“Müharibənin 80 faizi Sərrac hökumətinin xeyrinə başa çatacaq” Siyasət

“Müharibənin 80 faizi Sərrac hökumətinin xeyrinə başa çatacaq”

“Liviyada Ramazan ayında atəşkəs elan edilməsinə rəğmən münaqişə davam edir. Bir il bundan qabaq hamı deyirdi ki, bu ölkədə məsələ həll olunub və qiyamçı general Xəlifə Haftar Liviyanı tam nəzarətə götürüb. Amma Türkiyə müdaxilə etdi və bütün oyunları pozdu. Hazırda ölkədə vəziyyət tam dəyişib”. Bu sözləri politoloq Əhəd Məmmədli deyib.
Onun sözlərinə görə, BMT tərəfindən tanınmış və Türkiyənin dəstəklədiyi Tripolidə yerləşən Milli Razılıq Hökuməti əks hücuma keçib, Qərb sahillərinə, Tunislə sərhədə qədər Haftarın muzdlu dəstəsini qovub. “Haftarın ən əsas hərbi bazası Vətiyyə mühasirəyə alınıb. Bütün bu uğursuzluqlardan sonra Xəlifə Haftar özünü prezident elan elədi. Bu addımını hətta onu dəstəkləyən dövlətlər belə tənqidlə qarşıladı. Bu fonda Ağ dənizdə buruqlara bir neçə ölkə iddia edir. Doğrudur, Türkiyə və Liviya sazişindən sonra, bu iddiaçılar geri çəkildilər. Liviya cəbhəsində hadisələr Türkiyənin dəstəklədiyi Sərrac hökumətinin üstünlüyü ilə davam edir. Görünən odur ki, proses bu cür davam etsə, Liviyada Milli Razılıq Hökuməti Liviyaya tam sahib çıxacaq. Artıq yerli tayfalar da milli hökuməti tanımağa başayıb”, - deyə o qeyd edib.
Politoloq vurğulayıb ki, Liviya ordusunun indiyədək olan açıqlamalara görə, martın 25-dən başlanan hərbi əməliyyatlar nəticəsində Suriyanın qərbində bir neçə qəsəbə və bir şəhər azad edilib, Tunislə sərhədə yaxınlaşıblar, Vətiyyə hərbi bazası mühasirədədir: “Həmin bazada 10 min civarında əsgər var. Deyilənlərə görə, Qəddafinin oğlu Seyf Qəddafi də orada yerləşirdi. Haftarın planı Tripolini alıb Seyf Qəddafini prezident elan etmək, onun adı ilə ölkəni idarə eləməkdən ibarət idi. Bu plan iflasa uğrayandan sonra özünü prezident elan etdi. Vətiyyə hərbi bazasının 42 kilometrliyində Rusiyaya məxsus hərbi texnikalara, Haftarın xidmətində olan “Vaqner muzdluları” güclü zərbələr endirilib. Bu hərbi baza tam azad olunandan sonra müharibənin 80 faizi Sərrac hökumətinin xeyrinə başa çatacaq. Çümki olduqca strateji hərbi bazadır”.