Ərdoğanın ABŞ səfəri Siyasət

Ərdoğanın ABŞ səfəri

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Vaşonqton səfəri dünya mətbuatında maraqla qarşılanan və müzairə edilən mövzudur. Səfər, əldə olunan nəticələrlə bağılı bir sıra diqqətçəkən məqam var. Onlardan biri də “soyqırım” məsələsində senatın geriyə addımıdır.
ABŞ mətbuatında Ərdoğan-Tramp görüşündən Ərdoğanın uduşlu çıxması kimi yazılar yer alır.
Politoloqlar səfər və onun nəticələrini şərh ediblər. Politoloq Elxan Şahinoğlu deyib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana Amerika Birləşmiş Ştatlarına səfər edib-etməmək qərarını vermək çətin idi: “Çünki, birincisi, Amerika prezidenti türkiyəli həmkarını 13 noyabrda ölkəsinə dəvətdən sonra Ərdoğana aşağılayıcı məktub yazmışdı, ikincisi isə Konqresin Nümayəndələr Palatası qəfil və böyük səs çoxluğu ilə Türkiyə əleyhinə “erməni soyqırımı” qətnaməsini qəbul etdi. Bu iki amil Ərdoğanı uzun yolçuluqdan çəkindirirdi”.
Politoloqun sözlərinə görə, buna baxmayaraq, Ərdoğan getməyə qərar verdi: "Doğru qərar idi. Çünki Trampın dəvətinə rəğmən, Ərdoğan Amerikaya getməsəydi bu iki ölkə arasındakı münasibətlərə daha ağır zərbə vuracaqdı. Digər tərəfdən Ərdoğan Trampın dəvətini yerə salsaydı, bu Ağ Ev sahibini Amerikadakı anti-türk qüvvələr qarşısında gücsüz duruma salacaqdı. Nə də olmasa, Amerikadakı müxtəlif siyasətçi və mərkəzlərdən fərqli olaraq Trampın Türkiyəyə və Ərdoğana münasibəti müsbətdir.
Prezidentlər əvvəlcə təkbətək sonra isə nümayəndə heyətləri ilə birgə görüşdülər. Bundan başqa bəlkə də Amerikanın siyasi tarixində bir ilk yaşandı. Donald Tramp və Rəcəb Tayyib Ərdoğan Ağ Evdə Respublikaçılar Partiyasının 5 tanınmış konqresmeni və senatoru ilə görüşdü və bu görüşün ilk dəqiqələri televiziyada yayımlandı. Respublikaçı qanunvericilər Ərdoğanın səfərindən məmnun qaldıqlarını söyləməklə yanaşı Türkiyə prezidentinə sərt suallar da verdilər. Məsələn, senatorlardan biri sual verdi ki, “Türkiyə niyə Suriyadakı amerikalıların müttəfiqi kürdlərlə savaşır, yaxşı olmazmı onlarla ittifaq qurasınız?” Ərdoğan bunun cavabında dedi ki, “kürdləri terrorçularla qarışdırmayın, bizim kürdlərlə problemimiz yoxdur”. Fikrini “mənim partiyamda 50 kürd millət vəkili var” sözləriylə davam edən Ərdoğan Suriyadakı silahlı kürdlərin terrorçu PKK-ya bağlı olduğunu və Türkiyə ərazisində də insanları qətl etdiklərini bildirdi. Ərdoğan sözlərinə onu da əlavə etdi ki, həbsdə olan terrorçubaşı Abdullah Öcalanın mənəvi oğlunun və YPG-nin rəhbərinin Vaşinqtona dəvət edilməsi onu üzdü. Bundan sonra jurnalistlər otağı tərk etdilər. Bəllidir ki, qapalı görüşdə Ərdoğanla amerikalı qanunvericilər arasında sərt dialoq davam edib”.
Donald Tramp nəyə görə Ərdoğanı televiziya ekranları qarşısında respublikaçı konqresmenlərlə və senatorlarla görüşdürüb və nədən Türkiyə prezidenti buna razılaşıb?
Bu sualı şərh edən ekspertin “fikrimcə, Donald Trampın bu görüşü təşkil etməkdə iki məqsədi olub”, - deyə vurğulayıb: “Birincisi, Tramp Konqres üzvlərini Ağ Evdəki görüşə dəvət etməklə Ərdoğana əyani göstərib ki, Türkiyə Rusiyadan aldığı S-400 raketlərindən imtina etməsə, o, öz tərəfdarlarıyla da üz-üzə qalacaq.
İkincisi, Tramp Konqres üzvlərinə də Ərdoğanın yanında anlatmaq istəyib ki, Türkiyə Amerika üçün vacib tərəfdaşdır və bu ölkədən imtina etmək doğru deyil.
Ərdoğana isə bu görüşə qatılmaq ona görə vacib idi ki, Türkiyənin haqlı olduğunu birbaşa Konqres üzvlərinə də izah etsin və heç bir sərt sualdan çəkinmədiyini göstərsin.
Prezidentlər daha sonra mətbuat konfransında jurnalistlərin suallarına cavab verdilər. Prezidentlərin verdikləri cavablardan hansı qənaətə gəlmək olar?
Birincisi, Vaşinqton üçün Türkiyənin Rusiyadan aldığı S-400 raketləri mövzusu əvvəlkitək aktualdır. Donald Tramp Ərdoğanın bu raketlərdən imtinası halında Türkiyəyə həm “Patriot” raketərini, həm də “F-35” hərbi təyyarələrini satacağını vəd etdi. Tramp ayrıca, Türkiyə ilə ticarət mübadiləsini indiki 20 milyard dolar səviyyəsindən 100 milyard dollar səviyyəsinə qaldıracağını vəd etdi. Niyə məhz 100 milyard dollar? Məsələ burasındadır ki, Rəcəb Tayyib Ərdoğan Rusiya ilə ticarət mübadiləsini də indiki 35 milyard dolar səviyyəsindən 100 milyard dollar səviyyəsinə qaldırmaq istəyir. Amerika da eyni hədəfi qarşısına qoyub. Ancaq bu ikisi arasında önəmli fərq var. Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə hər görüşündə ticarət mübadiləsini 100 milyard dollara çatdırmağı hədəflədiyini bildirir. Amerikanın nümunəsində bu sözləri Ağ Ev sahibi səsləndirib və maraqlıdır ki, Ərdoğanın “Amerika ilə Türkiyə arasında ticarət mübadiləsini 100 milyard dollara çatdıraq” fikrinə reaksiya bildirmədi. Görünür, Ərdoğan indiki şərtlər daxilində Amerika ilə bunun mümkün olmadığını anlayır.
Ərdoğanın Rusiyanın S-400 raketlərindən imtinası faktiki mümkün deyil. Çünki həmin raketlərin pulu ödənib və həmin raketlər artıq Türkiyədə yerləşdirilib, sadəcə, tam hərbi vəziyyətə gələn ilin aprelində gətiriləcək. Bundan sonra bu raketləri necə Rusiyaya geri qaytarmaq olar? Buna baxmayaraq, Türkiyə və Amerika hərbçilər bu problemli məsələdə ortaq məxrəc üzərində işləyəcəklər. Bu elə bir həll formulu olmalıdır ki, S-400-lərlə bağlı həm Türkiyəni, həm də Amerikanı razı salsın. Çətin olacaq. Bütün hallarda Tramp Ərdoğana dedi ki, S-400 məsələsi həllini tapmasa, o, Amerikadakı anti-türk qüvvələrin Türkiyəyə qarşı növbəti sanksiyalarının qarşısını ala bilməyəcək. Yeri gəlmişkən, Ərdoğanla görüşdə iştirak edən respublikaçı senatorlar eyni gündə “erməni soyqırımı” qətnaməsinin Senatda müzakirəsinin qarşısını aldılar. Yəni bununla Tramp və onun respublikaçı tərəfdarları Ərdoğana geri addım atmaq üçün şans tanıdıqlarına işarə etdilər.
İkincisi, Ərdoğan terrorçu FETÖ təşkilatının lideri Fətullah Gülənin Türkiyəyə verilməsi zərurətini mətbuat konfransında bir daha səsləndirdi. Tramp jurnalistlər qarşısında bu mövzuya toxunmadı. Amerika çətin ki, Güləni Türkiyəyə versin. Bu, Trampın imkanı xaricindədir. Səbəbi sadədir. Amerika kəşfiyyatı özününküləri başqa dövlətlərə təslim etmir.
Üçüncüsü, Ərdoğan Amerikanın Suriyada PKK uzantıları ilə deyil, Türkiyə ilə əməkdaşlığı genişləndirməsini təklif etdi. Məsələn, Ərdoğan Trampa təklif etdi ki, gəlin, Suriyanın Türkiyə ordusunun nəzarət etdiyi bölgəni birlikdə quraq və milyonlarla suriyalının geri qayıtmasını təmin edək. Bu təklifə də reaksiya olmadı. Belə görünür ki, Amerika Suriyada PKK uzantıları ilə əməkdaşlığı davam edəcək və Tramp YPG rəhbərləyini terrorçu saymır.
Beləliklə, Ərdoğanla Tramp arasındakı görüşdən real nəticənin əldə olunduğunu söyləmək çətindir. Türkiyə S-400 raketlərindən imtina etməyəcək, Amerika Fətullah Güləni iadə etməyəcək və PKK uzantılarıyla əlaqələrini davam edəcək. Belə olan halda iki ölkə arasında hansı yaxınlaşmadan danışmaq olar?
Buna baxmayaraq, iki ölkə bir-birlərinin ayaqlarını basdalamamağa çalışacaqlar. Məsələn, Amerika Suriya ərazisində terrorçu İŞİD təşkilatının lideri Bağdadinin öldürülməsi əməliyyatında Türkiyədən də dəstək aldı. Yəni Amerika və Türkiyə aralarındakı gərginliyi qoruyan problemlərini həll etmədən harada mümkündür əməkdaşlıq etməyə də çalışacaqlar. Ancaq Amerikanın gələcək aylarda Türkiyəyə sanksiya tətbiqi təhlükəsi ortadan qaldırılmadı. Bu, Türkiyəni qorxutmur. Türkiyəni Amerikanın ona hərbi təyyarələr satmaması qərarı da qorxutmayacaq. Türkiyənin alternativ olaraq hərbi təyyarələri Rusiyadan da almaq imkanı var. Belə olarsa, Amerika Türkiyəni özü üçün daha çox itirəcək. Bu yerdə onu da xatırlayaq ki, Ərdoğan Trampın ona yazdığı aşağılayıcı məktubu Ağ Ev sahibinə qaytardı".
Politoloq Zaur Məmmədov isə bildirib ki, bu görüş çoxdandır gözlənilirdi: “Görüş digər görüşlərdən hər iki liderin bir-biri ilə dil tapması və daha mülayim açıqlamalar verməsi ilə fərqlənirdi. Görüşdən sonra Rəcəb Tayyib Ərdoğan və Donald Tramp tərəfindən mətbuat konfransında jurnalistlərə verilən açıqlamalardan da bu hiss olunurdu”.
Politoloq qeyd edib ki, Türkiyə və ABŞ öz münasibətlərinə yenidən baxacaqlar: “Türkiyə ABŞ-ın Yaxın Şərqdə ən böyük partnyoru idi. Obama dövründən isə Türkiyə-ABŞ münasibətləri gərginləşən xətt üzrə inkişaf etməkdədir. Ərdoğanın əsas məqsədi Türkiyənin milli maraqlarını qorumaqdır. O, bütün tərəfdaş ölkələrdən bunu tələb edir. Çünki Türkiyə münasibətlərdə bu amilə xüsusi diqqət yetirir. ABŞ-Türkiyə danışıqları Rusiya tərəfindən çox yaxından izlənildi. İndi top Kremldədir. Çünki Suriyanın şimalı və İdlib məsələsində Rusiya daha çox rıçaqlara malikdir. Türkiyə-Rusiya-İran arasında Astana formatı əsasında taktiki gedişlərin olması və onların Suriya ilə bağlı baxış bucaqlarının uzlaşması hər tərəfin dövlət maraqlarının reallaşmasına gətirib çıxardı”.
Politoloq əlavə edib ki, hər bir halda həm Rusiya, həm də ABŞ Türkiyəni yanında görmək istəyirlərsə, rəsmi Ankaranın maraqlarını mütləq şəkildə nəzərə almalıdırlar: “Türkiyənin ABŞ və Rusiya ilə bağlı siyasəti Ərdoğandan sonra dəyişib. Ərdoğana qədər Türkiyə-ABŞ münasibətləri strateji müttəfiqlik xarakteri daşıyırdısa, indi vəziyyət başqadır. İndiki halda Ərdoğan həm Rusiya ilə, həm də ABŞ-la Türkiyə maraqlarının nəzərə almalarını tələb edən siyasət yürüdür. Yəni Türkiyə hər iki tərəflə münasibətlərin inkişafında maraqlıdır. Digər tərəfdən, Rusiya Türkiyə-ABŞ münasibətlərinin isinməsindən narahat olacaq. S-400 məsələsində ABŞ Türkiyəni çox ciddi şəkildə tənqid etmişdi. Ümumiyyətlə, münasibətlərin pozulmasına əsas səbəb məhz S-400 məsələsi olmuşdu. İndiki halda artıq S-400-lər Türkiyədədir. Yeni silahların alınması ilə bağlı Rusiya ilə danışıqlar aparılır. Ancaq hələlik Türkiyə-Rusiya münasibətlərində S-400-dən başqa silahlar alınmayacaq. Çünki ABŞ mövcud vəziyyəti nəzərə alaraq, özü artıq Türkiyənin istədiyi hərbi silahları rəsmi Ankaraya satacaq. Tərəflər arasında imzalanmış 100 milyardlıq anlaşma da onu göstərir ki, hələlik bizə məlum olmayan sahələrdə bu saziş imzalanıb”.