İranın nüfuz savaşı Siyasət

İranın nüfuz savaşı

Sədrəddin Soltan: "İran Qarabağ münaqişəsinin həlli prosesində yer almaq marağındadır"

Vəfa Quluzadə: "Nə Rusiya, nə Türkiyə, nə İran, nə də Amerika münaqişəni bizim istədiyimiz formada həll edə bilməz"

İran Prezidenti Həsən Ruhaninin ölkəsinin Ali dini liderindən qonşu ölkələr, xüsusilə Azərbaycanla bağlı xüsusi tapşırıq aldığı bildirilir. Ruhaninin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın yürütdüyü siyasətin eynisini apardığı vurğulanır. Belə ki, İranın regionda qonuşlarla əlaqələri yüksək səviyyədə saxlamaqla, Qərblə mümkün dialoq aparmaq istiqamətdə mühüm addımlar atması diqqət çəkir. Bu istiqamətdə Ruhani Küveyt əmiri Sabah Əl-Əhmədlə tarixi görüş keçirib.
Pakistanın Baş naziri Navaz Şəriflə görüş, Türkiyə ilə qarşılıqlı səfərlər və ən sonda Ruhaninin Bakı səfəri deyilən iddialara sübut kimi göstərilir. Ruhaninin Bakıda Azərbaycanın İran üçün yeganə dəhliz yolu olduğunu qeyd etməsi, Qərblə münasibətlərdə Bakıdan yararlanmaq istəyi də politoloqların diqqətini çəkən məqamlardır.
Rus politoloqları Xamneyinin Ruhanidən bu mövzuda rəsmi Bakı ilə ciddi münasibət qurmasını istədiyi barədə şərh yayıblar. İddialara görə, İraq və Suriyadakı problemlər İranı bölgədə əvvəlki nüfuzunu qaytarmağa məcbur edir.
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib ki, Həsən Ruhaninin Azərbaycana səfəri zamanı imzalanan sənədlərdəki müddəaların reallaşması Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə heç kəsin ağlına gəlməyən şərait yaradır. Politoloq qeyd edib ki, İran-Azərbaycan iqtisadi əməkdaşlığı günün tələbidir: "Bu əməkdaşlığa İranın şimal regionlarının daha çox ehtiyacı var. İranla Azərbaycan arasında iqtisadi əməkdaşlığın əsas nüvəsini hələlik "Araz Azad İqtisadi Zonası"nın fəaliyyətə başlaması təşkil edir. Araz AİZ-in fəaliyyətə başlaması Araz çayının lazımi standartlara cavab verməsini tələb edir. Ona görə İran və Azərbaycan ilk olaraq Araz çayı boyu iki ölkənin sərhədləri məsələsini razılaşdırmalıdırlar. Razılaşmanın əldə olunması üçün Azərbaycan sərhədçiləri Araz çayı boyunca keçən sərhədlərinə sahib çıxmalıdır. İranın bu məsələdə marağı olduğu üçün Azərbaycan sərhədçilərinin Araz çayı boyunca işğal olunmuş ərazilərə keçməsinə şərait yaratmağa məcburdur. Azərbaycan sərhədçilərinin hərbi-texniki təminatı yüksək səviyyədədir. Zərurət yaranacağı təqdirdə Daxili qoşunlar və Müdafiə Nazirliyi də Sərhəd Qoşunlarının müdafiəsinə qalxacaq. Ermənilərin təxribatı yanğın və s. formada olacaqsa Fövqəladə Hallar Nazirliyi də bu prosesə qoşulacaqdır. İranla Azərbaycan arasında su sərhədlərinin möhkəmləndirilməsi barədə də xüsusi müqavilə imzalanıb. Eləcə də iki ölkə prezidentlərinin imzaladığı bəyannamədə Dağlıq Qarabağ münaqişəsinin indiki vəziyyəti qəbul edilmir. Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın dövlət suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü prinsipi əsasında tənzimlənməsi ciddi şəkildə qoyulub".
Mübariz Əhmədoğlunun sözlərinə görə, bəyannamədə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi tezisi də öz əksini tapıb: "İlk dəfədir ki, sənədlərdə yazılmış maddələrin ümumi fonunda "Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi" tezisi sanki münaqişənin real tənzimlənmə mexanizmlərini gizlətmək üçündür. İranla Azərbaycan arasında imzalanan sənədlərin əsas leytmotivi əvvəlcə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi, sonra genişmiqyaslı iqtisadi, enerji və tranzit əməkdaşlıqlardır".
Politoloq hesab edir ki, "İran-Dağlıq Qarabağ münaqişəsi" kontekstində hədsiz diqqətçəkən paralel var: "İranın keçmiş prezidenti Rəfsəncani 1993-cü ilin 8-9 noyabr tarixlərində Bakıya səfərə gəldiyi zaman Zəngilan işğal olundu. İndiki prezident Həsən Ruhani isə Azərbaycana qədəm qoyan kimi azərbaycanlı hərbçi ermənilərin vertolyotunu vurdu. Bu mühüm psixoloji amildir".
Mümbariz Əhmədoğlu qeyd edib ki, İranın prezidenti Həsən Ruhani İran-Azərbaycan münasibətlərində indiki aktiv proseslərin ilkin təşəbbüskarıdır: "Azərbaycan İranla münasibətləri inkişaf etdirməyə həmişə hazır olduğu üçün Ruhaninin münasibətləri inkişaf etdirməklə bağlı təşəbbüsü dərhal Rəsmi Bakı tərəfindən qəbul edildi".
Politoloq vurğulayıb ki, Ruhani və onun komandası əvvəlki prezident Əhmədinecad və onun komandasından bütün parametrlər üzrə yerdən göyə qədər fərqlidir: "Ruhani və onun komandası yüksək mədəni və intellektual səviyyəli komandadır. Lakin İranda prezident əsas səlahiyyət sahibi deyil. Bütün hakimiyyət dini lider Xameneidədir. Ruhaninin Azərbaycanla münasibətləri istiləşdirmək istiqamətindəki addımlarına dindarların münasibəti neqativ idi. Rəsmi Tehran Rəsmi Bakı ilə münasibətləri istiləşdirdikcə dini İran Rəsmi Bakıya qarşı mövqeyini sərtləşdirirdi. Məhərrəmlik başlayan kimi İranın Azərbaycana qarşı işləyən təbliğat maşını Azərbaycan dindarlarını Aşura mərasimini mitinq forması ilə keçirməyə çağırdılar. Azərbaycan hökuməti adından Aşura mitinqlərinə icazə verildiyini bildirdilər. "Səhər" kanalının Azərbaycan hökumətinin səlahiyyətlərini mənimsəməsi təəccüblü deyildi. Çünki İranın təbliğat maşını İslam dininin normalarını təhqir etməkdən xüsusi ləzzət alır və bununla da islami quruluşa özlərinin müxalifətçiliyini nümayiş etdirirlər. İranın Azərbaycanla həmsərhəd ostanlarından birinin imamcüməsi isə mitinqi ən vacib islami ibadət elan etdi: Mitinq namazdan, orucdan, həccdən, hicabdan vacibdir. "Namazınızı qılmayın, orucunuzu tutmayın, həccə getməyin, qadınlar hicab taxmasın - mitinqə çıxsanız bütün günahlarınız bağışlanacaq və cənnətə gedəcəksiniz".
Mübariz Əhmədoğlunun sözlərinə görə, İranın Ali dini lideri İran prezidentinin Azərbaycana səfərinə hazırlıq dövründə özünün mətbuat üzrə səlahiyyətli nümayəndəsi, İran Teleradio Yayımı Təşkilatının sədri .Zərqamini vəzifəsindən uzaqlaşdırdı: " Daha iki məsələ diqqəti çəkir: Birincisi, Zərqaminin rəhbərlik etdiyi teleradio yayımı şirkətinə tabe olan "Səhər" kanalı həm Azərbaycan rəhbərliyi adından Azərbaycan dindarlarını çaşdıran məlumat yaymışdı, həm də imamcümənin islamda ən böyük günah sayılan müşrik bəyanatını da bir neçə dəfə səsləndirilmişdi. İkincisi, Zərqami yaxınlarda Bakıya səfəri zamanı Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə tərəfindən "Səhər" kanalının Azərbaycanda ixtişaş yaratması cəhdlərinə, işğal altındakı şiə abidələrinə diqqət ayırmamasına görə kəskin tənqid edilmişdi. Bəzi rəsmilərimiz də bu tənqidi davam etdirmişdilər".
Politoloq Qabil Hüseynlinin sözlərinə görə, İran tərəfi çalışır ki, rəsmi Bakı da onun kimi viza rejimini aradan qaldırsın və yaxud sadələşdirsin: "Bununla belə, İran Şimal-Cənub dəmir yolu layihəsinin həyata keçirilməsini istəyir. Həmçinin İran ticarət əlaqələrini genişləndirmək və öz ölkəsindən Azərbaycana mal göndərilməsini çoxaltmaq istəyir. İran Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsində vasitəçi olmaq istəyir".
İran üzrə ekspert Sədrəddin Soltan İranın Rusiyanın yanında olduğunu və beləliklə münaqişənin həllində marağının az olduğunu hesab edir. Ekspert İranın da maraqlarını sadalayır: "İranda belə bir tarixi yanaşma var. Bakının başı nə qədər öz daxili probleminə və digər məsələlərlə qarışsa, bir o qədər xeyirlidir. Çünki rəsmi Bakı nə qədər soyuq başla siyasət aparsa da, öz qonşuları ilə problemlərdən qaçsa da, insanlarda Cənubi Azərbaycanın bizə aid olduğu fikri heç vaxt unudulmayıb və bir gün bu baş qaldıracaq. Eyni yanaşma Arazın o tayında da var. Buna görə də İran Ermənistanın zəifləyib Azərbaycandan və Türkiyədən asılı vəziyyətə düşməsində maraqlı deyil. Həmçinin, Tehranın yanaşmasında Moskva ilə paralel addımlar da var".
Sədrəddin Soltan İranın Qarabağ münaqişəsinin həlli prosesində yer almaq marağında olduğunu düşünür. Onun sözlərinə görə, Tehran bununla regionda öz liderliyini tətbiq etmək niyyətindədir: "Amma bunun nə qədər real olacağı sual altındadır. Tehranın münaqişənin kimin xeyrinə həll edilməsindən yana olması artıq ikinci məsələdir. Bütün hallarda isə Ermənistanın ayağını basacağını düşünmürəm. Bunu İrəvanda da bildikləri üçün İranla münasibətlərə xüsusi önəm verilir". Şərhçilərin yanaşması iki ölkə - Türkiyə və İran arasında seçimi ortaya qoyur. Ya Bakını dəstəkləyən Ankara, ya da İrəvanı sevən Tehran. Hələlik bu iki mərkəzin münaqişədə nə qədər yaxın, yaxud uzaq rol alacağı sual altındadır.
Politoloq Vəfa Quluzadə isə bunlardan heç birinə ehtiyac olmadığını deyib. Onun fikrincə, münaqişənin həlli Azərbaycan və Ermənistanın üzərinə qoyulmalı və heç kim qarışmamalıdır: "Bizə şərait yaradılmalıdır. Ermənistanla görüşməli və münaqişəni həll etməliyik. Nə Rusiya, nə Türkiyə, nə İran, nə də Amerika münaqişəni bizim istədiyimiz formada həll edə bilməz. Çünki onların hər birinin öz maraqları var. Azərbaycanın marağı ərazi bütövlüyünün bərpası və sülhdür. Ermənistanın da marağı sülhün olması və regionun iqtisadi layihələrində yer almaqdır". Vəfa Quluzadə bu cür ideyaların Rusiya tərəfindən ortaya atıldığını düşünür. Politoloqun sözlərinə görə, Moskva Minsk qrupunda Amerika və Fransanı əvəzləmək və öz hegemonluğunu qorumaq istəyir: "Ona görə də Rusiya mediası və siyasi şərhçiləri zaman-zaman bu cür fikirləri gündəmə gətirir. Halbuki, hansısa vasitəçinin xeyir verdiyini biz bu illər ərzində görməmişik. Sadəcə, Ermənistan siyasi iradə əldə etməli və Moskvanın təzyiqlərindən qurtulmalıdır. Ondan sonra ermənilər sevə-sevə masa arxasında oturub bizə aid olanları geri qaytaracaq".

Əli