Ərdoğan Sarkisyanı inaqurasiyasına dəvət etdi Siyasət

Ərdoğan Sarkisyanı inaqurasiyasına dəvət etdi

Ermənistan prezidenti: "Türkiyə prezidentinin gələn il "erməni soyqırımı qurbanları"nın xatirəsinin 100 illiyinə qatılıb-qatılmayacağı ilə bağlı maraqlanacağıq"
YAP-çı millət vəkili: "İnauqurasiya ilk növbədə dostların məclisidir və orada Ermənistanın statusu heç də aydın deyildir"

Türkiyədə bu günlərdə keçirilən prezident seçkiləri və ondan sonrakı proseslər hələ də dünya mətbuatının diqqətindədir. Dünyanın nüfuzlu ölkələrinin birinin atacağı addımlar və yeridəcəyi siyasətdən regionda və dünyada gedən proseslərin axarı çox asılıdır. Bu baxımdan Türkiyəyə diqqət bütün ölkələrin xarici siyasətinin əsas xətlərindən biri olmaqdadır.
Avqustun axırına planlaşdırılan inauqurasiyaya artıq 50-dən çox ölkənin ən yüksək nümayəndələrinin gəlişi gözlənilir və tədbirə böyük hazırlıq görülməkdədir.
Türkiyənin yeni seçilmiş prezidentinin andiçmə mərasiminə Ermənistan da dəvət edilib. "Armenia Today"in məlumatına görə, bunu Ermənistan prezidenti Serj Sarkisyan "Miasin 2014" forumunun iştirakçılarının suallarını cavablandırarkən deyib.
S.Sarkisyanın sözlərinə görə, böyük ehtimalla Ermənistan Türkiyə prezidentinin andiçməsi mərasiminə xarici işlər naziri səviyyəsində qatılacaq.
Ermənistan prezidenti açıqlamasında Türkiyəyə həqarət etməkdən də çəkinməyib. Sarkisyan həyasızcasına deyib: "Nazirimiz Türkiyə prezidentinin gələn il aprelin 24-də "erməni soyqırımı qurbanları"nın xatirəsinin 100 illiyi ilə əlaqədar keçiriləcək mərasimə qatılıb-qatılmayacağı ilə bağlı maraqlanacaq".
Ermənistan-Türkiyə sərhədinin açılmasına gəldikdə isə S.Sarkisyan konkret tarix açıqlamaqda çətinlik çəkdiyini söyləsə də, qeyd edib ki, Ermənistan tərəfi bunun mümkün qədər tez olmasını arzulayır.
Bəs Türkiyənin yeni prezidentinin inaqurasiya mərasiminə Ermənistan prezidentinin dəvət olunması nə dərəcədə doğrudur?
Hakim Yeni Azərbaycan Partiyasından millət vəkili inauqurasiyaya mərasimini təşkil etməyin ölkənin daxili işi olduğunu qeyd etsə də, mərasimə Türkiyəni "1915-ci il erməni soyqırımı"nda ittiham edən bir ölkəni dəvət etməyin başa düşülən olmadığını yazıb: "Dəvət qardaş ölkənin daxili işidir və heç kəs onlara bu məsələdə məsləhət verə bilməz. Ancaq Türkiyənin öz qatı düşmənini yüksək dövlət bayramına dəvət etməyinin səbəbi başa düşülən deyil.
Ermənistan Türkiyənin ərazi bütövlüyünü tanımır və rəsmi dövlət siyasətində Türkiyənin böyük bir ərazisinə iddia edir. Erməni dövləti bütün dünyada Türkiyəni uydurma "1915-ci il erməni soyqırımında" ittiham edir və artıq 20-dən çox dövlətin bu uydurmanı qəbul etməsinə nail olub. Erməni terror təşkilatları vaxtaşırı xaricdəki türk səfirliklərinə qarşı terror hərəkətləri ediblər və hələ də bu addımlarından əl çəkmirlər. Ermənistan tarix kitablarında və mədəniyyət əsərlərində Osmanlıya və Türkiyəyə qarşı olmazın ittihamlar irəli sürür. Elə S.Sarksyan da Türkiyəyə sevgisini bir sıra anti-türk bəyanatları ilə ortaya qoyubdur.
İndi Türkiyənin Ermənistan rəhbərini inaqurasiyaya çağırmaqla nə eldə etmək istədiyi aydın deyildir. Heç diplomatik protokolda da düşmən və diplomatik əlaqələri olmayan ölkələrin nümayəndələrinin dövlətiçi tədbirlərə dəvət edilmə praktikası yoxdur. İnauqurasiya ilk növbədə dostların məclisidir və orada Ermənistanın statusu heç də aydın deyildir".
Xatırladaq ki, Ermənistan Türkiyədəki prezident seçkilərinin nəticələrini ilk "təbrik" edənlərdən oldu. Moskvada erməni əsilli Rusiya vətəndaşı 43 yaşlı Artur Mirzoyan 17 avqust tarixində ov tüfəngi ilə Türkiyənin Rusiyadakı səfirliyinin binasının fasadındakı Türkiyənin gerbini hədəf alıb və iki güllə atıb. Verilən məlumata görə isə hər iki güllə hədəfə dəyib.
Politoloq Qabil Hüseynlinin fikrincə, Ermənistan Ərdoğanın andiçmə mərasimində hansısa formada təmsil olunacaq: "Türkiyənin yeni seçilmiş prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasiminə Ermənistanın dəvət olunmasında təəccüblü heç nə yoxdur".
O deyib ki, bundan əvvəl Ərdoğanın qondarma erməni soyqırımın qatılacağı barədə erməni mətbuatında məlumatlar yayılmışdı: "Yəni Ərdoğanın qondarma soyqırımın 100 illiyində iştirak edə bilməsi ehtimalı var. Güman edirəm ki, Ermənistan andiçmə mərasimində hansısa formada təmsil olunacaq. Xarici işlər naziri, ya da parlamentin spikeri səviyyəsində təmsil olunacağı istisna deyil. Ola bilsin ki, Ermənistan bu dəvət vastəsi ilə gələcək əməkdaşlığın təməlini qoymağa üçün də çalışsın".