Tarixçi alim: Dağlıq Qarabağdakı prosesləri “müsəlman-erməni qarşıdurması” kimi qələmə vermək ermənilərin növbəti təxribatıdır Siyasət

Tarixçi alim: Dağlıq Qarabağdakı prosesləri “müsəlman-erməni qarşıdurması” kimi qələmə vermək ermənilərin növbəti təxribatıdır

Azərbaycan vətəndaşları olan dinc erməni xalqı özü də işğalçı ordunun ölkəmizin ərazilərindən çıxarılmasını tələb etməli, günahsız insanların məhv olmasına imkan verməməlidir.

Bunu AMEA Qafqazşünaslıq İnstitutu “Ermənişünaslıq” şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru Qasım Hacıyev deyib.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda baş verən prosesləri “müsəlman-erməni qarşıdurması” kimi qələmə vermək ermənilərin növbəti təxribatıdır:

"Ermənilər tarixən heç zaman xristianlığın möhkəmlənməsinə xidmət etməyiblər, əksinə, xristianlığın parçalanmasında “böyük rol” oynayıblar. Xristianlıq dini katolikliyə və pravoslavlığa bölünənə qədər də, ondan sonra da ermənilər bu dinin inkişafına heç bir töhfə verməyiblər. Ermənilər xristianlığın hər iki qolundan ayrılaraq özləri üçün xristianlığın yeni bir “formasını” yaradıblar ki, bu da qriqoryanlıqdır. Belə ki, onlar katoliklik və pravoslavlıqdan fərqli bir inanc olan qriqoryanlığı qəbul ediblər. Bu gün xristian amilindən istifadə edən ermənilər qriqoryanlığın yaranma tarixini bilməyənlərdir".

Tarixçi qeyd edib ki, ermənilər özlərini xristian hesab etsələr də, xristian mədəniyyətinə şərik kimi aparsalar da, bunun mahiyyətində erməni şovinizmi, separatizmi dayanır. Onlar bu adın altında əsrlərdir təxribatla, terrorla, separatçılıqla məşğul olublar. Ermənilər dəfələrlə pravoslav və katolik kilsələrinə qarşı təxribatçı hərəkətlərə də yol veriblər.

Q.Hacıyev əlavə edib ki, Azərbaycan ərazilərinə hərbi təcavüz edən, təxribatlar törədən Ermənistan indi özünü dünyada “xristian dininin yeganə müdafiəçisi” kimi qələmə verməyə çalışır. Əslində, məqsəd xristian dünyasını qıcıqlandırmaq və Azərbaycan dövlətinə qarşı istifadə etməkdir:

"Azərbaycan Ordusunun ərazi bütövlüyünü bərpa etmək üçün həyata keçirdiyi əks-hücum əməliyyatlarının qarşısını almaq üçün Ermənistan xristian amilindən sui-istifadə etməyə çalışır. Dağlıq Qarabağda baş verən prosesləri “müsəlman-erməni qarşıdurması” kimi qələmə verməyə cəhd edirlər. Bu gün isə özlərini “məzlum xristian” kimi göstərməklə dünya xristianlarının diqqətini cəlb etmək istəyirlər".

Alim qeyd edib ki, Azərbaycanda nə indi, nə də tarixin heç bir dönəmində xristianlığa, xristianlara qarşı pis münasibət olmayıb, əksinə, onlar üçün burada hər cür şərait yaradılıb. Azərbaycanda yaşayan xristian inanclı insanların da Azərbaycan ordusuna böyük dəstəyi var:

"Şübhə yoxdur ki, ermənilərin bu iddiası da dünyanın diqqətini cəlb edə bilməyəcək. Çünki həmişə olduğu kimi bu gün də Azərbaycanda xristian dininə mənsub olan insanlara müsbət münasibət var, onların kilsələri, ibadət yerləri fəaliyyət göstərir, onlar dinc, azad şəkildə dini ayinlərini icra edir, ibadətləri ilə məşğul olurlar. Dağlıq Qarabağda gedən müharibə xristan-müsəlman müharibəsi deyil, bunu bütün dünya bilir, bilməyənlər də bilsin. Azərbaycan ordusu bizim öz ərazimizdə əks-hücum əməliyyatları aparır, torpaqlarımızı işğaldan azad edir, işğalçı ölkənin silahlı birləşmələrini, terrorçu qruplarını Azərbaycan ərazisindən çıxarır".