Ordumuza ermənilərin 30 ildə yaratdığı “güclü ordu” mifini darmadağın etməsinə cəmi 10 gün lazım oldu Siyasət

Ordumuza ermənilərin 30 ildə yaratdığı “güclü ordu” mifini darmadağın etməsinə cəmi 10 gün lazım oldu

Ötən ayın 27-si düşmənin təxribatlarına cavab olaraq ordumuz əks-hücum əməliyyatlarına başladı. Elə döyüşlərin ilk günündən müsbət nəticələr əldə edən Azərbaycan Odusu Ermənistan ordusuna məxsus silah-sursat anbarını dağıtdı. Cəbhənin Goranboy istiqamətində qoşunlarımızın keçirdiyi hərbi əməliyyat nəticəsində düşmənin ön xəttini yarıb 7 kəndi, Murov dağı silsiləsindəki Murov zirvəsi işğaldan azad etdi.

Erməni təxribatının qarşısının alınması istiqamətində həyata keçirilən əks-hücum nəticəsində düşmənin çoxlu sayda canlı qüvvəsi və döyüş texnikası məhv edildi, erməni əsgəri texnikaları atıb qaçdı. Düşmən elə ilk gündə 16 hərbiçisini itirdi, 100-dən çox yaralı verdi.

Əks-hücum əməliyyatlarının növbəti günlərində də işğal altında olan torpaqlarımızın bir qismi azad edildi. Ordumuz öz torpaqlarımızda həyata keçirdiyi döyüşlərdə üstünlüyü ələ aldı. Hərbi əməliyyatların başlanmasından indiyə qədər düşmənin minlərlə canlı qüvvəsi, yüzlərlə texnikası məhv edildi. Erməni hərbiçilərin hərbi texnikalarını qoyaraq qaçması düşmən tərəfinin düşdüyü vəziyyətin əyani sübutudur.

Azərbaycan hərbi əməliyyatlarda əldə etdiyi uğurlarla yanaşı, diplomatik müstəvidə də irəliləyişlərə nail olub. Artıq erməni baş nazir Nikol Paşinyan ağ bayraq qaldırıb. Azərbaycana qarşı iddia və hikkələrlə danışan Paşinyan kapitulyasiya olmaq astanasındadır. Ermənistan rəhbərliyinin danışıqlarda Azərbaycana şərt qoymaq, danışıqlar prosesinin formatını dəyişmək kimi bütün iddiaları darmadağın edildi. Ermənistan Azərbaycanın tələb etdiyi şərtlər əsasında danışıqlar prosesinə getmək üçün bu gün özü yalvarır.

Prezident İlham Əliyevin isə tək bir tələbi var, işğal edilmiş torpaqlarımız azad olunsun və erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından çıxarılmasının cədvəli verilsin. Bu şərtlər əməl edildikdən sonra atəşkəs haqqında danışmaq olar.

Prezident İlham Əliyev bu gün xalqa müraciətində işğalçı Ermənistana son xəbərdarlığını etdi. Dövlət başçısı bildirdi ki, Moskva danışıqlarından sonra yenə də saxtakarlıq edəcəklərsə, özləri peşman olacaqlar.

Ermənistanın iki yolu var: ya işğal olunmuş torpaqlarımızı tərk etməlidir, ya da Azəraycan Ordusu işğalçını torpaqlarımızdan təmizləyəcək.