Prezidentin yeni sosial paketi: 2 milyon vətəndaşın əmək haqları artdı Siyasət

Prezidentin yeni sosial paketi: 2 milyon vətəndaşın əmək haqları artdı

Ötən gün Prezident İlham Əliyev minimum aylıq əməkhaqqının 180 manatdan 250 manata çatdırılması, dövlət qulluqçularının aylıq vəzifə maaşlarının 50 faiz, hərbi və hüquq-mühafizə orqanlarının xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərinin əməkhaqlarının 40 faiz, dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin vahid aylıq vəzifə maaşlarının orta hesabla 20 faiz, dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan şəxslərin aylıq vəzifə maaşlarının orta hesabla 40 faiz artırılması haqqında bir sıra sərəncamlar imzaladı.
Qəzetimizə açıqlama verən Milli Məclisin deputatı Tahir Mirkişili bildirib ki, 2018-ildə Prezident İlham Əliyev tərəfindən aparılan iqtisadi islahatlar iqtisadiyyatda şəffavlığın səviyyəsini artırdı, iqtisadi artımın yeni mənbələrinin tapılmasına imkan yaratdı, qeyri-neft sektorunun sürətli ikişafını təmin etdi: “Təbii ki, bütün bu nəticələr özünü həm də dövlət büdcəsinin gəlirlərinin artımında, inflyasıyanın həcminin kiçik olmasında, ixracın həcminin artımında və Azərbaycanın strateji valyuta ehtiyatlarının həcminin artmasında göstərdi. 2018-ci ildə qəbul olunmuş 2019-cu ilin dövlət büdcəsində nəzərdə tutulan vəsaitlər və 2019-cu ilin əvvəlindən başlayaraq artan büdcə gəlirləri hesabına cənab İlham Əliyevin sərəncamları ilə geniş sosial paket elan edildi. Bu sosial paket 3 milyondan çox insanı əhatə edərək minimum əmək haqqlarının, pensiya təminatlarının, təqaüdlərin, sosial müavinətlərin və s. artmasına, problemli kreditlərinin vətəndaşların xeyrinə həll olunmasına səbəb oldu. Sosial paket elan edilərkən Prezident İlham Əliyev bu paketin davam edəcəyini və artan iqtisadi resursların bir daha əhalinin maddi rifah halının yaxşılaşdırılmasına sərf ediləcəyini bəyan etmişdi. 2019-cu ilin sürətli iqtisadi artım ili olacağı da əvvəlcədən planlaşdırılmışdı və ilin 1-ci rübünün iqtisadi yekunları bunu bir daha sübut etdi. Belə bir şəraitdə sosial addımların atılmasının iqtisadi əsasları da təmin edilməkdədir”.

Deputatın sözlərinə görə, dövlət başçısının srağagünki sərəncamları ilə ilin əvvəlindən elan edilmiş sosial paketin yeni mərhələsi başladıldı. Yeni sərəncamlar 2 milyon vətəndaşı əhatə edir və orta hesabla maaşların 40-50% artırılmasını nəzərdə tutur. Minimum əmək haqqının 180 manatdan 250 manata qaldırılması çox mühüm addımdır, xatırladım ki, minimum əmək haqqının yaşayış minimumundan çox olması yoxsulluq səviyyəsinin azaldılmasına da ciddi təsir edəcəkdir. Digər tərəfdən dövlət qulluqçularının, müəllimlərin, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların, hərbi və hüquq-mühavizə orqanlarında çalışanların və s. əmək haqqlarının 20-40% artırılması insanların maddi rifah halına mühüm dəstək olacaqdır. Ölkədə inflylasiyanın səviyyəsinin çox aşağı olması (2.3%) artımın real dəyərinin yüksək olmasına imkan yaradacaqdır:“Bütövlükdə prezident sərəncamları ilə əmək haqqlarının artımı büdcədən əlavə olaraq 1 milyard manat vəsaitin ayrılmasına səbəb olacaqdır. Dövlət büdcəsin gəlirlərinin indiki artım sürəti və həcmi sosial paketin büdcə vasitəsilə tamamilə maliyyələşməsinə imkan yaradacaqdır. Əmək haqqlarının artımı həm də iqtisadi aktivliyi artırıcaqdır”.
Deputat Sədaqət Vəliyevanın fikrincə, prezidentin məlum sərəncamı Azərbaycanda sosial sahədə atılan inqilabi addımların növbəti mərhələsinin başlandığına işarə idi.
S.Vəliyeva bildirib ki, Prezident İlham Əliyevin ölkə əhalisinin sosial rifahının yüksəldilməsinə dair həyata keçirdiyi işlərin miqyası gündən-günə genişlənir: "Təsadüfi deyildir ki, ötən il seçkilərdə qələbə qazandıqdan sonra Prezident İlham Əliyevin imzaladığı ilk fərman şəhid vərəsələrinə birdəfəlik ödəmənin verilməsi ilə bağlı olub. Dövlətimizin başçısının ölkənin sosial həyatında inqilabi addımların davamlı xarakter aldığını göstərən qərarları ilə ötən bir il ərzində minimum pensiya məbləği, minimum əməkhaqqı orta hesabla 40 faiz artırıldı. Cənab İlham Əliyevin 2019-cu il 25 fevral tarixli Sərəncamı ilə isə 600 minədək şəxsə, o cümlədən 300 min əlilliyi olan şəxsə yönələn sosial müavinətlər, təqaüdlər orta hesabla 100 faiz artırıldı, əlavə olaraq bir sıra kateqoriyalardan olanlar üçün Prezidentin aylıq təqaüdləri təsis olundu. Həmçinin, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün aylıq müavinət 50 faiz artırıldı ki, bu da minlərlə məcburi köçkünün rifah halının yüksəldilməsinə xidmət edir. Bu il 110 minədək tələbənin də təqaüdlərinin ciddi şəkildə artırılması təmin olundu. Azərbaycan Prezidentinin humanizm prinsiplərinə söykənən sosialyönümlü siyasətini, daim hər bir vətəndaşının yanında olduğunu təsdiqləyən digər bir addım isə 800 mindən çox insanın problemli kredit məsələsini aradan qaldıran Fərman oldu. Bütün bunlar Azərbaycanda həyata keçirilən böyük sosial islahatlar paketinin birinci mərhələsinə aid idi. Ötən gün imzalanmış sərəncam isə ikinci mərhələnin başlanğıcı oldu".
"Azərbaycada əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində genişmiqyaslı tədbirlər bu gün də davam etdirilir. Məhz, Prezident İlham Əliyevin imzaladığı sosial paket bu istiqamətdə həyata keçirilən dövlət siyasətinin davamı, silsilə tədbirlərin növbəti mərhələsidir. Ötən gün imzalanmış sərəncamlar insanların sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını daha da artırmaq məqsədinə xidmət edir" - deyən Sədaqət Vəliyeva əlavə edib ki, sosial sahədə atılan bu mütərəqqi addımlar Azərbaycan vətəndaşının maraqlarının dövlətin həyata keçirdiyi siyasətin mərkəzində dayandığını bir daha təsdiqləyir. Ölkə başçısı tərəfindən aparılan sosial-iqtisadi siyasətin qayəsində Azərbaycan vətəndaşının, onun sosial təminatının və rifahının dayandığını özündə növbəti dəfə bariz şəkildə ehtiva edən bu qərarlar ümumilikdə 2 milyondan çox insanı əhatə etməklə, həm dövlət orqanlarında, həm də özəl sektorda çalışan şəxslərin maddi vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq.
Sədaqət Vəliyeva diqqətə çatdırıb ki, atılan addımlar Prezident İlham Əliyevin güclü sosial siyasətinin başlıca hədəfinin əhalinin rifahının təminatı olduğunu, bu siyasətin əsasında vətəndaş amili, sosial ədalət və humanizm prinsiplərinin dayandığını bir daha təsdiq edir.
“İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyinin sədri Cəsarət Hüseynzadə isə qeyd edib ki, bundan öncəki sosial paket çərçivəsində pensiyalar, maaşlar, sosial müavinətlər artırılmışdı.
Prezident İlham Əliyev dəfələrlə çıxışlarında qeyd edib ki, çalışırıq bütün əlavə gəlirlərimizi sosial sahəyə yönəldək ki, vətəndaşların rifah halı daha da yaxşılaşsın. Bu gün ki, imzalanan sərəncamlar toplusu ölkə başçısı tərəfindən səslənən fikirlərin bir daha əyani sübütüdür.
Minimum Əmək haqqının 250 manata çatdırlması və eyni zamanda bir çox sahələrdə çalışan işçilərin əməkhaqqının 40 faiz artırılması çox gözəl addımdır.
Xüsüsən, vətəndaş cəmiyyəti təşkilatalrı ilə birbaşa işləyən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin əməkdaşlarının əməkhaqqlarının artırılması biz QHT-lər üçün xoş xəbər oldu. Bu addımı ölkə başçısının QHT-lərə növbəti diqqəti kimi qiymətləndirir və prezidentə təşəkkür edirik – deyə Cəsarət Hüseynzadə bildirib.