Azərbaycan prezidentindən Qarabağ bəyanatı Siyasət

Azərbaycan prezidentindən Qarabağ bəyanatı

"Məsələnin yarımçıq şəkildə həll edilməsi, sadəcə, bir mərhələ ola bilər"

"Məqsədimiz ərazi bütövlüyümüzü bərpa etmək, Azərbaycan bayrağını Şuşada, Xankəndidə qaldırmaqdır"

"Daxili amillər, iqtisadi gücümüz, dünyada artan nüfuzumuz bizə imkan verir ki, bundan sonra da prinsipial xarici siyasətimizi aparaq. Deyə bilərəm ki, bu siyasət beynəlxalq birlik tərəfindən də təqdirlə qarşılanır".
APA-nın xəbərinə görə, bunu Azərbaycan diplomatik korpusunun V müşavirəsində prezident İlham Əliyev deyib.
Prezident qeyd edib ki, xarici siyasətlə bağlı əsas məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasıdır. Ölkə başçısı münaqişənin həll olunmamasının başlıca səbəbinin Ermənistanın qeyri-konstruktiv mövqeyi və münaqişəni dondurulmuş vəziyyətdə saxlamaq cəhdləri olması olduğunu da bildirib: "Əfsuslar olsun ki, beynəlxalq ictimaiyyət və bu məsələ ilə birbaşa məşğul olan vasitəçilər tərəfindən Ermənistana heç bir ciddi siqnal verilməyib. Bizdə belə fikir yaranır ki, məsələ ilə məşğul olan vasitəçilər bu vəziyyəti daha çox bu şəkildə saxlamaqda maraqlıdırlar. Onların əsas marağı ondan ibarətdir ki, bölgədə sabitlik pozulmasın, müharibə olmasın. Biz də sülh istəyirik. Ancaq dəfələrlə bəyan etmişəm ki, biz torpaqlarımızı, haqq-ədalətin bərpasını, beynəlxalq hüququn təntənəsini istəyirik".
Prezident Ermənistanın mövqeyinin məsələnin sülh yolu ilə həllinə imkan vermədiyini, Azərbaycanın hərbi yolun da istisna edilmədiyini dəfələrlə xatırlatdığını bildirib: "Çünki son aylarda, illərdə beynəlxalq arenada müşahidə olunan mənzərə onu göstərir ki, əfsuslar olsun, beynəlxalq hüquq işləmir. Güc amili əsas rol oynayır. "Kim güclüdür, o da haqlıdır" prinsipi əfsuslar olsun ki, beynəlxalq əlaqələrin konstruksiyasına böyük zərbə vurub. Biz real dünyada yaşayırıq və reallıqlarla hesablaşmalıyıq".
Dövlət başçısı bildirib ki, Dağlıq Qarabağ məsələsi dondurulmuş vəziyyətdə qala bilməz və bunu hər kəs bilməlidir.
Prezident vurğulayıb ki, bu münaqişə köklü şəkildə həll olunmalıdır: "Məsələnin yarımçıq şəkildə həll edilməsi, sadəcə, bir mərhələ ola bilər. Təbii ki, mərhələli həll üstünlük təşkil edir və edəcək. Ancaq biz əsas hədəfi yaddan çıxarmamalıyıq. Azərbaycanlılar işğal edilmiş torpaqlara, Dağlıq Qarabağa, - o da işğal edilmiş torpaqdır, - qayıtmalıdırlar. Azərbaycan öz suverenliyini bərpa etməlidir. Erməni xalqı Azərbaycan dövləti çərçivəsində yüksək muxtariyyət statusuna malik olan şəraitdə yaşaya bilər. Biz bunu təklif etmişik və bu yanaşma dünyada və Avropada ən müsbət təcrübəyə əsaslanır".
Prezident qeyd edib ki, gələcəkdə xalqımız bütün tarixi torpaqlara qayıdacaq, qayıtmalıdır: "Mən əminəm ki, o gün gələcək. Çünki bu gün ölkəmizin siyasi çəkisi, iqtisadi potensialı və demoqrafik vəziyyətimiz belə deməyə əsas verir. Bizim əhalimiz artır, artacaq, Ermənistan əhalisi azalır və azalacaq. Bizim Ermənistanı müəyyən dərəcədə təcrid edilmiş vəziyyətdə saxlamağımız bax, bu məqsədi güdür. Biz onları bütün iqtisadi və enerji layihələrindən təcrid etmişik və buna görə tənqid olunmuşuq. Bu gün də tənqid olunuruq. Ancaq biz öz məqsədimizə çatmalıyıq. Tənqid əsaslıdırsa, biz əlbəttə ki, bu tənqidi qəbul edə bilərik. Ancaq əsassız tənqidi biz heç vaxt nəzərə ala bilmərik. Ona görə Ermənistan bundan sonra da təcrid edilmiş vəziyyətdə qalacaq".
Prezident deyib ki, dünyada gedən proseslərin inkişafı Azərbaycanın hər il, hər ay öz məqsədimizə yaxınlaşdığını göstərir: "Məqsədimiz ərazi bütövlüyümüzü bərpa etmək, Azərbaycan bayrağını Şuşada, Xankəndidə qaldırmaqdır. Bu, bizim milli məsələmizdir. Azərbaycanda bundan vacib məsələ yoxdur və bu məqsədə çatmaq üçün biz hər gün çalışırıq və çalışacağıq".