Həmsədrlərun bəyanatına dəyişiklik edildi Siyasət

Həmsədrlərun bəyanatına dəyişiklik edildi

"Neytral ərazi" ifadəsi "nəzarətsiz yer"ifadəsi ilə əvəzləndi

ATƏT-in Minsk Qrupu həmsədrlərinin 19 noyabr tarixli bəyanatına dəyişiklik edilib. ATƏT-in rəsmi saytında Minsk Qrupu həmsədrlərinin bəyanatında bundan əvvəl işlədilmiş və Azərbaycanın etirazına səbəb olmuş "neytral ərazi" ifadəsi "nəzarətsiz yer" ("no mans land") ifadəsi ilə əvəzlənib.
Xatırladaq ki, həmsədrlər Ermənistan hərbi helikopterinin vurulduğu zonanı (Ağdam rayonu ərazisində) "neytral ərazi" adlandırmış və tərəfləri ərazinin minalardan təmizlənməsinə çağırmışdılar.
Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi bəyanata kəskin reaksiya vermişdi.
Prezidenti Administrasiyası (PA) rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov isə bəyan etmişdi ki, həmsədrlər bütün məsələləri əla bilirlər: "Lakin, qeyd etdiyim kimi, onlar beynəlxalq hüququ arxivə ataraq Ermənistanın mövqeyindən çıxış edirlər. Özü də bu birinci dəfə deyil. Necə yəni vertolyot "neytral ərazidə`` düşüb? Təəssüf ki, həmsədrlər bunları bilə-bilə edirlər. Amma onu da bilməlidirlər ki, beynəlxalq aləmdə bu gün hökm sürən gərginlik belə məsuliyyətsiz bəyanatların nəticəsində yaranıb. Münaqişənin sülh yolu ilə, danışıqlar vasitəsi ilə beynəlxalq hüququn normalarına uyğun, ədalətli həlli üçün bütün beynəlxalq birlik və tarix qarşısında məsuliyyət də, öhdəlik də həmsədrlərin üzərindədir. Onlar turist deyillər".