“Ermənistanın danışıqlarda maraqlı deyil” Siyasət

“Ermənistanın danışıqlarda maraqlı deyil”

Vüqar Abbasov: "Torpaqlarımızın başqa vasitələrlə geri qaytarılmasını təmin etməliyik"

"Bu qanun layihəsinin parlamentə təqdim olunmasının, mənim fikrimcə, bir neçə səbəbi var: İlk növbədə ictimai rəydə özünün reytinqini yüksəltməyə hesablanan kimi görünsə də, məncə əsas məqsəd həm də bunun kimə, hansı ölkəyə necə təsir edəcəyini yoxlamaq idi"
Bu sözləri BayMedia Hollandiya və Beynəlxalq Jurnalistlər Birliyinin üzvü, politoloq Vüqar Abbasov Ermənistan parlamenti tərəfindən qondarma "Dağlıq Qarabağ Respublikasının" müstəqilliyini tanımamasını şərh edərkən deyib.
Politoloq hesab edir ki, Azərbaycan bu məsələdə olduqca sərt və mövqe nümayiş etdirməlidir:"Hamımız bilirik ki,Ermənistan tərəf böyük güclərin,havadarlarının icazəs olmadan belə bir addım atmazdı və yenə də belə icazə olmadan Qarabağı ayrıca bir dövlət kimi tanımaz. Böyük güclərin isə hələlik Azərbaycanda maraqları var və onlar məhz öz maraqları naminə belə bir qərara razılıq verə bilməzlər. Əgər Ermənistan tərəf bu qanun layihəsinin qəbul etsə idi, düşünürəm ki, bu həm də onun havadarlarının qərarı hesab edilə bilərdi və tədricən bu dövlətin həm də həmin addımı atacağını gözləməli idi. Ancaq qeyd etdiyim kimi, hələlik onların maraqları buna imkan vermir. Odur ki, düşünürəm ki, indiki vəziyyətdən böyük dövlətlərin ölkəmizdə olan maraqlarından biz də öz marağımıza görə istifadə etməyi bacarmalıyıq. Təbii ki, Ermənistan bununla həm də Azərbaycanın atacağı addımları hesablamağı düşünür. Buna görə də Azərbaycanın bundan yararlanması lazımdır. Biz dünyaya Ermənistanın danışıqlara maraqlı olmadığını sübut etməli və torpaqlarımızın başqa vasitələrlə geri qaytarılmasını təmin etməliyik".

Elnur Eltürk