Azərbaycan müqavimət imkanlarını artırmaq məcburiyyətindədir” Siyasət

Azərbaycan müqavimət imkanlarını artırmaq məcburiyyətindədir”

Sahil İskəndərov: "5 milyard dollarlıq müdafiə xərcləri kifayət qədər yetərlidir"

Razi Abbasbəyli: "Son illərdə büdcədən orduya ayrılan vəsaitlərin həcmi yetərli səviyyədədir"

Maliyyə naziri Samir Şərifov 2015-ci ilə dair prezident İlham Əliyev tərəfindən təsdiqlənərək Milli Məclisə göndərilmiş dövlət büdcəsi layihəsində nəzərdə tutulan hərbi xərclərin həcmini açıqlayıb. Nazir gələn il Azərbaycanın hərbi xərclərinin 3 milyard 783 milyon manat olacağını bildirib. Bu, 2014-cü il üçün hərbi xərclərdən rekord səviyyədə - 27,2 faiz artıqdır. "Müdafiə xərcləri dövlət büdcəsinin 2015-ci ildəki xərclərinin 17,9 faizini təşkil edəcək" - deyə nazir bildirib. Onun sözlərinə görə, ölkənin milli təhlükəsizliyinin möhkəmləndirilməsi, silahlı qüvvələrin təchizatının yaxşılaşdırılması, hərbçilərin sosial müdafiəsinin gücləndirilməsi dövlət büdcəsinin prioritet istiqamətləri sırasında qalır. Beləliklə, Azərbaycanın gələn il üçün hərbi xərcləri dollar ekvivalentində təqribən 5 milyard dollar təşkil edəcək ki, bu da hərbi xərclərin növbəti dəfə rekord həcmdə artımı deməkdir.
Azərbaycan onsuz da ötən 11 il ərzində hərbi xərclərini sürətlə artırıb və prezident İlham Əliyevin müəyyən etdiyi hədəfə - Ermənistanın bütün dövlət büdcəsinin həcmini aşıb keçməyə çoxdan çatıb.
Hazırda Ermənistanın dövlət büdcəsinin bütün xərcləri cəmi 3 milyard 73 milyon dollar (2014-cü il üçün) təşkil edir ki, bu da Azərbaycanınn gələn ilki hərbi büdcəsindən təxminən 2 milyard dollar azdır. Ermənistanın hərbi xərcləri isə ümumiyyətlə Azərbaycanın hərbi xərcləri ilə müqayisədə olduqca cüzi görünür - cəmi 472 milyon dollar.
Başqa sözlə, Azərbaycanın gələn il üçün müəyyən etdiyi hərbi xərclər Ermənistanın hərbi xərcləri ilə müqayisədə 10 dəfədən də artıqdır.
Digər mühüm məqam budur ki, dünya bazarlarında neftin qiymətinin kəskin aşağı düşməsi də Azərbaycan dövlətini hərbi xərclərini kəskin artırmaqdan çəkindirməyib. Bu da əraziləri işğal altında olan ölkənin rəhbərliyi üçün silahlı qüvvələrin daha da gücləndirilməsinin əsas prioritet kimi qaldığını göstərir.
Azərbaycan sonuncu dəfə hərbi xərclərdə bu cür kəskin artımı iki il əvvəl edib və həmin il müdafiə xərclərində birdən-birə 30 faizə qədər artım olmuşdu. Həmin il Azərbaycan xaricdən böyük miqdarda güclü silah sistemləri və müasir döyüş texnikası aldı. Ehtimal olunur ki, bu il də hərbi xərclərin belə kəskin artımı yeni müasir döyüş sistemlərinin alınması planları ilə bağlıdır.
Bu baxımdan Azərbaycanın 2015-ci il üçün hərbi xərclərinin məbləğinin açıqlanması Ermənistanda ciddi narahatlıq doğurmaya bilməz.
5 milyard manatlıq müdafiə büdcəsi müdafiə vəziyyətində olan ölkənin müdafiə qabiliyyətinin arttırılması üçün yetərlidirmi?
Onu da əlavə edək ki, deputat Yevda Abramov hökumətə büdcə layihəsinə görə təşəkkür edib: "Biz hərbi büdcəmizi artırmalıyıq, çünki müharibə şəraitindəyik".
Politoloq Tofiq Abbasov hesab edir ki, Azərbaycanın müdafiə problemlərinə ayırdığı maliyyə zərfi tədricən artır və bu onunla bağlıdır ki, ölkə özünün müqavimət imkanlarını artırmaq məcburiyyətindədir: "Ermənistan təcavüzü bitmiyənə qədər büdcənin bu sahəsi daim artıma doğru dəyişəcək və belə yanaşma anlaşılandır.
Dünya bazarında daim yeni-yeni müasir hərbi texnologiyalara köklənmiş silah növləri satılır. Özünün təminatını sözügedən sahədə günün tələbləri səviyyəsində qurmaq istəyən məmləkətlər gərək həmin növləri əldə etsinlər ki, təhlükəsizlik məsələsini təminatlı etsinlər". Politoloq əlavə etdi ki, inkişaf edən ölkə kimi Azərbaycan da bu yolla öz fəal müdafiə konsepsiyasını qurur və buna zərurət var: "Ölkə ordusu son aylar ərzində bir neçə dəfə özünün yüksək qabiliyyətini göstərə bilib. Müasir silah və hərbi avadanlıqlardan layiqincə istifadə etmiş Milli ordunun zabit və əskərləri düşmənə tutarlı zərbələr endirməklə bütün tərəflərə bildirdilər ki, Azərbaycan ərazi bütövlüyünü özü də təmin edə bilər. Artıq işğalçı Ermənistan da öz davranışına korrektələr etməli olub. Nahaq yerə Serj Sərkisyan demir ki, "mən əminəm ki, müharibə başlamayacaq". Azərbaycan ordusu erməni ordusunu bütün göstəricilər baxımından üstəliyir. Bir müddət sonra fərq daha da böyük olacaq. Bu amil strateji baxımdan çox vacibdir...".
Politoloq Sahil İskəndərov vurğuladı ki, dünya bazarlarında hələ ki, Azərbaycan iqtisadiyyyatında mühüm rol oynayan neftin qiymətinin əhəmiyyətli dərəcədə enməsi fonunda gələn büdcədə nəzərdə tutulan 5 milyard dollarlıq müdafiə xərcləri kifayət qədər yetərlidir: "Hətta müharibə vəziyyətində olan ölkə olduğumuz nəzərə alsaq belə. Əgər konkret olaraq, hərbi əməliyyatların qızışa bilməsi kontekstində yanaşsaq, yəqin ki, bu rəqəmin yetərli olmadığını deyə bilərik. Amma, bir məqamı xüsusi olaraq, vurğulamaqla. Tam əminliklə qeyd etmək istəyirəm ki, hərbi əməliyyatların qızışacağı təqdirdə Ermənistanın havadarları təcavüzkara hərbi yardım göstərməklə yanaşı ona külli miqdarda maliyyə vəsaiti də ayıracaqlar. Ötən sərin 90-cı illərində münaqişə bölgəsində gedən əməliyytalar və bu günə qədər də Ermənistanın və Dağlıq Qarabağdakı separatçı rejimin bir sıra dövlətlər tərəfindən hökumət səviyyəsində açıq-aşkar maliyyələşdirilməsi buna əyani sübutdur. Digər diqqətçəkən məqam isə budur ki, həmin dövlətlər və Ermənistanın digər havadarları (bir sıra regional və beynəlxalq təşkilatlar) Azərbyacanın hərbi xərclərini artmasını daim qabardaraq, bizim ölkənin guya militarist siyasət yürütdüyünü iddia edirlər. lakin, Azərbaycanın hərbi xərcləri ilbəil tədricən artırması və adi silahlar üzrə öz üzərinə götürdüyü öhdəliklərə sadiq qalaraq, hərbi xərclərin əksər hissəsini silahların sayının artırılmasına yox, onların daha mükəmməl və müasir növlərinin alınmasına, hərbi qulluqçuların müavinətinin artırılmasına, onların sosial problemlərinin həllinə yönəltməsi bu əsassız iddiaları puça çıxarır". Onun sözlərinə görə, Azərbaycan bununla bir daha sübut etmiş olur ki, onun hərbi xərcləri hücum yox, müdafiə xarakterlidir: "Və bu baxımdan, gələn il üçün nəzərdə tutulan 5 milyard dollar vəsait tam qənaətbəxşdir. Lakin, sözsüz ki, Azərbaycan hökuməti dövlətimizin ərazi bütövlüyünün təmin olunması üçün yalnız və yalnız hərbi yolun qaldığı qənaətinə gələn an hərbi xərclərin bunun üçün tələb olunan səviyyəyə qaldırılacaq. Düşünürəm ki, cəmiyyətimiz bu gerçəkliyə həmişə hazır olmalıdır. Hal-hazırda isə gələn il büdcəsində nəzərdə tutulan müdafiə xərcləri kifayət qədər yetərlidir".
İqtisadçı ekspert Razi Abbasbəyli bildirdi ki, məsələyə kompleks yanaşsaq müsbət cavab verə bilərik: "Söhbət gələn il üçün ayrılan büdcədən getmir. Son illərdə büdcədən orduya ayrılan vəsaitlərin həcmi yetərli səviyyədədir. Son 5 ildə ordu quruculuğu və müdafiə xərcləri üçün ayrılan vəsaitlər 20 milyard dollardan çoxdur. Bu isə Cənubi Qafqaz regionu üçün, Azərbaycanın hərbi öhdəlikləri baxımından kifayət qədər böyük məbləğdir".

Əli