Vasitəçi missiyanın fiaskosu Siyasət

Vasitəçi missiyanın fiaskosu

Ceyms Uorlik: "Biz münaqişəni həll edə bilmərik"
Elxan Mehdiyev: "Dağlıq Qarabağ münaqişəsi Con Kerridən deyil, Rusiya prezidenti Vladimir Putindən asılıdır"

"ABŞ dövlət katibi Con Kerri bu günlərdə Uelsdə keçirilən NATO sammiti zamanı Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanla səmərəli müzakirə aparıb". Bunu "Trend"ə müsahibəsində ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bildirib.
Onun sözlərinə görə, görüşdə məqsəd tərəflərin mövqelərini daha yaxşı anlamaq və onları sülhün təmin olunması üçün tədbirlər görməyə təşviq etmək idi.
Uorlik qeyd edib ki, dövlət katibi prezidentləri atəşkəs rejimi haqqında sazişə hörmət etməyə, qoşunların təmas xəttində gərginliyin aradan qaldırılmasına çağırıb və hər iki prezident Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına sadiqliklərini təsdiqləyiblər.
Həmsədr əlavə edib ki, C.Kerri həmçinin prezidentləri münaqişənin davamlı sülhlə nizamlanmasında irəliləyişə nail olmaqdan ötrü formal danışıqlar prosesinə başlamağa çağırıb: "Yaxın aylarda region xalqları üçün sülhün bərqərar olması ilə bağlı ümumi məqsədimizə nail olmaqdan ötrü qarşıda çoxlu görüləsi işlər var və dövlət katibi ilə görüş səylərimizi harada cəmləşdirəcəyimizi aydınlaşdırmağa imkan verdi".
Uorlikin sözlərinə görə, ATƏT MQ oktyabrın sonunda Parisdə Azərbaycan və Ermənistan prezidentlərinin və Fransa lideri Fransua Ollandın üçtərəfli görüşünün keçiriləcəyini gözləyir: "Ümid edirik ki, prezidentlər konstruktiv danışıqlar aparmağa hazır olacaqlar".
Həmsədr deyib ki, yalnız tərəflərin həqiqətən sülhə hazır olduqlarını nümayiş etdirdikləri zaman nəhayət münaqişənin həlli tapılacaq: "Biz tərəflərə Minsk qrupunun köməyi ilə davamlı nizamlanmaya nail olmaqda hər cür kömək göstərəcəyik, amma biz münaqişəni həll edə bilmərik. Nəticədə nizamlama üçün hər iki tərəfdən siyasi iradə tələb olunur".
Kaliforniya ştatı Senatının (parlamentin ali palatası) Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnaməni şərh edən Uorlik bildirib ki, ABŞ konstitutsiyası federal hökumətə xarici siyasət yürütmək hüququ verir: "Ştat hökumətləri və qanunverici orqanları xarici məsələlər barədə məcburi olmayan bəyanatlar verə bilərlər, amma onlar ABŞ siyasətini təmsil etmirlər".
Yeri gəlmişkən, ABŞ-ın Ermənistandakı səfiri Con Hefern də Minsk qrupunun missiyasının fiaskoya uğraması ilə bağlı maraqlı açıqlama verib. Onun sözlərinə görə, indiki məqamda həmsədrlər yeni heç nə hazırlamırlar.
ABŞ dövlət katibi Con Kerrinin təşəbbüsü ilə baş tutan prezidentlərin Uels görüşünü çox vacib adlandıran səfir əlavə edib ki, BMT Baş Assambleyasının sessiyası çərçivəsində prezidentlərin görüşünün baş tuta biləcəyinə əmin deyil: "Bildiyimə görə, Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü oktyabrın sonlarında prezident Fransua Ollandın dəvəti ilə Parisdə baş tutacaq. Hazırda həmsədrlər yeni bir şey hazırlamayıblar. Konturlar artıq aydın və dəqiqdir: indi əsas məsələ iki liderin bir masa arxasında əyləşib münaqişənin həlli istiqamətində addım-addım tərəqqiyə nail olmalarıdır".
Xatırladaq ki, sentyabrın 4-də Azərbaycan və Ermənistan prezidentləri Uelsdə ABŞ dövlət katibi Con Kerrinin iştirakı ilə bir araya gəlib. Görüşdə Qarabağ münaqişəsinin həlli üzrə danışıqların perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Xarici işlər naziri Elmar Məmmədyarov prezidentlərin görüşündən sonra mediaya bildirib ki, 4 sentyabr görüşündə münaqişə ilə bağlı böyük sülh sazişi layihəsinin hazırlanması təklifi verilib. Nazirin sözlərinə görə, ABŞ dövlət katibi təklif edib ki, böyük sülh sazişi üzərində iş aparılsın.
Konfliktoloq Elxan Mehdiyev hesab edir ki, sülh sazişi layihəsinin hazırlanması təklifi heç bir reallığa əsaslanmır: "Sülh sazişinin nə qədər qeyri-real olduğunu görmək üçün ilk növbədə Ermənistana, həmin ölkənin başında oturan hərbi cinayətkar Serj Sərkisyanın bəyanatlarına, onun Uels görüşündən sonrakı fikirlərinə diqqət yetirmək lazımdır. Sazişi Azərbaycan və Ermənistan imzalamalıdır. Erməni tərəfin isə belə bir saziş imzalamaq, işğal etdiyi torpaqlardan çıxmaq fikri yoxdur. Təcavüzkar məsələni, Azərbaycan prezidenti İlham Əliyevin də dəfələrlə dediyi kimi, uzatmağa israrlıdır, çünki məqsədinə çatdığını düşünür. Gələn il qondarma erməni soyqırımının 100 illiyidir. Ermənistan belə bir fonda sülh sazişi imzalayarmı?!"
Ekspertə görə, Con Kerri sadəcə arzusunu ifadə edir ki, sülh sazişi imzalamağın vaxtıdır: "Guya sülh sazişi imzalamağa 21 il müddət lazım idi? Bir də axı Dağlıq Qarabağ münaqişəsi Con Kerridən deyil, Rusiya prezidenti Vladimir Putindən asılıdır. Rusiyanın da başı indi ayrı işə qarışıb".
Moskva Karnegi Mərkəzinin Elmi Şurasının üzvü, professor, tanınmış politoloq Aleksey Malaşenko isə prezidentlərin görüşünü belə şərh edib: "ABŞ Uelsdə Ermənistan və Azərbaycana xatırlatdı ki, Rusiya ən vacib tərəf deyil. Qarabağ münaqişəsinin nizama salınmasında ABŞ-ın aktivləşməsi Soçidə keçirilən görüşün nəticəsidir. Amma bütün hallarda Ermənistana Rusiyanın yanından gedəcək başqa yeri yoxdur".