“Bir ovuc qalıblar” Siyasət

“Bir ovuc qalıblar”

Rauf Arifoğlu: "Əli Kərimli və dəstəsinə müalicəsi olmayan xəstəlik kimi yanaşıram"
"Əli Kərimli və dəstəsinə müalicəsi olmayan xəstəlik kimi yanaşıram". Bu sözləri APA-ya açıqlamasında AXCP sədrinin müavini Fuad Qəhrəmanlının "Yeni Müsavat" qəzetinin hakimiyyətin sifarişini yerinə yetirdiyi barədə ittihamlarına münasibət bildirən "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu deyib.
R. Arifoğlu Əli Kərimlinin təşəbbüsü ilə bir neçə dəfə "Yeni Müsavat" və AXCP arasında münasibətlərin düzəldiyini xatırladıb: "Adətən, seçkilər ərəfəsində münasibətlər düzəlir, seçkilərdən sonra münasibətlər korlanır. Aradan böyük bir dövr keçməsinə baxmayaraq, söhbət 2003-2014-cü illər arasından gedir, 11 il ərzində 2-3 dəfə münasibətlər düzələndə hər şey yaxşı olur, qəzetdə çıxış edirlər, redaksiyamıza gəlirlər, səhifə-səhifə müsahibə verir, şəkil çəkdirir, söylədikləri ittihamları da "unudurlar". Növbəti dəfə istəklərinə nail olmayanda, qəzeti tamamilə öz mənafelərinə uyğunlaşdıra bilməyəndə yenidən təhdid edirlər. Belə anormal vəziyyətdə qalmışıq. Ona görə də, açıq demişəm ki, Əli Kərimli və siyasi mənada kültürsüz, gerilikçi, normal sivilizasiyanın və demokratiyanın qaydalarını bilməyən, mətbuat azadlığını və xüsusi şəxsə məxsus olan qəzetin sərhədlərini, azadlığını tanımayan bir dəstənin hakimiyyətə gəlməsindənsə, indiki hakimiyyətin iş başında qalması daha faydalıdır".
R. Arifoğlunun fikrincə, Əli Kərimli və partiyasının hakimiyyətə gəlmək şansı yoxdur: "Çünki bir ovuc qalıblar. Təsəvvür edin ki, Əli Kərimlinin yanında "ən böyük adam" Fuad Qəhrəmanlıdır. Hətta müxalifət təşkilatı kimi kadr potensialı olmayan bir təşkilatın hakimiyyətə gəlmək şansı yoxdur. Amma bu şansları olsa belə, hesab edirəm ki, bu cür zəka və yanaşma ilə hakimiyyətə gəlmək Azərbaycan üçün böyük, qarşısıalınmaz bir fəlakət ola bilərdi. Şükürlər olsun ki, onların hakimiyyətə gəlmək şansları yoxdur və olmayacaq da. Fuad Qəhrəmanlı bu dəstənin ən parlaq simalarından biridir, böhtan, şər və təhqir leksikonu kifayət qədər genişdir, əsas missiyası və funksiyası Müsavat Partiyası və "Yeni Müsavat"ı hədəfə götürməkdir. Bu dəstənin siyasətdəki rolu ancaq siyasi mühiti bulandırmaq, insanlara böhtan atmaq, onları şantaj etmək, reketçilik, ayrı-ayrı vəzifəli şəxslərlə gizli əlaqəyə girərək əllərindəki media gücündən yararlanıb, rüşvət almaq kimi əməllərdən ibarət olacaq".
R. Arifoğlu dözməkdən başqa çarələrinin olmadığını dilə gətirib: "Bolşevik təfəkkürlü insanlardır, cəmiyyəti, müxalif düşərgəni zəhərləməklə, bulandırmaqla məşğuldurlar. Lakin dözməkdən başqa çarəmiz yoxdur. Çünki dözümlü, tolerant olmaq, hətta səni təhqir, tənqid edən, böhtan atan qüvvələrə və şəxslərə də dözmək demokratiyanın, tolerantlığın əlifbasında yer alıb. Bizim ürəyimiz genişdir, onlara qucaq açmasaq da, hər halda ürəyimizdə onların tənqid, təhqir və böhtanlarına da yer var və təhqirlərini, böhtanlarını özləri ilə bir yerdə ora gömür, dəfn edirik".