“Eldəniz Quliyev etnik qarşıdurma yaratmaq istəyirdi” Siyasət

“Eldəniz Quliyev etnik qarşıdurma yaratmaq istəyirdi”

Qüdrət Həsənquliyev: "O, peşəkar təxribatçıdır və İran kəşfiyyatına qulluq edən adamdır"

"Eldəniz Quliyev də xarici qüvvələr tərəfindən ortaya atılan və idarə olunan peşəkar təxribatçıdır. O, layiqli cavabını almalıdır. Baxın, bu adam məni təhqir edib. Çünki ittihamlarıma cavab verə bilmir. Mən konkret şəxslərə qarşı ittiham irəli sürürəm. Məsələn, parlamentdə çıxışım zamanı demişdim ki, bunlar prezident Elçibəydən xəbərsiz Daxili İşlər nazirinin otağına gələrək Naxçıvana zəng edib Heydər Əliyevi Bakıya dəvət ediblər. Bu, Elçibəyə xəyanət idi. Əli Kərimli çıxıb desin ki, belə bir şey olmayıb və ya Elçibəyin bundan xəbəri olub".

Bunu "Gündəlik Teleqraf" qəzetinə müsahibəsində BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev bildirib. Müsahibəni təqdim edirik.

- Qüdrət bəy, akademik Ramiz Mehdiyevin Dövlət İdarəçilik Akademiyasındakı çıxışı ciddi müzakirə edilir. Bəzi siyasətçilər bunu islahatların anonsu, bəziləri etiraf, bəziləri hakim komandanın problemlərin üzərinə getməsi kimi təqdim edir. Siz bu çıxışı necə şərh edirsiniz?

- Bu, çıxışa kimin hansı mövqedən yanaşmasından asılıdır. "Azadlıq" qəzeti bunu etiraf, "Yeni Müsavat" qəzeti isə islahatların başlaması anonsu kimi təqdim edib. Hesab edirəm ki, bunların heç biri deyil. Ramiz Mehdiyev təcrübəli dövlət adamı kimi fərqindədir ki, hakimiyyətin xalqdan dəstək alması üçün problemləri ört-basdır etmək deyil, artıq bu problemlər kəskinliklə ortaya çıxırsa, bunu ictimai müzakirəyə çıxarmaq lazımdır. Üstəlik sadalananlar o tipli problemlər deyil ki, icra orqanı göstərişlə həll edə bilsin. Bəziləri deyirlər ki, problem varsa, bunu niyə həll etmirlər? Təcrübəli dövlət adamı odur ki, nəyin bağlı qapılar arxasında göstəriş və sərəncamla, nəyi ictimai müzakirəyə çıxarmaqla həll etməyin mümkünlüyünü bir-birindən fərqləndirə bilir. Əslində, bu çıxış ona yönəlib ki, qaldırılan problemlər ictimai müzakirəyə təqdim edilsin. Bu problemləri göstərişlə, əmrlə həll etmək mümkün deyil. Əksinə, geniş xalq kütlələrinin, ziyalıların, jurnalistlərin bu problemə cəlb edilməsi lazımdır. Baxın, bir qrup insanda hələ də belə fikir var ki, orta məktəblərdə yuxarı siniflərə qız uşaqları buraxılırsa, sanki bu əxlaqa, mentalitetə zidd addım, qeyrətsizlik halıdır. Mənim bir tanışım var idi, biləndə ki, onun qız övladı yuxarı sinfə getmir, sual etdim: "Sən ali təhsillisən, niyə uşağı məktəbə qoymursan". Cavab verdi ki, qızı yuxarı sinfə buraxsam, onu heç kim almayacaq. Artıq həmin bölgədə bu cür ictimai fikir formalaşıbsa, deməli, bunu əmrlə həll etmək olmaz. Əksinə, həmin fikri, stereotipləri dağıtmaq lazımdır. Bu da ictimai müzakirədən keçir. İctimai müzakirə zamanı, mən çıxıb deyəcəyəm ki, ali savadlı xanımların uşaqlara verdiyi tərbiyə digər qadınlardan fərqlənir. Məsələn, Sinqapurda ali savadlı xanımlarla evlənənlərə dövlət bir neçə dəfə artıq yardım edir. Avstraliyada qız uşaqlarını məktəbə buraxmayan ailələr dövlət güzəştlərindən məhrum edilir. Dövlət tərəfindən inzibati addımlar bundan o tərəfə ola bilməz. Məndə olan məlumata görə, Masallıda, Astarada və digər rayonlarda ailədə çoxlu qız uşaqları olur. Başqa rayondan iş adamı gəlib bəzən bir ailədən 3-4 qız uşağını aparıb rayonda soğan, kartof yığdırır və onlara da qul əməyinin dəyərini verirlər. Yaxşı, onda söhbət qeyrətdən gedirsə, sən bunu özünə necə sığışdırırsan, guya qeyrətli olub qız uşağını məktəbə buraxmırsan, amma 3-4 qızını iş adamı başqa rayona aparıb plantasiyada işlədir, az da maaş verir. Sən də bunu qeyrətsizlik kimi qəbul etmirsən. Mən, əlbəttə, müqavilə bağlayaraq günəmuzd işləyən qızlara da pis baxmıram. Əgər doğrudan da iş adamı bu qızlara normal şərait yaradırsa, normal əmək haqqı verirsə, çox gözəl. Sadəcə, insanlar müqayisə etsinlər. Demək istəyirəm ki, ictimai müzakirə olmasa, bu problemləri həll etmək olmaz.

- Həmin çıxışda kadr çatışmazlığı haqqında da fikirlər var idi. Ancaq baxanda görürük ki, siyasi partiyalarda, YAP-da, QHT sektorunda və media aləmində kifayət qədər savadlı şəxslər var. Bu şəxslərin potensialından istifadə etmək mümkün deyilmi?

- Əlbəttə, söhbət yüksək ixtisaslı kadrlardan gedir. Partiyalarda olan kadrlar elə YAP-da da var. Ramiz Mehdiyevin məqaləsində söhbət yüksək ixtisaslı, xarici dilləri bilən, beynəlxalq aləmdə rəqabətə davamlı kadrlardan gedir. Bu kadrları yetişdirmək üçün universitetlərin səviyyəsi qaldırılmalıdır. Bunun üçün köklü islahatlar aparılmalı, universitetlər özəlləşdirilməli, təhsil kreditləri verilməlidir. Bizdə qayda belədir ki, universitetlərdə təhsilin əsas hissəsi pulludur. Əgər bu, pulludursa, universitet niyə dövlət tərəfindən yönəldilsin. Bunu özəlləşdirmək lazımdır. Əvvəla, universitet dövlət büdcəsinə pul ödəyəcək, dövlət də ağır yükdən azad olacaq. Bu zaman universitetlərə dövlətin ayırdığı maliyyə orta məktəblərdə tədrisin keyfiyyətli olmasına istiqamətlənə bilər. İndi belədir ki, imtahan vaxtı kim yüksək bal toplaya bilirsə, pulsuz təhsil alır. Məncə, bu, ədalətli yanaşma deyil.

- Niyə?

- Orta təhsil dövründə hansı valideynin imkanı varsa, övladına daha yaxşı müəllim tutur. Bu uşaqlar da test imtahanında daha yüksək bal toplaya bilir. Beləliklə də imkanlı ailənin uşağı universitetdə pulsuz təhsil alır, hansı ki pullu təhsil almağa imkanı çatır. Kasıb ailə isə güclü repetitor tuta bilmədiyi üçün uşağı pullu təhsilə düşür. Valideyn də çalışır ki, universitetin pulunu ödəyib uşağı oxutdura bilsin. Məncə, daha ədalətli olar ki, təhsil krediti olsun. Mənim pulum varsa, gedib universitetə pul ödəyib təhsil alım. Kiminsə imkanı yoxdursa, çox cüzi faizlə təhsil krediti əldə edib oxusun. Dünyanın keçdiyi yol var. Dünyanın ilk iki yüzlüyünə daxil olan universitetlərə baxın, orada bir dövlət universiteti varmı? Moskva Dövlət Universiteti ilk 500-lüyə daxildir. Medvedev prezident olanda universitetdə sorğu keçirdi və bəlli oldu ki, uşaqların 34 %-i iki alıb. Yəni bu, özünü doğrultmur. Bizdə xanlıqlar dövrü olanda Britaniyada parlamentli respublika idi. İnkişaf etmiş xalqların keçdiyi yollar var və bizim də yenidən velosiped icad etməyə ehtiyacımız yoxdur. Qabaqcıl millətlərin təcrübəsindən istifadə etmək lazımdır. Ramiz Mehdiyev təcrübəli dövlət adamı olaraq bu məsələləri müzakirəyə çıxarıb.

- Bu məqalədə növbəti parlament seçkilərində hakim partiyanın namizədlərinin də dəyişdiriləcəyinə dair mesajlar varmı?

- Yox. Bu məqaləni mən böyük islahatların, kadr dəyişikliklərinin anonsu kimi qəbul etmirəm. Sadəcə olaraq, Ramiz müəllim təcrübəli dövlət xadimi kimi bilir ki, bu problemlər kəskinləşir və onu ört-basdır etmək təmsil etdiyi komandanın maraqlarına cavab vermir. Ramiz müəllim bilir ki, bu məsələni administrativ yolla həll etmək olmaz. Odur ki, problemi ictimai müzakirəyə çıxarır. İctimaiyyət bu prosesə qatılmalı, təkliflər irəli sürməlidir. Övladlarını orta məktəbə buraxmayan valideynlər cərimə olunmalı, lazım gələrsə, inzibati qaydada həbs edilməli, valideynlik hüququndan məhrum edilməlidirlər. Əlbəttə, övlad sənin ola bilər, amma sən onu icbari təhsildən yayındıra bilməzsən. Bizdə orta təhsil icbari idi. Ancaq "Təhsil haqqında Qanun"a orta təhsil deyilən məfhum daxil edildi. Bununla da qızlar 9-cu sinifdən sonra orta məktəbə getməyə bilər. 9-cu sinifdən çıxan qız uşağı ərə getmək istəyəcək. Amma 11 il oxusa, dünyagörüşü formalaşacaq. Akademik Ramiz Mehdiyev təmsil etdiyi komandanın maraqlarını qorumağı bacaran ağıllı və təcrübəli şəxs kimi bu məsələləri ictimai müzakirəyə çıxarıb. Məncə, cəmiyyət bundan ancaq faydalanacaq.

- Siz Milli Məclisdə çıxışınız zamanı Eldəniz Quliyevi peşəkar təxribatçı adlandırmısınız. Onunla bağlı belə sərt mövqe ortaya qoymaq zərurəti nədən yarandı?

- Parlamentdə "Polis haqqında Qanun"a dəyişiklik zamanı müzakirə gedirdi. Orada bəzi deputatlar məsələ qaldırdılar ki, polisə qarşı bəzən əsassız ittihamlar irəli sürülür. Sizə deyim ki, parlamentdə zaman-zaman tənqidi fikirlər olur, hətta YAP-dan olan deputatlar da ayrı-ayrı faktlar üzrə tənqid səsləndirir. Mən görməmişəm ki, nazirlik kimisə məhkəməyə versin. Ramil Usubov təcrübəli nazirdir və Eldəniz Quliyevi təsadüfən məhkəməyə verməyib. Bu gün Eldəniz Quliyevlə bir yerdə olan adamlar, həmin Milli Şuranın ideoloqları bir zamanlar bəyan edirdilər ki, Eldəniz Quliyev bataqlıq iyi verən və İran kəşfiyyatına xidmət edən şəxsdir. Bu adam prezident seçkiləri öncəsi talışların hüquqlarının müdafiəsi komitəsi yaratmışdı. Bəs indi bu komitə niyə fəaliyyət göstərmir? Demək, məqsəd, sadəcə, su bulandırmaq, etnik qarşıdurma yaratmaq cəhdi idi. Azərbaycanda insan hüquqları ilə bağlı problemlər var və bu problemlərlə azərbaycanlılar da, talışlar da, ləzgilər də, avarlar da rastlaşır. Ancaq Eldəniz Quliyev Moskvada, Avropada, Rusiyada Azərbaycan əleyhinə fəaliyyət göstərən şəxslərlə birlikdə belə komitə yaratdı. Bu faktlar mətbuatda var. Bu adam peşəkar təxribatçıdır. Onun "Səhər" kanalında etdiyi çıxışları hamı xatırlaya bilər, onlar təxribatçı çıxışlar idi. Mən ona görə dedim ki, bu peşəkar təxribatçıdır və İran kəşfiyyatına qulluq edən adamdır. Belələri də ifşa olunmalıdır. Haqlı olaraq da məhkəməyə verilib. O, məhz polisin gözdən salınmasına hesablanan açıqlamalar verir. Biz bəzi ölkələrin təcrübəsindən görmüşük ki, iğtişaşlardan öncə müəyyən hazırlıq işləri aparılır, polisin tərksilah olunması istiqamətində fəaliyyət qurulur. Polis özünə inamını itirir, səhər öz vəzifəsini vicdanla yerinə yetirmir. Xarici qüvvələr də hüquq-mühafizə orqanları mənən tərksilah olunandan sonra hərəkətə keçirlər. Beləcə ölkədə kütləvi iğtişaşlar başlayır. Bu dünyada bir taktikadır. Eldəniz Quliyev də xarici qüvvələr tərəfindən ortaya atılan və idarə olunan peşəkar təxribatçıdır. O, layiqli cavabını almalıdır. Baxın, bu adam məni təhqir edib. Çünki ittihamlarıma cavab verə bilmir. Mən konkret şəxslərə qarşı ittiham irəli sürürəm. Məsələn, parlamentdə çıxışım zamanı demişdim ki, bunlar prezident Elçibəydən xəbərsiz Daxili İşlər nazirinin otağına gələrək Naxçıvana zəng edib Heydər Əliyevi Bakıya dəvət ediblər. Bu, Elçibəyə xəyanət idi. Əli Kərimli çıxıb desin ki, belə bir şey olmayıb və ya Elçibəyin bundan xəbəri olub. Bu ittihama cavab verilmir, bunun üzərindən sükutla keçirlər, ancaq tez gedib Eldəniz Quliyevdən müsahibə alırlar ki, bu şəxs məni söysün. Eldəniz Quliyev də böyük həvəslə bunu edir. Üstəlik Eldənizə dediyim, "sən peşəkar təxribatçısan, komitə yaratmışdın, indi niyə fəaliyyət göstərmir" sualıma cavab yoxdur. Amma başlayır şəxsimə yönələn təhqiri fikirlər səsləndirməyə. Mən xarici kəşfiyyata xidmət edənlərə cavab vermək niyyətində deyiləm. Ancaq mənim bir deputat və siyasətçi kimi borcumdur ki, onları ifşa edim. Biz Liviyada, Misirdə, İraqda baş verənləri görürük və imkan verməməliyik ki, ölkəmiz o günə salınsın.

(Ardı var...)