“Dağlıq Qarabağ məsələsində danışıqlar prosesi yenilənəcək” Siyasət

“Dağlıq Qarabağ məsələsində danışıqlar prosesi yenilənəcək”

"2019-cu ildə regiondakı geosiyasi vəziyyət mürəkkəbləşməkdə davam edəcək. Çünki Yaxın Şərq ölkələri, eləcə də qonşu dövlət olan İranda müəyyən hadisələrin baş verəcəyi ehtimalı böyükdür. Suriya hadisələrinin həll variantında hələ ki, müəyyən bir nəticə əldə edilməyib. Bu səbəblə Suriyada da vəziyyət gərgin olaraq qalacaq".
Bu fikirləri politoloq Qabil Hüseynli 2019-cu ildə regionda baş verəcək geosiyasi vəziyyəti şərh edərkən deyib. O bildirib ki, bundan başqa, əgər İran güzəştə gedib Amerika ilə nüvə silahı və ballistik raket barədə yenidən danışıqlara razılıq verməsə məsələ pik həddinə çata bilər: "Bununla da İranda müəyyən hadisələrin olması real görünə bilər. Regionda ən mühüm hadisələrdən biri Dağlıq Qarabağ münaqişəsidir. Bu sahədə danışıqlar prosesi yenilənəcək. Ehtimal ki, Azərbaycanın irəli sürdüyü şərtləri qəbul edən dövlətlərin və beynəlxalq təşkilatların siyahısı daha da genişlənəcək və ictimai rəy Azərbaycanın xeyrinə dəyişəcəkdir. Amma burada hər şey Ermənistanın və Rusiyanın mövqeyindən asılı olacaq. Bu məsələdə Rusiya tərəddüdlü mövqe tutacaq və Ermənistan da onu yamsılamağa davam edəcək. Beləliklə, bu proseslərdə də irəliləyiş ehtimalı zəifləyəcək". Politoloq əlavə edib ki, bu il Gürcüstan ətrafında hadisələr müəyyən bir tendensiya üzrə inkişaf edəcək: "Gürcüstanın Qərb meylli siyasətinin davam etdiriləcəyi realdır, amma Rusiya ilə münasibətlər gərgin olaraq qalacaq. Bir sözlə, dünyanın əksər nöqtələrində olduğu kimi regionda da vəziyyətin sadələşməsi, müəyyən həll variantlarının reallaşması hələ ki, perspektivdə görünmür".