinin əməkdaşlarına ayrılır. Və mən bütövlükdə bunun əleyhinəyəm".
Bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin plenar iclasında çıxışı zamanı deyib. Millət vəkili "mən təklif etmişdim ki, bu ya ümumiyyətlə aradan qaldırılmalıdır, aradan qaldırılmırsa, Milli Məclisin əməkdaşlarının da əməkhaaqı artırılmalıdır", - deyə bildirib: "Heç olmasa 3 faiz də Milli Məclisin işçilərinə verilməlidir.
Amma çox təəssüf ki, bu auditoriyada əyləşən bəzi jurnalist dostlarımız mənim fikrimi tamamilə təhrif ediblər. Belə qələmə veriblər ki, guya Qüdrət Həsənquliyev həmin 3 faizin deputatların maaşına əlavə olunması məsələsini qaldırıb. Bundan sonra keçmiş həmkarımız Cəmil Həsənli başda olmaqla, o cümlədən Azərbaycana qarşı xaricdən istifadə olunan tərbiyəsiz ünsürlər məni, Milli Məclisin üzvlərini və hökuməti təhqir etməyə başladılar. Ona görə də Akif müəllimə (Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu – red.) müraciət edərək xahiş elədim ki, həmin jurnalistlərlə söhbət eləsin. Oqtay müəllim, mən buradan Milli Məclisin sədri kimi sizə də müraciət edirəm: Bura peşəsinə xəyanət edən jurnalistlərin yeri deyil. Onların akkreditasiyası ləğv edilməlidir. Bu gün də o fikrimdə qalıram ki, Milli Məclisin işçilərinin əməkhaqları artırılmalıdır".

"Milli Məclisin ezamiyyət xərclərinin artırılması vacibdir"

Millət vəkili Milli Məclis əməkdaşlarının mənzil təminatına da toxunub: "Hesab edirəm ki, Milli Məclisin əməkdaşları Prezident Administrasiyasının əməkdaşlarının əməkhaqqı qədər olmasa da belə, heç olmasa ona yaxın səviyyədə əməkhaqqı almalıdırlar. Allah rəhmət eləsin, mərhim prezident Heydər Əliyevin dövründə bizim iqtisadi vəziyyətimiz indikindən daha ağır idi. Amma o zaman Milli Məclisin əməkdaşları və millət vəkilləri üçün mənzil tikildi. 2003-cü ildə həmin mənzilllərdən alanlardan biri də mən olmuşam. Buna görə də, əlbəttə, hər zaman mərhum prezidentə rəhmət diləyirəm. Amma düşünürəm ki, uzun illər keçib, indi iqtisadi durumumuz xeyli yaxşıdır. Yenə də Milli Məclisin əməkdaşları üçün - hörmətli Samir müəllim (maliyyə naziri Samir Şərifov – red.) də burada iştirak edir - yeni mənzilin tikintisinə ehtiyac var. Milli Məclis əməkdaşlarının aldıqları maaşla mənzil almaları çox çətindir. Hesab edirəm ki, bununla bağlı Maliyyə Nazirliyinin, hökumətin düşünməsinə ehtiyac var. Mən də o fikirdəyəm ki, Milli Məclisin özünün televiziyası olarsa bizim fəaliyyətimiz haqqında ictimaiyyət daha ətraflı məlumat əldə edə bilər. Bütün sivil dövlətlərdə parlamentlərin iclasları nəinki birbaşa yayımlanır, hətta bir müddətdən sonra təkrar verilir ki, baxa bilməyənlər izləsinlər".
Deputat əlavə edib ki, büdcədən Milli Məclisin ezamiyyət xərclərinin artırılması vacibdir: "Mən Samir müəllimin özünə də komitə iclasından sonra yaxınlaşdım, ikilikdə də ona söylədim. Məsələn, NATO Parlament Assambleyasının iclasına bu dəfə bizdən cəmi 1 nəfər gedə bildi. Halbuki orada 5 komitə var və əsas məsələlər də komitələrdə müzakirə olunur. İclas Kanadada keçirilirdi və məsafə çox uzaq idi. Həqiqətən də belə səfərlər həddindən artıq baha başa gəlir".
O, deyib ki, Azərbaycan xarici siyasətinin həyata keçirilməsində Milli Məclisin müstəsna rolu var: "Mən sizə deyirəm ki, əvəzolunmaz rolu var. Özümüzü tərifləmək kimi çıxmasın. Hesab edirəm ki, parlament xarici siyasətin həyata keçirilməsində Xarici İşlər Nazirliyindən daha çox işlər görür. O baxımdan bizim ezamiyyə xərclərinin artırılmasına da çox böyük ehtiyac var və çox xahiş edirəm ki, Samir müəllim bunu hökumətin diqqətinə çatdırsın və bu istiqamətdə də xərclər artırılsın. Amma ümumən, dediyim kimi, layihəyə səs verəcəyəm".

"Başqasının əvəzinə səs vermək cinayət əməlidir"

Millət vəkili həmçinin "Milli Məclisin daxili nizamnaməsi", "Deputatın statusu haqqında", "Milli Məclisin deputatının etik davranış qaydaları haqqında" qanun layihələrinə edilən dəyişikliklərin müzakirəsi zamanı da öz fikirlərini bölüşüb: "Bu məsələ ilə bağlı mənim fikrim bəllidir. Mən, həm komitə müzakirələri zamanı, həm birinci oxunuşda bu məsələyə münasibət bildirmişəm. İndi ikinci oxunuşdu, biz bu məsələni daha əhatəli, ciddi müzakirə edirik. Ona görə də burada diqqəti daha çox deputatın başqasının əvəzinə səs verməsinə görə, deputat mandatından məhrum olunması, bir də etik davranış qaydasını kobud formada pozmasına görə, yenə mandatdan məhrum olunması məsələsinin üzərinə gətirmək istəyirəm. 2016-cı ildə biz konstitusiyaya əlavə və dəyişikliklər etdik və bu müddəaları konstitusiyaya daxil elədik. Amma bu gün qüvvədə olan konstitusiyada qeyd olunmayıb ki, etik davranış qaydasının kobud formada pozulması, yaxud başqasının əvəzinə səsvermə mütləq intizam məsuliyyəti yaradır. Hesab edirəm ki, başqasının əvəzinə səsvermə səsvermənin nəticələrinin saxtalaşdırılmasına cəhddir və bu bizim Cinayət Məsəlləsi ilə təqib olunan əməldir. Vaxtilə Amerika Birləşmiş Ştatlarında bir səs fərqi ilə qərar qəbul olunub ki, dövlət dili alman dili yox, ingilis dili olsun. Səhər parlamentdə də elə bir vəziyyət yarana bilər ki, bir səs nəyisə həll edə bilər. Ona görə də, başqasının əvəzinə səs vermək cinayət əməlidir. Yəni səsvermənin nəticələrini saxtalaşdırmaq cəhdidir. Ona görə də biz hər iki əməli intizam məsuliyyəti kimi yox, cinayət hüquqi qaydada təqib etməliyik. Yəni bu artıq bizdən asılıdır. Konstitusiya bizə demir ki, siz onu mütləq intizam məsuliyyətinə cəlb edib mandatdan məhrum etməlisiniz. İkincisi, bizim Cinayət Məcəlləsində xuliqanlıq maddəsi var. Bu maddədə xuliqanlıq "cəmiyyətə açıq formada hörmətsizlikdə ifadə olunan qərəzli hərəkətlər" və qarşısında yazılıb "etik davranış qaydalarının kobud formada pozulması" kimi qeyd olunur. Yəni biz bunu cinayət əməli kimi tövsiyyə etməliyik. Əgər belə hal baş verirsə, prokurorluq təqdimat verməlidir, biz tutaq ki toxunulmazlıq hüququnu aradan qaldırmalıyıq və bundan sonra cinayət hüququ təqibi başlamalıdır. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarından sonra deputat mandatdan məhrum olunmalıdır. Həm də konstitusiyanın fəlsəfəsi bunu tələb edir. Bizim konstitusiyanın 8-ci maddəsində qeyd olunur ki, Azərbaycanda dövlət hakimiyyəti hakimiyyətlərin bölgüsü prinsipi əsasında həyata keçirilir və məhkəmə, qanunvericilik və icra hakimiyyəti qarşılıqlı əlaqədə fəaliyyət göstərir və səlahiyyətləri çərçivəsində müstəqildirlər. İndi mən burada iştrak edən deputat həmkarlarımdan soruşuram. Biz cənab prezidenti intizam məsuliyyətinə cəlb etməklə vəzifəsindən kənarlaşdıra bilərik? Bu gülməlidir, sözsüz ki, yox. Belə olduğu halda hakimiyyətin digər qanadının təmsilçilərini intizam məsuliyyətinə cəlb eləməklə vəzifəsindən kənarlaşdırmaq nə dərəcədə doğrudur? Sözsüz ki, doğru deyil. Ona görə də, bu gün əvvəlcə hakimləri intizam məsuliyyətinə cəlb eləməklə vəzifəsindən kənarlaşdırılması praktikasını biz tətbiq elədik, indi də artıq deputatlara bunu tətbiq edirik. Bu hakimiyyətin bölgüsü prinsipinə, bizim konstitusiyanın əsas ruhuna ziddir. O baxımdan mən hesab edirəm ki, biz bu müddəanı daxil edə bilmərik. Onlar cinayət əməli kimi qeyd olunmalıdırlar. Deputat da, hakim də cinayət törətdikdə digər prosedur qaydalara uyğun olaraq onlar vəzifələrindən kənarlaşdırıla bilərlər. Konstitusiyada əvvəl, Allah rəhmət eləsin, mərhum prezident Heydər Əliyevin dövründə yazılmışdı ki, prezident ağır cinayət törətdikdə, ona impiçment proseduru başladıla bilər. Deputat və hakim isə cinayət törətdikdə vəzifəsindən kənarlaşdırıla bilər. Ona görə də, mən hesab edirəm ki, bu bizim konstitusiyanın ruhuna ziddir, bunu etmək olmaz. İkincisi, deputat cinayət törədərkən onun toxunulmazlıq hüququnun aradan qaldırılması ilə bağlı da layihədə "o iştirak edə bilmədikdə" sözləri qeyd olunur. Bu cür yazılmamalıdır. Birmənalı yazılmalıdır ki, "əgər özü iştirak etməkdən imtina edirsə". Amma deputata hər bir halda öz mövqeyini əsaslandırmaq üçün imkan yaradılmalıdır. Tutaq ki, o cinayətdə ittiham olunur. Qoy gəlsin, deputat həmkarları, Milli Məclis qarşısında çıxş etsin, fikrini, mövqeyini izah eləsin. Ona görə də mən hesab edirəm ki, bu 2 məsələ çox prinsipial məsələdir və bu 2 məsələdə biz ölkənin həm imicini nəzərdə tutmalı, həm də konstitusiyanın fəlsəfəsinə uyğun davranmalıyıq".

Əli