13:46
378
İstanbula yağan leysan yağışlarının səbəb olduğu daşqınlar nəticəsində ümumilikdə 3057-dən çox insan təxliyə edilib.
Xalqcebhesi.az "Hürriyet" qəzetinə istinadən xəbər verir ki, altı nəfər itkin düşüb, daha əvvəl isə şəhərdə daşqınlar səbəbindən üç nəfərin həlak olduğu bildirilmişdi. Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum "Daily Sabah" nəşrinə bildirib ki, leysan və daşqınlar 48 torpaq sürüşməsinə və 53 binanın divarının uçmasına səbəb olub, təbii fəlakətdən 300-ə yaxın şirkət zərər çəkib.
Şəhərin bəzi rayonlarında bir kvadratmetrə 272 mm-dək yağıntı düşüb. Kurum bu yağışları İstanbul üçün son 83 ilin rekordu adlandırıb. Şəhərdə məktəblərdə dərslər iki günlük təxirə salınıb, aeroportun fəaliyyətində fasilələr yaranıb. Sakinlərə imkan daxilində evdə qalmaları, motosiklet və şəxsi avtomobillərdən istifadə etməmələri tövsiyə olunur. Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Koordinasiya Mərkəzi güclü yağışların oktyabrın 17-dək davam edəcəyini proqnozlaşdırır.
Məryəm Quliyeva