30 May 2019 12:49
994
Azərbaycanın milli bayramı – Respublika Günü İzmit Azərbaycan Evi, Heydər Əliyev Mədəniyyət Mərkəzində qeyd edilib. Bu barədə qəzetimizə Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının prezidenti Bilal Dündar bildirib.
B.Dündarın təşkilatçılığı ilə keçirilən tədbirdə Körfez Belediye Başkan yardımcısı Levent Yılmaz, Mədəniyyət və Turizm Nazirliyinin sabiq bölgə rəhbəri Adnan Zanburkan, Kocaeli Turizm Dərnəyi Başçısı Soner Kılıç, İzmitdə yaşayan türk mənşəli türk vətəndaşları qatılıblar.
Atatürk və onun yoldaşları və bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra Türkiyə və Azərbaycan himnləri oxunub.
B. Dündar bildirib ki, dünyanın bir çox ölkələrində "Respublika" sözü məlum olmadığı bir zamanda Azərbaycan xalqı respublika ilə görüşdü: “Bu böyük uğurdur, amma təəssüf ki, Azərbaycan xalqı bu sevinci çox yaşamadı. Respublikanın gətirdiyi azadlıq və yeniliklər bir çox ölkələri qorxutdu”.
Dündar onu da bildirib ki, bu gün Azərbaycan həmin müstəqilliyi bir daha bərpa edən demokratik bir ölkədir: “Bakı daha o Bakı deyil. Avropanın ən gözəl şəhərləri ilə ayaqlaşan bir şəhərdir. Azərbaycan Qafqazın parlayan günəşidir”.
Tədbirdə çıxış edənlər də Azərbaycanın inkişafından, dünyada tutduğu mövqe və rolundan bəhs ediblər.
Çıxışlardan sonra Azərbaycan Evinin bağçasında qonaqlar azərbaycanlı gənclərlə birlikdə Azərbaycan musiqisi səadları altında rəqs ediblər.
