Prezident İlham Əliyev: İtaliya ilə Azərbaycan arasındakı əlaqələr çox sürətlə inkişaf edir Siyasət

Prezident İlham Əliyev: İtaliya ilə Azərbaycan arasındakı əlaqələr çox sürətlə inkişaf edir

İtaliya ilə Azərbaycan arasındakı əlaqələr çox sürətlə inkişaf edir və bu gün ən yüksək səviyyədədir.

Bunu Prezident İlham Əliyev İtaliya Deputatlar Palatasının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Dövlət başçısı bildirib:

"İtaliya ilə Azərbaycan arasındakı əlaqələr çox sürətlə inkişaf edir və bu gün ən yüksək səviyyədədir. Hesab edirəm ki, siyasi əlaqələr ən yüksək səviyyədədir. Mənim bu ilin əvvəlində İtaliyaya etdiyim dövlət səfəri bunun bariz nümunəsidir. Səfər zamanı bir çox önəmli sənədlər imzalanmışdır. Onların arasında Çoxölçülü Strateji Tərəfdaşlıq haqqında sənəd xüsusi yer tutur. Bu sənəd bizim strateji tərəfdaşlığımızı bir daha təsdiqlədi. Səfər zamanı həm Prezident, həm Baş nazirlə görüşlərim əsnasında bir çox önəmli məsələlər müzakirə olundu. Eyni zamanda, Senatın və Nümayəndələr Palatasının rəhbərləri ilə mənim görüşlərim də çox gözəl keçdi.

Bildiyiniz kimi, iki il bundan əvvəl İtaliya Prezidenti cənab Mattarella Azərbaycanda rəsmi səfərdə idi. Bu səfərlər ikitərəfli əlaqələrimizin çox möhkəm zəmində olmasını göstərir. Bu gün İtaliya-Azərbaycan əlaqələri həm siyasi, həm iqtisadi, həm bütün başqa sahələrdə çox uğurla inkişaf edir. Siz də bilirsiniz ki, İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır. Keçən il ticarət dövriyyəmiz 6 milyard dollara çatmışdır. Bunun böyük hissəsi enerji resurslarına aiddir. Amma mən hesab edirəm ki, gələcək illərdə qeyri-neft sektoru da bizim aramızda xüsusi çəkiyə malik olacaq. Energetika sektoruna gəldikdə, bildiyiniz kimi, yaxın gələcəkdə TAP layihəsi istismara veriləcək və şübhəsiz ki, bu, İtaliya-Azərbaycan əlaqələrini daha da möhkəmləndirəcək".