Paşinyan ermənilərin iradəsini Qərbdəki himayədarlarının və lobbinin dəstəyi ilə əzir Siyasət

Paşinyan ermənilərin iradəsini Qərbdəki himayədarlarının və lobbinin dəstəyi ilə əzir

Bu gün Ermənistanda gedən daxili siyasi proseslər Paşinyan rejiminin mahiyyətini və rəsmi Qərb dairələrinin qeyri - səmimi himayədarlıq siyasətini aydın şəkildə bir daha ortaya qoyur.

Bunu açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

O bildirib ki, bəzi Qərb dövlətləri son iki ildə bu hakimiyyəti hər nə qədər xalq iradəsinin daşıyıcısı kimi qəbul etməyə çalışsalar da, baş verən hadisələr bunun tam əksini sübut edir: "Ermənistandakı siyasi repressiyalar düz iki il müddətində Paşinyan rejiminin demokratiyanı və insan haqlarını imitasiya etmək siyasətinin məntiqi davamıdır. Qarabağ müharibəsində ağır məğlubiyyət və Paşinyanın siyasətinin ictimai-siyasi etimaddan tam düşməsi Ermənistanın daxilində sürətlə gərginləşən vəziyyətin əsl səbəbidir. Paşinyan iki il əvvəl demokratik mübarizə üsullarını imitasiya edərək hakimiyyətə gəlsə də, bu gün hakimiyyəti qorumaq üçün açıq repressiv üsullarla hərəkət etməyə məhkumdur. Paşinyan öz hakimiyyətini uzatmaq və narazı kütlənin siyasi müxalifətlə birləşməsinin qarşısını qeyri-siyasi və zorakı üsullarla almağa çalışır.

Fəal ictimai -siyasi xadimlərin həbsi və təqib olunması, polis zorakılığı Ermənistanda rejimin əsas davranış üsuluna çevrilib. Nəinki hakimiyyətin ali rəhbərlərini, hətta orta məmurları belə tənqid edən media, sosial şəbəkə aktivlərinə qarşı təsirli cəza və cərimə sanksiyaları tətbiq edilir. Hələ 2018 -ci ildə hakimiyyətə gəldiyi ilk aylarda Paşinyan rejiminin həbsxanada öldürdüyü müxalif fəalın taleyinə Qərb dairələrindən laqeyd münasibət Paşinyanı yeni antidemokratik cinayətlərə və təcavüzkar müharibəyə həvəsləndirdi. Təəssüf ki, Qərbin demokratik iddiada olan qurumları Ermənistan hakimiyyətinin Gəncədə, Bərdədə və başqa Azərbaycan məntəqələrində törətdikləri bəşəri cinayətlərə sükutla yanaşdıqları kimi, rejimin müharibədən sonra daxildə öz xalqına və azad mediaya qarşı antidrmokratik hərəkətlərinə də dözümlü yanaşır".

Baş redaktor bildirib ki, müharibə həqiqətlərini obyektiv çatdırmaq istəyən jurnalist Oleq Kasinin Paşinyan diktaturası tərəfindən faktiki deportasiya edilməsinə Qərbdən heç bir reaksiyanın olmaması xeyli düşündürücüdür: "Ermənistandakı siyasi repressiya və zorakılıqların az bir hissəsi Azərbaycanda baş versəydi, gurultulu hay-küyçü bəyanatların üst-üstə yığışacağına artıq obyektiv dairələrin heç biri şübhə etmir. Ermənistanda Paşinyan rejiminin repressiyalarına dözümlü yanaşan Qərb dairələri onun müharibə cinayətləri və antidemokratik cinayətlərinin ortaqları kimi məsuliyyət daşıyırlar.
Bu gün Paşinyan erməni cəmiyyətinin iradəsini məhz Qərbdəki himayədarlarının və lobbinin dəstəyi ilə əzir".

Ekspert deyib ki, ölkəsinin ərazi bütövlüyünü bərpa etmək üçün bütün resurslarını səfərbər edən Azərbaycan prezidentinə qarşı bəzi Qərb dairələrinin qaralama, təzyiq kampaniyaları başa düşülmədiyi kimi onların repressiv Paşinyan rejiminə aşkar himayəçiliyi də başa düşülmür və çox əsaslı suallar doğurur: "Son ayda Prezident İlham Əliyevə xüsusi qərəz tonunda suallar verən bəzi beynəlxalq media təmsilçiləri Paşinyanın aşkar cinayətlərini sakit seyr edəndə əslində özlərini ifşa edirlər".