Qarabağ həm də namus davamızdır... Siyasət

Qarabağ həm də namus davamızdır...

Arzu Şirinova

Hər gün televiziyalarımızda çal-çağırdır. Sanki Dağlıq Qarabağı işğaldan azad etmişik, qız-gəlinlərimizə, ana-bacılarımıza erməni təcavüzünün qisasını almışıq... Bunların heç biri baş vermədiyi halda nəyin şadyanalığını edirik? Televiziyalar bugündən başlayacaqlar ağlaşma verilişlərini efirə verməyə. Uzaqbaşı son illər ərsəyə gələn bir-iki filmi də nümayiş etdirəcəklər, kampaniya xarakterli tədbirlərdən bəzi görüntülər verib işlərini bitmiş sayacaqlar. Xocalı soyqımı tarixi bitəndən sonra isə yenə də çal-çağır başlayacaq, nə başlayacaq... Sanki biz bir millət olaraq çal-çağır üçün dünyaya gəlmişik. İndi isə keçirəm mətləbə.
Düşmənimiz olan ermənilər təkcə torpaqlarımıza təcavüz edərək, işğala məruz qoymayıblar. Eyni zamanda, namusumuza təcavüz edərək Azərbaycan qadınını çamura bulaşdırıb, Azərbaycan kişisini isə başıaşağı, diliqısa, gözükölgəli hala salıblar. Bəlkə də bu fikirlərimlə razılaşmayanlar tapıldı və mənasız arqumentlər gətirərək, özlərinə haqq qazandırmağa çalışdılar. Ancaq nə qədər çalışsalar da, əlahəzrət faktın və baş verən iyrənc olayların qarşısında acizdirlər.
"Azərbaycana qarşı erməni təcavüzünün nəticələrinin aradan qaldırılmasına dair Vahid Mövqe" adlı sənədin son variantını oxucuların diqqətinə çatdırırıq. Həmin sənəddə azərbaycanlı əsir qadınlara qarşı erməni vəhşiliklərini əks etdirən faktlar və şahid ifadələri var. Bu vəhşiliklərlə siz də tanış olun.

xxx

"Dörd yaşlı qızıma sataşdılar. Sonra biz qadınları Xankəndində erməni ordusu olan yerə apardılar, lüt soyundurdular, hamımızı zorladılar və yerə yıxıb sürüdülər".

xxx

"Bizi Pircamal kəndində tövlədə sçaxlayırdılar. Ata-anamın gözü qarşısında məni, 15 yaşlı ortancıl bacımı və 9 yaşlı kiçik bacımı dəfələrlə zorladılar, papiros çəkib bədənimizdə söndürdülər. Yaşlılar, cavanlar növbəyə durub biz bacıları zorlayırdılar, saçlarımızdan tutub sürüyürdülər".

xxx

"Məni Əsgəran milis şöbəsinə gətirdilər, orada uşaqlarımın gözləri qarşısında döyərək dəfələrlə zorladılar".

xxx

"Damarıma iynə vurdular, özümdə deyildim, məni növbə ilə zorladılar, sonra itlə əlaqəyə girməyə məcbur etdilər".

xxx

"Orada 13-14 yaşlı qızlarımızı gözlərimizin qarşısında zorlayırdılar. Onların səsləri indiyədək qulağımdan getmir".

xxx

"Əsirlikdə olan qadınların körpə uşaqlarını alır, gözlərimizin qarşısında göyə atıb avtomatın süngüsünə keçirirdilər".

xxx

"Xankəndində uşaq bağçasında 12-13 yaşlarında qızları zorlayırdılar. Qızlardan birinin anası dözməyib özünü kəndirlə boğub öldürdü".

xxx

"Bir qızı soyundurub lüt halda rəqs etdirmiş, sonra zorlamışdılar. Ertəsi gün həmin qız yabanı qarnına soxaraq özünü öldürdü".

xxx

"200-dən artıq uşaq, qoca və qadınlarla birlikdə Əsgəran rayonunun milis idarəsinin zirzəmisində saxlanılırdım. Hamımızı avtomat qundağı, təpik və yumruqla döyürdülər. Cavan qız-gəlinlərin başlarını divara vuraraq huşsuz halda sürüyüb aparırdılar".

xxx

"Palatalardan birində 4-5 yaşında bir qızcığaz yatırdı. Onun gözlərində müharibənin bütün dəhşətlərini, əzablarını gördüm. Onu zorlamışdılar".

xxx

"Xankəndində erməni əsgəri olan kazarmada 8 nəfər qızı, o cümlədən məni növbəyə qoyub zorladılar, sonra çılpaq vəziyyətdə "dubinka" ilə döydülər. Oradan isə bizi Əsgəran milis şöbəsinə apardılar, yenə də döyüb zorlamağa başladılar".

xxx

"Hələ də bu dəhşətdən özümə gələ bilmirəm. Ondan sonra həyat mənim üçün o qədər iyrənc görünür ki, yaşamaq istəmirəm".

xxx

İstər Xocalı, istərsə də digər faciələrimiz tarixi və bədii kitablarda, rəsm əsərlərində öz əksini layiqincə tapmalıdır. Düzdür bəzi istisnaları çıxmaq şərtilə, hələ də bu istiqamətdə nə tutarlı tarixi və bədii kitablara, nə də incəsənət nümunələrinə rast gəlməmişik. Ancaq düşmənimizin yazıçısı sayılan (əslində bu adam cəlladdır) Zori Balayan kimilər nəinki uydurma tarixlərini bədiiləşdirirlər, eyni zamanda heç çəkinmədən başımıza gətirdikləri faciələrimizdən həzz aldıqlarını yazırlar. Zori Balayanın "Ruhumuzun canlanması" kitabındakı bəzi məqamlara diqqət yetirmək kifayətdir ki, ermənilərin dünən də, bu gün də türkün başına gətirdikləri oyunlar aydınca görünsün. Xocalı faciəsindən sonra Zori Balayan keçirdiyi sevinc hislərini qələmə alaraq yazır: "...sadəcə xalqının qəlbi sökülən və acının atəşinə atılan erməni bu sətirlərdən qürur və məmnuniyyət duya bilir. Mən də vətəndaş namusunun və kişinin müqəddəs vəzifəsinin əmrilə bu üfunət iyi verən Monqol uşaqları ilə hesablaşırdım. Biz Xaçaturla onların saxlanıldığı yerə gedərkən, əsgərlərimiz uşaqlardan birini artıq pəncərəyə mıxlamışdı. Səs-küy salmaması üçün Xaçatur öldürülmüş anasının döşünü onun ağzına saldı. Daha sonra bu 13 yaşlı türkə qarşı onların atalarının bizim uşaqlarla davrandığı kimi davrandım. Başından, qarnından və döşündən dərisini soydum. Yeddi dəqiqədən sonra qan itkisindən öldü. İlk peşəm həkimlik olduğu üçün humanistəm və buna görə də həmin uşağa verdiyim əzablara görə mutluluq duymadım. Ancaq ən azından, xalqımın qisasının bir faizini aldığım üçün ruhum alovlanırdı. Xaçatur onun vücudunu parçalara ayırdı və bu türkün kökü olan köpəklərə atdı. Ağşamüstü eyni oyunları daha üç türkün başına gətirdik. Mən bir erməni vətənpərvər və vətəndaşın üzərinə düşən məsuliyyəti yerinə yetirdim. Xaçatur da çox tərlədi. Mən onun və digərlərinin gözlərində intiqamın və güclü humanizmin mübarizəsini gördüm. Daha sonra uşaqlıq dostum mayor belə dedi: "Biz heyvan deyilik. Ancaq soyıqqanlı olmalıyıq. Türk cəlladlarının əlilə öldürülən qurbanların ruhları sakitləşdirilməlidir". Ertəsi gün biz kilsəyə gedərək, 1915-ci ildə ölənlərin ruhları üçün dua etdik".

xxx

Bu cür faktları yazmaqla qurtaran deyil. Azərbaycanlı olan kişilərə-vəzifəlidən tutmuş, ziyalısına, siyasətçisinə, sıravisinə qədər- sual verirəm, əgər sizin qadınınızı, ananızı, bacınızı və qızınızı gözlərinizin qarşısında zorlasaydılar nə edərdiniz? Yenədəmi kürsünü namusundan uca tutub, illəri bir-birinin ardınca yola salardın? Yenədəmi Xankəndinə gedib "xalq diplomatiyası" adı altında namusuna təcafüz edənlərlə, onların yaxınları ilə əl verib görüşərdin və hətta bir masa arxasında oturub utanmadan, qızarmadan çörək kəsərdin? Yenədəmi namusdan, qeyrətdən, kişilikdən və daha nə bilim çoxlarında olmayan bu kimi dəyərlərdən dəm vurub həyasızcasına danışardın? Yetməzmi bu rəzillik?
Belə rəzil həyat sürməkdənsə, silaha sarılıb düşmən tapdağında olan tolrpaqları azad etmək və bu yolda şəhid olmaq şərəfli deyilmi? Əlbəttə, şərəflidir. Azərbaycan qadınına bu şərəfi yaşatmaq lazımdır. Bunu yaşatmaq isə Azərbaycan kişilərinin borcudur. Borcunuzu indi ödməsəniz, sabah sizlərin də namusuna əl uzadılacaq, bunu anlayırsınızmı? 22 il bir zaman bəs etməzmi?